Məhkəmə qərarları › İş №2(010)-2933/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2933/2020

22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2933/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2, 3-cü şəxs Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X8 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Bank VTB (Azərbaycan) ASC-nə qarşı mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Bank VTB (Azərbaycan) ASC-nə qarşı mülkiyyət hüququnun tanınması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edə-rək, pulu onun tərəfindən ödənilməklə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh sahibliyinə keçirilən KİA markalı, mühərrik G4FADS581417, ban: KNADN 412BE6308914, buraxılış ili: 2013, rəng: Tünd qəhvəyi (metal) olan minik avtomobili üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlarki, o, Bank VTB (Azərbaycan) ASC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış 119023-19713 nömrəli Kredit müqaviləsi əsasında KİA markalı, mühərrik G4FADS 581417, ban:KNADN 412BE6308914, buraxılış ili: 2013, rəng: Tünd qəhvəyi (metal) olan minik avtomobili götürmüşdür. İpoteka predmeti olan avtomobilə görə bank tərəfindən ödənilmiş 15841 (on beş min səkkiz yüz qırx bir dollar 00 sent) məbləğində krediti 60 ay müddətində banka qaytarmağı və həmçinin həmin kredit üzrə illik 18% məbləğində pulu Banka ödənilməsi öhdəliyi götürülmüşdür. Bunlar Bankla bağlanan müqavilə şərtlərindən irəli gələn öhdəliklər idi. Bankla olan razılaşmalara imza atılması onun tərəfindən deyil, qohumu Cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmin zaman Elçinin Bakı şəhərinə daimi qeydiyyatı var idi, onun qeydiyyatı isə rayona idi. Bütün sənədləşmələr hamısı cavabdehin adına rəsmiləşdirilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi də cavabdehin adına rəsmiləşdirilmiş və Elçin avtomobilin sahibi kimi qeyd edilmişdir. Bütün proseslər qurtardıqdan sonra Elçin ona xx xxxxxx 2013-cü il tarixdə 2 il altı ay 14 gün müddətinə, yəni xx.xx.2016-cı il tarixədək ƏN-11 №892107 saylı Etibarnamə vermişdir. Bank tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən ya özü tərəfdən, ya da qohumu X1 tərəfindən Banka ödənişlər edilməyə başlamışdır. Müxtəlif vaxtlarda atası X4 tərəfindən də ödənişlər edilmişdir. Onun bu işindən halı olan hər kəs bilir ki, bu avtomobili o, öz pulu ilə almış, sadəcə olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Bu işlə əlaqədar vicdanlı və cavabdehin hərəkətlərinə görə hələ də çaşıb qalan şahidləri vardır. Çaşqınlığı yaradan cavabdehin bu hərəkətidir ki, o illərlə əziyyət çəkib qazandığı pullarla aldığı avtomobilin onun adına rəmiləşdirilməsinə razı olmayaraq Dövlət Yol polisinə müraciət edərək avtomobiliniəlindən alınmasına nail olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, pulu onun tərəfindən ödənilməklə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh sahibliyinə keçirilən KİA markalı, mühərrik G4FADS581417, ban: KNADN 412BE6308914, buraxılış ili: 2013, rəng: Tünd qəhvəyi (metal) olan minik avtomobili üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, KİA RİO markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşını öz almış, bunun üçün onun maddi vəsaiti kifayət etmədiyinə görə o, Bank VTB (Azərbaycan) ASC-də kreditə pul götürmüşdür. Həmin avtomaşın onun özü tərəfindən özünün idarə edilməsi üçün alınsa da, sonradan İddiaçı ilə şifahi razılığa gəlmişdir ki, avtomaşını ona satacaqdır, bu şərtlə ki, kredit müqaviləsi üzrə borcunu Raqil özü ödəyəcəkdir. Lakin iddiaçı bu sözlərinə əməl etməmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Bunun nəticəsi olaraq Bank VTB (Azərbaycan) ASC onu məhkəməyə vermiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə həmin iddia təmin olunaraq ondan bankın xeyrinə 13327,95 manat pulun tutulması və tutmanın mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş “Kia Rio” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilinə yənəldilməsi qət edilmişdir. Beləliklə də, o, İddiaçı hərəkətləri nəticəsində maddi itkiləri ilə üzləşmişdir. İddiaçı yuxarıda qeyd olunan borcu onun əvəzinə ödədiyi halda o, avtomobilin İddiaçı adına keçirilməsinə etiraz etmir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək izahatında bildirdi ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 119023-19713 nömrəli “Avtomobil krediti müqaviləsi”əsasında KİA markalı, mühərrik G4FADS 581417, ban:KNADN 412BE6308914, buraxılış ili: 2013, rəng: Tünd qəhvəyi (metal) olan minik avtomobilinin alınması məqsədilə sonuncuya 15841 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə həmin iddia təmin olunaraq ondan bankın xeyrinə 13327,95 manat pulun tutulması və tutmanın mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş “Kia Rio” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilinə yənəldilməsi qət edilmişdir. Beləliklə də, qeyd olunan avtonəqliyyat vasitəsinin İpoteka predmeti olaraq bankın xeyrinə yüklü olmasını nəzərə alaraq ipoteka saxlayanan (bankın) razılığı olmadan həmin avtomobil barəsində hər hansı əqdin, xüsusilə də şifahi qaydada bağlanması istisna olunur. Odur ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, işin materialları, tərəflərin izahzatları və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-2016 saylı qətnaməsi ilə hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 119023-19713 nömrəli “Avtomobil krediti müqaviləsi”əsasında KİA markalı, mühərrik G4FADS 581417, ban:KNADN 412BE6308914, buraxılış ili: 2013, rəng: Tünd qəhvəyi (metal) olan minik avtomobilinin alınması məqsədilə sonuncuya 15841 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə həmin iddia təmin olunaraq ondan bankın xeyrinə 13327,95 manat pulun tutulması və tutmanın Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş “Kia Rio” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh “KİA RİO”markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə kimi sığortalamışdır. İddiaçı tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş “Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, Cavabdeh tərəfindən “KİA RİO”markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edilməsi üçün İddiaçı etibarnamə verilmişdir. Azərbaycan ResMülki Məcəllənin 181.1-ci və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla qeyd edir ki, ipoteka predmeti olan avtomobili etibarnamə əsasında başqa şəxsə satması və bunun əvəzi kimi kredit borcunu həmin şəxsin ödəyəcəyi barədə onunla razılaşmaları barədə iddiaçının dəlilləri əsassız hesab edilməlidir. Belə ki, həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir və əmlaka mülkiyyət hüququnun dəyişməsi nəticəsini doğurmur. Həmçinin qeyd olunmalıdır ki, ipoteka predmeti olan avtomobil etibarnamə əsasında üçüncü şəxsin istifadəsinə verildikdən sonra kredit müqaviləsinin dəyişdirilərək həmin şəxslə bağlanmış olduğu, yaxud müqavilə üzrə yaranmış öhdəliyin İddiaçı keçirildiyi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə onun və onun atası tərəfindən qeyd olunan kredit müqaviləsi çərçivəsində borclu Cavabdeh əvəzinə kredit ödənişlərinin həyata keçirilməsi ipoteka predmeti olan və cavabdehə məxsus avtomobil üzərində mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz və bu hal yalnız Cavabdeh onun əvəzinə ödənilmiş vəsaitlərin geri qaytarılması üçün əsas ola bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı avtomobili üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanui qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar