Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2847/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X14 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Şrinbalayeviçin, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddiaçının tələbi.
1. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydə alınmış (bağlanması haqqında akt qeydləri kitabında 1296 №-li qeyd) iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması; Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evinin üzərində iddiaçının 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan iki uşaq anadan olmuşdur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-1956/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və əmlak üzrə payların müəyyən edilməsi” barəsində iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil Şrinbalayeviç iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək izahatında qeyd etdi ki, cavabdeh qeyd edir ki, anasının adına olan mənzil satılmış və həmin mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin adına olan ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə alınmışdır. Cavabdehin anasının adına olan mənzilin sahəsi 29 kv.metr, cavabdehin adına olan evin sahəsi 143.9 kv.metrdir və üstəlik torpaq sahəsi ilə birlikdə alınmışdır. Necə ola bilər ki, 29 kv.metr sahəsi olan mənzil və 143.9 kv.metr sahəsi olan ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə eyni qiymətə olsun, həmçinin anasının adına olan evin satılması və cavabdehin adına olan evin alınması prosesi eyni gündə olsun. Deməli, bu əvvəlcədən düşünülmüş addım olub, yəni cavabdeh bilərəkdən öz adına aldığı evin qiymətini az göstərmişdir. İddiaçı isə qeyd edir ki, cavabdeh ev alınan zaman evin qiymətini 80000-85000 manat aralıqda olduğunu ona, yəni iddiaçıya bildirmişdir. Ekspert rəyində isə 67000 məbləğ müəyyən edilmişdir. Həmçinin cavabdeh qeyd edir ki, iddiaçı mübahisəli evin təmirinə heç bir məbləğdə kömək etməmiş, vəsait sərf etməmişdir. Bu isə absurddur, çünki qanunvericilikdə də qeyd olunur ki, birgə nikah dövründə əmlak əldə olunubsa paylar bərabərdir, baxmayaraq ki tərəflərdən biri əmlaka dair vəsait sərf etməyib. İddiaçı və cavabdeh 10 il evli olmuşlar, bu isə o deməkdir ki, iddiaçının həmin evdə haqqı var. Həmçinin cavabdeh qeyd edir ki, həmin evin bazar qiymətindən anasının vəsaiti hesabına alınmış hissə, yəni 39150 manat vəsait çıxıldıqdan sonra qalan məbləğ o və iddiaçı arasında bölünməlidir. Cavabdeh bu barədə iddiaçıya da bildirmiş və ona 10000 manat məbləğində pul vəsaiti təklif etmişdir, bu isə qəbuledilməzdir. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdehin ona hər zaman verdiyi yalan vədlərə artıq inanmaması olmuşdur. Ümumiyyətlə isə, mübahisəli ev birgə nikah dövründə alınmışdır və iddiaçının ½ hissədə payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli ev birgə nikah dövründə - 2013-cü ildə alınmış olsa da, o və iddiaçının vəsaiti hesabına alınmamış, anasının vəsaiti hesabına, daha doğrusu, anasının adına olan evin satılması nəticəsində alınmışdır. Həmin dövrdə - 2013-cü ildə onun aylıq gəliri az olmuşdur və həmin aylıq gəlir hesabına həmin evi ala bilməzdi, həmçinin o daimi olaraq kredit ödənişləri ödəmişdir. İddiaçı da həmin evin alınmasına və təmirinə heç bir vəsait sərf etməmişdir. 2013-cü il tarixdə həmin ev müqavilədə də göründüyü kimi 39150 manata alınmışdır. Həmin dövrdə həyət evinin qiyməti ucuz idi. Lakin ekspert rəyindən görünür ki evin qiyməti 67000 manatdır və o bu ekspert rəyi ilə də razı deyil. Əgər mübahisəli ev üzrə paylar bölünəcəksə, anasının vəsaiti hesabına, yəni 39150 manat 67000 manatdan çıxılmalı, qalan məbləğ ona və iddiaçıya münasibətdə bərabər bölünməlidir. Ümumiyyətlə isə, o əvvəl iddiaçıya gəlib həmin evdə yaşamasını bildirsə də, iddiaçı buna razı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
İş materialları.
6. AZ-İ seriyalı 791095 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar.
7. AZ-İİİ seriyalı 183859 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur.
8. AZ-İİİ seriyalı 906085 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur.
9. AN-İ ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, yaşayış sahəsi 65.9-kv.m, yardımçı sahəsi 78-kv.m, ümumi sahəsi 143.9 kv.m, tikilialtı sahə 3.2 kv.m olan 4 otaqlı Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evi və 0,0198 ha torpaq sahəsi “satıcı” X5 tərəfindən “alıcı” Cavabdeh 39150 manata satılmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evi və 0.0198 kv.metr sahəsi olan torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evi Bakı şəhəri 18 saylı DNK-nın 4Ə-03-730 reyestr nömrəli xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
12. Bakı şəhəri X13 İcra Komitəsi tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 117073 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,01 kv.metr olan iki otaqlı 51 nömrəli mənzildə yaşayan Lubov Mirzoyana və onunla birgə yaşayan bir şəxsə Məmmədova.T.A. ilə dəyişdirmə əsasında Bezmeyk şəhəri, Mir küçəsi, ev 6 ünvanında yerləşən sahəsi 32,0 kv.metr olan iki otaqlı 12 nömrəli mənzilə köçürülmə hüququ verilmişdir.
13. Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən 64239 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, S.Ə.Şirvani küçəsi, 2a nömrəli yaşayış evi, 51 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 398 nömrəli reyestr kitabının 57444-cü səhifəsində xx.xx.1995-ci il tarixdə 30/57444 nömrə ilə qeydiyyat aparılmışdır.
14. AN-İ ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, 2 otaqlı, yaşayış sahəsi 29.01 kv.m olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2a, 51 saylı mənzil “satıcı” X2 tərəfindən “alıcı” X7 39150 manata satılmışdır.
15. xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ-dən verilmiş xx.xx.1995-ci il tarixli, 30/57444 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2a, mənzil 51-də yerləşən mənzilə sərəncam verməyi, kommunal xərclərin ödənilməsi barədə arayışlar (su, qaz, işıq idarəsindən) almağı, DƏDRXİ-dən 1 saylı Formada arayış, MKİSdən 2 saylı Formada arayış aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, Bank əməliyyatlarını aparmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri yerinə yetirməyi X9 etibar etmişdir. Etibarnamə 2 il müddətinə verilmiş və xx.xx.2015-ci ilə qədər etibarlıdır.
16. İddiaçının vəkilinin vəsatəti əsasında işə qiymətləndirici cəlb edilmiş, "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli UNİ/İ 08-242/23 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0,0198 ha=2 sot olduğundan, xx.xx.2023-cü il tarixinə orta bazar dəyəri 2,0 sot x 9800,0 manat=19600,0 (on doqquz min altı yüz) manat təşkil edir. ünvan 2 ünvanında 0,0198 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,9 kv.m olan fərdi evin xx.xx.2023-cü il tarixinə 1kv.metri üçün bazar dəyəri: 310,30+246,46+186,25=743,01 manat təşkil etmişdir. Fərdi evin ümumi sahəsi 143,9 kv.m olduğundan 143,9 kv.m x 743,01 manat=106932,09 manat , yuvarlaq olaraq 107000,0 (yüz yeddi min) manat təşkil edir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 65.9-kv.m, yardımçı sahəsi 78-kv.m, ümumi sahəsi 143.9 kv.m, tikilialtı sahə 3.2 kv.m olan 4 otaqlı yaşayış evinin 2013-cü ildə orta bazar dəyəri 67000,0 (altmış yeddi min) manat təşkil edir.
17. Həmin rəydən həmçinin görünür ki, xidmət haqqı MMC-nin tarif cədvəlinə müvafiq olaraq 300 manat təşkil edir.
18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1956/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1296 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması qət edilmişdir.
İşin faktiki halları.
19. İddia ərizəsində qeyd edilən əmlakın tərəflərin birgə nikahda olduğu müddətdə əldə edilməsi və cavabdehin adına rəsmilləşdirilməsi işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikası Konstitusiyası.
Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölürkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Məhkəmənin mövqeyi.
23. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
24. İşin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahların iki övladları anadan olmuş, nikahları xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları zaman - 2013-cü ildə Cavabdeh adına əldə edilmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
26. Məhkəmə qeyd edir ki, ailə və mülki qanunvericilikdə qəbul olunmuş ümumi prezumpsiyaya görə nikah dövründə əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyi təsbit edilmişdir.
27. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş sözügedən fərdi yaşayış evində payının müəyyən edilməsini iddia edir.
28. Mübahisəli fərdi yaşayış evinin iş üzrə tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2013-cü il tarixdə alınması və Cavabdeh adına rəsmilləşdirilməsi işin mübahisəsiz hallarıdır.
29. İddiaçı iddia edir ki, həmin mənzil cavabdehlə onun birgə nikahı dövründə əldə olunmuş əmlak hesab olunduğuna görə onun əmlaka dair ½ payı müəyyən edilməlidir.
30. İddiaya etiraz edən cavabdeh isə bildirir ki, mübahisəli mənzilin alınması iddiaçı ilə onun birgə nikahı dövrünə təsadüf etsə də, bu əmlak sonuncu ilə onun birgə əmlakı hesab edilə bilməz. Çünki, həmin mənzil onun anasına məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına əldə olunub. Bununla bağlı eyni tarixdə bağlanmış alqı-satqı müqavilələrini təqdim etmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Cavabdeh mübahisəli evin məhz anasına məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmasını təsdiq etməlidir. Cavabdeh isə, bu halı təsdiq edəcək əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin qeyd etdiyi anasına məxsus mənzilin satışından əldə edilmiş vəsaitin başqa məqsədlər üçün də xərclənməsi mümkündür və bu halın mümkünlüyü təkzib olunmur.
33. Həmçinin, cavabdeh evin alınması üçün iddiaçının işləməmisini, heç bir gəlir əldə etməməsini əsas gətirərək iddia tələbini qəbul etməsə də, məhkəmə qeyd edir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Odur ki, iddiaçının işləməməsi mübahisəli mənzil üzərində onun hüququnun olmadığı anlamına gəlmir.
34. Məhkəmə sadalanan hallara və hüquq normalarına əsasən hesab edir ki, iddiaçı hazırda cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlaka dair payının müəyyən edilməsini tələb etdiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, qeyd edilən əmlak tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak hesab edilməli və həmin əmlaka iddiaçının ½ hissədə payı müəyyən edilməlidir.
35. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
Məhkəmə xərcləri.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia təmin edildiyi üçün iş üzrə aparılmış qiymətləndirmə hesabatının dəyəri olan 300 manat məbləğində xərc tərəflərə aid edilməli və onlardan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
39. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş materialları nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 8-ci döngə, 8 saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə payı müəyyən edilsin. Aparılmış qiymətləndirmə hesabatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.