Məhkəmə qərarları › İş №2(010)-2903/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2903/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2903/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və evə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X4 uşaqları ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, onları isə İddiaçı2 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcmini azaltmağı barədə ərizə verərək, İddiaçı1 və həyat yoldaşı İddiaçı2 il birlikdə evə köcürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1 380 kv/m həyətyanı torpaq sahəsini 09 iyun 2004-cü ildə həmin qəsəbə sakini X2 şahidlərin iştirakı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satın aldıqdan sonra həmin sahədə fərdi yaşayış evini inşa etdirib. Həyətyanı torpaq sahəsinin alqı-satqısına dair müvafiq akt tərtib edilmiş və həmin akt Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi Nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində həyat yoldaşı İddiaçı2 və övladımız Elşad Quliyevlə birlikdə yaşamışıq. 2007-ci ildə oğlu Elşad Quliyev Cavabdeh ilə ailə qurduqdan sonra, bir müddət həmin ünvanda yerləşən yaşayış evində qalsalarda da, sonralar həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq digər övladlarının yanına köçmək məcburiyyətində olublar, həmin evi isə oğlu Elşad Quliyevin və onun ailəsinin istifadəsinə vermişlər və birgə yaşadıqları dövrdə onların üç uşaqları doğulmuşdur. Ötən müddət ərzində hazırda mübahisələndirdiyi evin məişət xarekterli, o cümlədən qazdan və işiqdan istifadə ilə əlaqıdar bütün xərclər tərəfimizdən ödənilmişdir. Artıq bir ilə yaxındır ki, oğlu Elşad Quliyevlə onun həyat yoldaşı Cavabdeh arasında ailə-məişət münasibətləri zəminində münaqişə yaranmışdır və bu səbəbdən də 2022-ci ilin dekabr ayından Cavabdeh həyat yoldaşından xəbərsiz olaraq uşaqları ilə birgə evdən çıxıb getmiş, həmçinin evdə olan 2 320 manat məbləğində pulu və qızıl əşyaları da özü ilə aparmışdır. Hansı ki, Elşad Quliyev bu barədə Hövsan qəsəbəsində yerləşən Polis Şöbəsinə müraciət etmiş və onin ərizəsi əsasında araşdırma aparılmışdır. Həmin hadisədən bir müddət sonra Cavabdeh uşaqları ilə birlikdə atası Zülfəli Quliyevin vasitəsilə əvvəllər yaşadığı iddiaçılara məxsus olan yuxarıda qeyd etdiyi ünvanda yerləşən evə qayıtmış və həmin vaxtı küçə qapısında və evin giriş qapısında olan açar-qıfılılları dəyişdirməklə, bu günə kimi iddiaçıların oğluna həmin evdə yaşamasına maneçilik göstərir. Eyni zamanda Cavabdeh həyat yoldaşından ayrılmaq barədə ərizə ilə halhazırda Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də, hesab edir ki, cavabdeh X7 uşaqları ilə birlikdə iddiçılara məxsus olan Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən evdən çıxarılmaları, iddiaçıları isə həyat yoldaşı ilə birlikdə öz evininə köçürülməyi barədə, sonra isə məhkəməyə iddia tələbinin həcmini azaltmağı barədə ərizə verərək, yalnız İddiaçı1 və həyat yoldaşı İddiaçı2 il birlikdə sözügedən evə köcürülməyi haqqınada qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələlərini müdafiə etdiklərini, tələblə eyni məzmunda çıxış edib iddianın təmin edilməsini xahiş etdilər. İddiaçıların nümayəndəsi və vəkili X5 da iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etdiklərini, iddianın təmin oluması barədə qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirdi. İş materialları. Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli aktda qeyd olunur ki, X8 ona məxsus Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380m2 həyətyanı sahəsini Hövsan qəsəbə sakini İddiaçı1 4000 ABŞ dollarına satıb. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2- 2-28/2023 nömrəli məktubdan görünür ki, ərizəçinin İddiaçı1 ərizəsinə baxılmış, sözügedən ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə İddiaçı1 satıldığı və həyətyanı sahənin onun istifadəsində olduğunu bildirilmişdir. 5108017 saylı xx.xx.2016-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında aktdan görünür ki, Hövsan qəsəbəsi Parnik küçəsi ünvanında qaz sayğacı İddiaçı2 təhvil verilmişdir. 6779804 saylı xx.xx.2022-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında aktdan görünür ki, Hövsan qəsəbəsi Bağça küçəsi ünvanında qaz sayğaçı İddiaçı2 təhvil verilmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 12-4142 saylı müqavilədən görünür ki, İddiaçı2 istehlakçı olaraq, həmin bu müqaviləni Hövsan Bağça küçəsi ünvanda yerləşdiyi sahəni qaz ilə təmin edilməsi məqsədi ilə bağlamışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 0******* saylı müqavilədən görünür ki, İddiaçı2 istehlakçı olaraq, həmin bu müqaviləni Hövsan Bağça küçəsi ünvanda yerləşdiyi sahəni qaz ilə təmin edilməsi məqsədi ilə bağlamışdır. xx.xx.2023-cü il tarixində iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şahidlərin dindirilməsi barədə vəsatət vermişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2- 2-42/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2007-ci il tarixdən vətəndaş Quliyeva X6 rayonu. Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi (əvvəlki Parnik küçəsi) nömrəsiz ev ünvanında yaşayır. **********076 ərizədən görünür ki, ünvan 2 ünvanında qeydiyatda olan X3 (FİN 40WTFQO) və ünvan 3 ünvanında qeydiyytda olan X9 ( FİN: 4W2DUDD) tərəfindən bildirilir ki, X10 2007-ci il tarixdən bügünə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Parnik küçəsi 3 saylı evdə hal-hazırda faktki yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №- li arayışdan görünür ki, X10 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X17 küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı “…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir...” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçılarının keçmiş gəlinidir. Mübahisəli ev yerləşdiyi torpaq sahəsi aktla İddiaçı1 pul müqabilində verilmişdir, lakin həmin torpaq sahəsinə dair notarial qaydasında təsdiqlənmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmamış və daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmişdir. Özbaşına tikilinin dəqiq kimin tərəfindən inşa edilməsi iş materialları ilə müəyyən olunmur. Lakin, torpaq İddiaçı1 2004-cü ildə verildiyindən, cavabdeh isə ora 2007-ci ildə köçdüyündən, elə nəticəyə gəlinir ki, həmin torpaq sahəsində 2007-ci il üçün artıq tikili var idi. Həmin ünvanda qaz sayğacı İddiaçı2 adına 2016-cı ildə rəsmiləşdirilmişdir. İddiaçılar həmin evdə müəyyən müddət yaşasalar da, son zamanda orda yaşamırlar. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Həmçinin, məhkəmə iclasında tərəflər razılığa gəldiyindən, yəni iddiaçılar yalnız evə köçürülməsini tələb etmiş, cavabdeh isə bunu ilə razılaşmışdır, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Bu səbəbdən xx.xx.2023cü il tarixində Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şahidlərin dindirilməsi barədə vermiş vəsatətdən imtina etmiş, şahidləri dəvət etməmiş və bununla da, şahidlər dindirilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində (indiki M.Ş.Vazeh küçəsi) yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində (indiki M.Ş.Vazeh küçəsi) yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar