Məhkəmə qərarları › İş №2(010)-2673/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2673/2025

24.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2673/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair bəndinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair bəndinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00948 saylı barışıq sazişinin üçüncü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ona qarşı nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və uşaqla ünsiyyət tələb ilə Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00948 saylı barışıq sazişi bağlanılmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi razılaşdırılmışdır: 1. Tərəflər saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. 2. Birinci tərəf övladları xx.xx.2022-ci il doğum tarixli X2 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir. 3. Birinci tərəf ikinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 6-na qədər, hər ay 250 (iki yüz əlli) manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıbazaldılması üçün məhdudiyyət yaratmır. 4. İkinci tərəf birinci tərəfə yuxarıda qeyd edilən övladı ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına, gecə qalmaq istisna olmaqla) şərait yaradacaq. Barışıq sazişinin 3-cü bəndi icra olunmur. Maraqlı şəxs tərəfindən xx.xx.2024cü il tarixli, MŞB/11/2024-00948 saylı barışıq sazişinin 3-cü bəndində göstərilən və öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmir və bundan boyun qaçırmağa çalışır. O, himayəsində olan azyaşlı övladına görə işləyə bilmir. Tək gəliri cavabdeh tərəfindən ödəniləcək aliment puludur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizədə qeyd edilənləri qəbul edərək bildirdi ki, barışıq sazişi ilə ödənilməsi razılaşdırılmış aliment məbləğində gecikmələr baş verməsinin səbəbi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin müflisləşməsi olmuşdur. Belə ki, çalışdığı müəssisənin müflis elan edilməsi nəticəsində əmək haqqının alınmasında gecikmələr yaranmış, nəticədə həm aliment məbləğinin ödənilməsində, həm də digər ödənişlərinin, məsələn kredit ödənişlərinin qaytarılmasında müəyyən problemlər ortaya çıxmışdır. O, həmçinin müharibə veteranıdır və müalicəsi ilə bağlı əlavə xərcləri də vardır. Artıq 2 gündür ki, yeni iş yeri tapmış və əmək müqaviləsi bağlamışdır. Lakin, əmək müqaviləsinin şərtlərinə əsasən, ona aylıq əmək haqqı hər ayın 10-dək ödəniləcəkdir. Sadəcə bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Odur ki, ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materialları Maraqlı şəxs (birinci tərəf) və Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00948 nömrəli barışıq sazişinin şərtləri aşağıdakılardır: “1. Tərəflər saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.

2. Birinci tərəf (Maraqlı şəxs) övladları xx.xx.2022-ci il doğum tarixli X2 ikinci tərəfin (Ərizəçi) himayəsində qalmasına etiraz etmir.

3. Birinci tərəf (Maraqlı şəxs) ikinci tərəfə (Ərizəçi) xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övlad(lar)ı yetkinlik yaşına çatanadək, hər ayın 06-na qədər, hər ay 250 (iki yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.

4. İkinci tərəf (Ərizəçi) birinci tərəfə (Maraqlı şəxs) yuxarıda qeyd edilən övladı ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına, gecə qalmaq istisna olmaqla) şərait yaradacaq”. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 828991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 513757 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs və Ərizəçi nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 151 nömrə ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 06-dək müəyyənləşdirilmişdir. Hazırda ərizəçi barışıq sazişinin alimentin ödənilməsinə dair bəndinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Həmin barışıq sazişi ilə tərəflər bir sıra məsələlərlə yanaşı, yetkinlik yaşına çatmayan uşaqları üçün alimentin məbləği və ödənilməsi qaydasını də razılaşmışlar. Belə ki, sazişin 3-cü bəndi ilə Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 06-dək X3 hər ay 250 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişi ilə razılaşdırılmış aliment məbləğinin ödənilməsi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmiş, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən bir neçə ay ödənişlər edilsə də, növbəti ayların nəzərdə tutulan aliment ödənişində müəyyən gecikmələr yaranmış və razılaşdırılmış qaydada aliment məbləği ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin müvafiq bəndinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndi məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00948 nömrəli barışıq sazişinin alimentə dair hissəsi (3-cü bəndi) təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00948 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “...3. Birinci tərəf (Maraqlı şəxs) ikinci tərəfə (Ərizəçi) xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övlad(lar)ı (xx.xx.2022-ci il təvəllüdlü X5) yetkinlik yaşına çatanadək, hər ayın 06-na qədər, hər ay 250 (iki yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır...” Qətnamə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar