Məhkəmə qərarları › İş №2(010)-3360/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3360/2023

13.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3360/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 vəkili, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehlərin inşa etdiyi evlərin və hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.28 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən olunaraq, həmin ərazidə cavabdehlərin inşa etdiyi evlərin və hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını, həmçinin dələduzluq cinayəti törədərək pullarını talamış Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı xüsusi qərardad çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-284/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 vəkili, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı2 2012-ci ildən ABŞ vətəndaşlığına qəbul olunmuşdur. Buna baxmayaraq hər il doğulub boya-başa çatdığı doğma vətəni Azərbaycana gəlmiş və Bakı şəhərində yerləşən evində qalmışdır. O, Azərbaycanla daimi əlaqənin davam etməsi üçün, həmçinin də Azərbaycan Respublikası İddiaçı2 üçün doğma olduğundan o, Bakı şəhərində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Həmin vaxt qohumu, daha doğrusu xalası nəvəsi İddiaçı1 da ona torpaq almaq niyyətində olduğunu bildirmişdir. Beləliklə, 2014-cü ilin yay aylarında Hövsan Südçülük sovxozu ərazisində torpaq sahəsində olan reklamlardan Nəsimi adlı şəxsdən sonradan makler kimi tadınıqları Əkrəm adlı şəxsin 051 828 87 00 mobil nömrəsini alıb ona zəng etmişlər. Əkrəmlə görüşmüşlər və o, 0.20 ha torpaq sahəsini İddiaçı2, onunla birlikdə həmin ərazidən torpaq sahəsi almaq istəyən qohumu İddiaçı1 isə İddiaçı2 göstərdiyi torpağın qonşuluğunda olan torpaq sahəsini göstərmişdir. Leyli Əkrəmə onun maksimum 6500 manat pula gücü çatdığını bildirmiş Əkrəm isə həmin pula ona Lazar müəllimin qonşuluğunda 0.05-0.06 ha torpaq sahəsini sata biləcəyini bildirmişdir. İddiaçı2 buna razılaşmamış və bildirmişdir ki, bu pula 0.06 ha torpaq azdır. Sonradan 6400 manata Lazarın qonşuluğunda 0.08 ha torpaq sahəsini razılaşmışlar. İddiaçıları torpaq sahələrini bəyənmişlər və Əkrəm 0.20 ha torpaq sahəsinə görə isə 22000 ABŞ dolları pul tələb etmiş və bununla da iddiaçılar razılaşmışlar. Əkrəm iddiaçılara bildirmişdir ki, notariusda alqı-satqı müqaviləsi bağlayarkən rüsumu az ödəmək istəyirlərsə, ona verəcəkləri məbləğin hamısını yox, az miqdarda yəni maksimum 5000 manat məbləğində yazsınlar. İddiaçılar buna etiraz etməmişlər və 11 iyul 2014-cü il tarixdə İddiaçı2, İddiaçı1, Nəsimi və Leylinin qardaşı Mühəddin Hövsan qəsəbəsi ərazisində fəaliyyət göstərən 35 saylı notariat kontoruna getmişlər. Torpağın alqı-satqı müqaviləsini bağlayanda Nəsimi və Mühəddinin iştirakı ilə İddiaçı2 22000 ABŞ dolları, İddiaçı1 isə 6400 manat pul vəsaitini Əkrəmə vermişlər. Həmin müqavilələr əsasında tərəflər sonradan gedib torpaq sahəsinin plan və ölçüsünü, eyni zamanda çıxarışı əldə etmişdirlər. ABŞ-da olan zaman İddiaçı2 bir neçə dəfə xalası nəvəsi Mühəddindən torpaq sahəsinə baxmağı xahiş etmişdir. Mühəddin hər dəfə İddiaçı2 xahişindən sonra torpaq sahəsinə baxıb İddiaçı2 bildirmiş ki, torpaq sahəsinə hər hansı bir kənar müdaxilə yoxdur. Lakin 2017-ci ilin avqust ayında onlarda yaranmış şübhələrə son qoymaq üçün Abşeron rayonu ərazisində fəaliyyət göstərən, ləğv olunmuş torpaq və xəritəçəkmə komitəsinin əməkdaşlarına müraciət etmişlər və ödəniş etdikdən sonra tərəflər GPRS aparatı vasitəsi ilə kadastrın ölçülərinə uyğun torpaq sahələrinin koordinatlarını müəyyən edərək bildirmişlər ki, tərəflərə göstərilən torpaq sahələri kadastrında olan torpaq sahələri ilə üst-üstə düşmür. Kadastrda olan koordinatlara əsasən mövcud olan torpaq sahələrinə gedəndə isə orada iki yolun kəsişməsi və eyni zamanda çoxlu hazır tikilmiş və yaşayış olan evlərin olduğunu görmüşdürlər. Belə olan halda Mühəddinlə birlikdə Əkrəmi axtarıb tapmışlar və onlara bildirmişlər ki, ev sahibləri kasıb adamlardır, onlarla işləri olmasın. Tərəflərin pullarını maksimum bir həftə, on günə qaytaracağını bildirmişdir. Lakin həmin gündən bu günə kimi Əkrəm onlara pulu qaytarmamış və torpaq sahəsini təhvil verməmişdir. İddiaçılar şikayət ərizəsi ilə Bakı şəhər prokurorluğuna müraciət etmişlər və ərizələri araşdırılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Suraxanı Rayon Polis İdarəsinin istintaq Şöbəsi tərəfindən bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Tərəflərindən Abşeron rayon Məhkəməsinə müraciət olunmuş, cavabdehlərin dairəsi tam müəyyən olunmadığı üçün məhkəmə baxışı zamanı tərəflərindən ərizə verilərək mülki işin baxılmamış saxlanılması xahiş olunmuş, Abşeron rayon Məhkəməsinin 2(012)-169/2020 saylı 13 avqust 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Sonradan cavabdehlərin dairəsini müəyyən etmiş və polis orqanına müraciət edildikdən sonra araşdırma aparılaraq müəyyən edilmişdir ki, torpaq sahəsində ev tikmiş şəxslər Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6dur. Bundan sonra və icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsi və mülki işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Lakin məhkəmə vəsatəti təmin etməyərək ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və nümayəndənin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin (vəkilinin) izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı2 adına yüklü edilərək daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 652 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdir. İş materiallarına əlavə edilmiş 11 iyul 2014-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı Azərbaycan Respublikasının DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 15 may 2014-cü il tarixdə verilmiş arayışa əsasən yüklü edilən əmlakın reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi ********** olan 11 aprel 2014-cü il tarixdə verilmiş seriya RX ******* saylı çıxarışına əsasən özünün icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 5.0 ha torpaq sahəsindən 800 kv.metr torpaq sahəsinin icarə hüquqlarını 4900 manata alıcıya satmışdır. İş materiallarına əlavə edilmiş 11 iyul 2014-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı2 Mixayıloviç arasında müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı Azərbaycan Respublikasının DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 15 may 2014-cü il tarixdə verilmiş arayışa əsasən yüklü edilən əmlakın reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi ********** olan 11 aprel 2014-cü il tarixdə verilmiş seriya RX ******* saylı çıxarışına əsasən özünün icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 5.0 ha torpaq sahəsindən 2000 kv.metr torpaq sahəsinin icarə hüquqlarını 5000 manata alıcıya satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına yüklü edilərək daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 657 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin baş təhqiqatçısı Anar Hacıyev tərəfindən İddiaçı2 Mixayıloviçin və İddiaçı1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, Cavabdeh3, Cavabdeh2, X2, Cavabdeh5 izahat verərək Hövsan Südçülük sovxozunun ərazisində torpaq sahəsi alaraq həmin sahədə ev tikmişlər. Cavabdeh5 onun evinin yanında ev tikən şəxs digər şəxsin Cavabdeh6 olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 tərəfindən İddiaçı2 Mixayıloviçin və İddiaçı1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, X1 və Cavabdeh8 izahat verərək bildirmişlər ki, İddiaçı1 və İddiaçı2 tanımırlar və yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin sonunculara məxsus olmasından məlumatları olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 5.0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına yüklü edilərək daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdir. İş materiallarına əlavə edilmiş 08 aprel 2014-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, X7 ilə Cavabdeh1 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı Azərbaycan Respublikasının DƏDRX-nin Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli 10 iyun 2011-ci il tarixli **********1 reyestr nömrəli çıxarışına əsasən özünün icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 5.0 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 100000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş seriya MA, ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 5.0 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına yüklü edilərək daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs Başçısının 20 sentyabr 2007-ci il tarixli sərəncamından görünür ki, X5 Abşeron İcra Hakimiyyəti Başçısının 073 saylı 15 mart 2005-ci il tarixli sərəncamı və icarə müqaviləsi ilə keçmiş Donuzkökəltmə sovxozunun ərazisindən 99 il müddətinə ayrılmış 5 ha torpaq sahəsi eyni ölçüdə (5 ha) əraziyə yaxın Hövsan Südçülük sovxozunun ərazisinə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən tanıdılan DƏDRX tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən İddiaçı2 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsi naturada öz yerindədir. DƏDRX tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı2 Mixayıloviçin icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində hər hansı şəxslər tərəfindən şimalqərb istiqamətində daş hasara alınaraq torpaq sahəsinin 0,1289 ha hissəsindən faktiki olaraq istifadə olunur. İddiaçı tərəfindən tanıdılan DƏDRX tərəfindən verilmiş 03 sentyabr 2014-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi naturada öz yerindədir. DƏDRX tərəfindən verilmiş 03 sentyabr 2014-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində hər hansı şəxslər tərəfindən şimal-qərb istiqamətində daş hasara alınaraq torpaq sahəsinin 0,0573 ha hissəsindən faktiki olaraq istifadə olunur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 10/1670 nömrəli rəyindən görünür ki, iddiaçı tərəfindən tanıdılan DƏDRX tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən İddiaçı2 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsi naturada öz yerindədir. DƏDRX tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı2 Mixayıloviçin icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində hər hansı şəxslər tərəfindən şimal-qərb istiqamətində daş hasara alınaraq torpaq sahəsinin 0,1289 ha hissəsindən faktiki olaraq istifadə olunur. İddiaçı tərəfindən tanıdılan DƏDRX tərəfindən verilmiş 03 sentyabr 2014-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi naturada öz yerindədir. DƏDRX tərəfindən verilmiş 03 sentyabr 2014-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində hər hansı şəxslər tərəfindən şimal-qərb istiqamətində daş hasara alınaraq torpaq sahəsinin 0,0573 ha hissəsindən faktiki olaraq istifadə olunur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Bu Məcəllənin 706.2.-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər:“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Bu Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla X10 aiddir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin 5 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Hövsan Südçülük sovxozunun ərazisində yerləşir. Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2007-ci il tarixli sərəncamı ilə X5 Abşeron İcra Hakimiyyəti Başçısının 073 saylı 15 mart 2005-ci il tarixli sərəncamı və icarə müqaviləsi ilə keçmiş Donuzkökəltmə sovxozunun ərazisindən 99 il müddətinə ayrılmış 5 ha torpaq sahəsi eyni ölçüdə (5 ha) əraziyə yaxın Hövsan Südçülük sovxozunun ərazisinə dəyişdirilmişdir. Sonradan 08 aprel 2014-cü il tarixdə X7 ilə Cavabdeh1 arasında torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünün icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 5.0 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 100000 manata satmışdır. Daha sonra xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı2 Mixayıloviç və İddiaçı1 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən satıcı özünün icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 5.0 ha torpaq sahəsindən 2000 kv.metr torpaq sahəsinin icarə hüquqlarını 5000 manata İddiaçı2 Mixayıloviçə və 5.0 ha torpaq sahəsindən 800 kv.metr torpaq sahəsinin icarə hüquqlarını İddiaçı1 satmışdır və həmin torpaq sahəsi 99 il müddətinə iddiaçılara icarəyə verilmişdir. Lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar. Cavabdehlərin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim olunmamışdır. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edilmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində verilmiş reyestr nömrəsi **********15 saylı və **********16 saylı plan-ölçüdə göstərilmiş torpaq sahəsində qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, cavabdehlər tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçıların birbaşa maraqlarına toxunur. Polis idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin torpaq sahəsində Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 izahatları alınmış və həmin şəxslər torpaq sahəsinin Cavabdeh1 tərəfindən onlara verildiyini, orada ev tikdiklərini və qanunsuz torpaq sahəsi zəbt etmədiklərini bildirmişlər. Belə olan halda Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən özbaşına qanunsuz tikililər inşa edildiyindən və həmin torpaq sahəsinin onların mülkiyyətində olmasına dair mötəbər sübutlar təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılara 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində verilmiş reyestr nömrəsi **********15 saylı və **********16 saylı plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən tikililər - özbaşına tikili sayılaraq sökülməlidir. Həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçıların istifadəsinə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehlərin inşa etdiyi evlərin və hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.2-cü maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına verilmiş reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilmiş 0.20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində və 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş reyestr nömrəsi **********16 olan torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilmiş 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsində Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən inşa edilmiş fərdi yaşayış evləri və başqa tikililər (hasar) cavabdehlərin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılsın. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 50 (əlli) manat Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar