Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3386/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.06 ha (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi) torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması; həmin 0.02 ha torpaq sahəsində tikilmiş özbaşına tikilinin sökülməsi; həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması; həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 24.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı1 24.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 qeyd etdiyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 138-ci Binə, 4-cü sahə, 17 ünvanında yerləşən 0.08 ha (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi) torpaq sahəsini ona satmışdır. Lakin o, heç vaxt Cavabdeh2 torpaq sahəsini satmamışdır. Sözügedən torpaq sahəsinin 0.02 ha hissəsini Cavabdeh2 qardaşı Cavabdeh1 satmışdır. Qalan torpaq sahəsini isə qardaşlar X2 və Cavabdeh1 zəbt etmişdir. Eyni zamanda, onların zəbt etdiyi 0.02 ha torpaq sahəsi digər İddiaçı2 alqı-satqı müqaviləsi əsasında satılmışdır, hazırda həmin torpaq üzərində onun sahiblik, istifadə hüquqları vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını, iddia tələbinin tam şəkildə təmin edilməsini, Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan, İddiaçı2 Səddarxan oğlunun isə sahibliyi və istifadəsində olan ünvan 1 (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsi) ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılmasını, həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.08 ha (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi) torpaq sahəsinin 0.02 ha hissəsini 18 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Daha sonra o, 16 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və qalan 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini digər İddiaçı2 satmışdır. Lakin, həmin torpaq sahəsi cavabdeh tərəfindən özbaşına zəbt edilmişdir. Belə ki, cavabdeh İddiaçı2 satdığı torpaq sahəsində ev tikdirir. İddiaçı2 digər İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini 16 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Aldığı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Çıxarış almamağının səbəbi cavabdehin həmin torpaq sahəsini zəbt etməsi və oraya heç kimi buraxmaması olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sahiblik və istifadə hüquqları pozulmuşdur. Belə ki, 0.02 ha torpaq sahəsi Natiqə satılıb, Natiq özünə ev tikib. Digər 0.02 ha torpaq isə Nəbiyə satılıb, Nəbinin sahəsini isə Natiq zəbt edib. Natiq öz sahəsində tikili tikib və əlavə olaraq Nəbinin torpağında da tikir. Kərəmin satdığı 0.02 ha torpaq sahəsini də Natiq kriminal əhatəsindən istifadə edərək Kərəmə təzyiq edərək, ona pul vermədən gedib alqı-satqıya imza etdirərək alıb. Digər 0.02 ha torpağı da zəbt edib hesab edir ki həmin torpaq sahəsi də onundur. İddiaçılar arasında qohumluq əlaqəsi olduğu üçün onlar öz aralarında razılığa gəliblər. Onlar torpaq sahəsində bölgü etmək istəyəndə görüblər ki, cavabdeh darvaza qoymuş, həyətə böyük itlər yerləşdirərək həyətə kiminsə daxi olmasına icazə vermir. Bundan əlavə, məhkəmə tərəfindən çıxarılmış iddianın təmin etmə tədbirinə dair qərardadın icrası zamanı məlum oldu ki, digər İddiaçı1 özünə məxsus olan torpaq sahəsini etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Onlar tərəfindən iddia edilən torpaq sahəsində hazırda Cavabdeh2 yaşayır. Buradan görünür ki, həm Cavabdeh1, həm də Cavabdeh2 həmin torpağı mənimsəyib. Mübahisələndirilən torpaq sahəsi isə 20.08.2019-cu il tarixdə İddiaçı1 adına rəsmiləşdirilib. Keçən məhkəmə prosesində cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh2 verilən etibarnamə isə notariusa müraciət edildiyindən 22.02.2021-ci il tarixdə xitam edilmişdir. Sadəcə cavabdehlərdən Cavabdeh1 0.02 ha torpaq sahəsi satılıb. İddiaçı1 bildirdiyinə görə o, sadəcə 0.02 ha torpaq sahəsini Natiqə satıb, digər 0.02 ha torpaq sahəsini isə nə Ceyhuna, nə də Natiqə heç vaxt satmayıb. Natiq özü deyib ki onun adına yox, Ceyhunun adına etibarnamə verilib ki, alqı-satqı edilsin. O, deyir ki qardaşının adına alqı-satqı etmiş, sonra da etibarnaməni ləğv etdirmişdir. Ev isə alqı-satqı əsnasında, yəni aprel ayında Nəbiyə satılanda tikilib. Buradan isə görünür ki, məhkəməyə müraciət edəndə onlar evi tikməyə başlayıblar. Hal-hazırda Kərəmin 0.06 ha torpaq sahəsi mülkiyyətindədir, onun 0.02 ha hissəsini isə zəbt ediblər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı1 qardaşı üçün alqı-satqı etmişdir. Belə ki, o, iddiaçıdan 2013-cü ildə 0.04 ha torpaq sahəsini 0.01 ha sahəsi üçün 2500 manat olmaqla ümumilikdə 10000 manat pul məbləğinə almışdır. Həmin torpaq sahəsinin 0.02 ha sahəsini 18.01.2021-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. O, qardaşının adına alqı-satqı etməmişdir. İddiaçı1 öz əli ilə ərizə verərək, 0.02 ha torpaq sahəsinə və onun üzərində olan evə dair qardaşı Cavabdeh2 qarşı gələcəkdə heç bir tələbi olmayacağını bildirmişdir. Ümumiyyətlə, bu məsələ ilə bağlı Kərəmlə danışdıqda, o, xəbəri olmadığını və qaynı Nəbinin hər şeyi etdiyini bildirmişdir. Kərəm 02.04.2020-ci il tarixdə 0.02 ha torpaq sahəsini qardaşına verib. Belə ki, qardaşının imkanı olmadığı üçün alqı-satqı edə bilməmiş, buna görə də İddiaçı1 etibarnamə ilə torpaq sahəsini qardaşına vermişdir. O, torpaq sahəsini alanda ödənişi əlbəəl vermişdir. Belə ki, qardaşı vəsiqəsi ilə etibarnaməni ona vermiş, sadəcə onun iştirakı ilə pulu iddiaçıya vermişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, qardaşına 5000 manat məbləğində pul verərək onun adına torpaq almasını istəmiş, daha sonra isə 02.04.2020-ci il tarixdə qonşusu olan İddiaçı1 özü ona etibarnamə verərək ona məxsus torpaq sahəsindən 0.02 ha hissəni onun mülkiyyətinə vermiş və ərizə yazaraq qeyd etmişdir ki, həmin torpaq sahəsinə dair ona qarşı gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. Həmin torpaq sahəsi üzərində olan evi 1 ildən artıq olar ki özü tikmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 20.08.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02.04.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 onun faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikdirdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən yaşayış evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 200 kv.m. hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. İddiaçı1 tərəfindən verilmiş 02.04.2020-ci il tarixli notarial ərizədən görünür ki, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsinə və üzərində tikilmiş evə dair Cavabdeh2 qarşı indi və gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 18.01.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.02 ha hissəsini Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 31.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 16.04.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.02 ha hissəsini İddiaçı2 satmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 09.06.2021-ci il tarixli,1/855 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinə aiddir. 24.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında özünə məxsus evdə qeydiyyatsız olaraq yaşayır. "xxxx" QSC tərəfindən verilmiş qəbzdən görünür ki, Cavabdeh2 sayğac quraşdırılması üçün 262 manat məbləğində rüsum ödəmişdir. “Azəriqaz” İB-nə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən ona məxsus yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən yaşayış evinin işıq sayğacı Cavabdeh2 adınadır. “Elektron notariat” X1 çıxarışa əsasən İddiaçı1 tərəfindən Cavabdeh2 verilmiş 02.04.2020-ci il tarixli etibarnaməyə 22.02.2021-ci il tarixdə xitam verilmişdir. “Elektron notariat” X1 çıxarışa əsasən İddiaçı1 tərəfindən 02.04.2020-ci il tarixdə verilmiş “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsinə və üzərində tikilmiş evə dair Cavabdeh2 qarşı indi və gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır” məzmunlu notarial ərizəyə 23.08.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfindən İddiaçı1 İddiaçı2 Səddarxan oğluna satmış olduğu ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsinə dair plan-cizgi sxemin əldə edilməsi məqsədilə verilmiş sorğuya cavab olaraq Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisi tərəfindən göndərilmiş 16.09.2021-ci il tarixli, 853 №-li notarius işindən görünür ki, 16.04.2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsinin özgəninkiləşdirilməsinə dair satıcı İddiaçı1 ilə alıcı İddiaçı2 Səddarxan oğlu arasında rəsmiləşdirilmiş 4Ə-293 reyestrli Daşınmaz əmlakın alqı-salqı müqaviləsi bağlanmış və İddiaçı1 yoldaşı Rəna Şamilova ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsinin satılmasına etiraz etməmişdir. Lakin notarius işinin materialları araşdırılarkən həmin əraziyə aid plancizgi sxemin olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iddiaya qiymət vermək üçün, hər iki iddiaçının subyektiv hüququnun məzmunun araşdırmağı zəruri sayır. İddiaçı1 hazırda ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi, həmin sahənin hazırda bir hissəsi olan və digər iddiaçıya satılmış 0.02 ha torpaq sahəsinə münasibətdə isə, satdığı əmlakı üçüncü şəxslərin hüququndan azad şəkildə vermək öhdəliyindən irəli gələn tələb etmə hüququndan istifadə edərək çıxış edir. Digər iddiaçı isə, cavabdehin faktiki istifadəsində olduğu iddia olunan torpaq sahəsinin alıcısıdır. İddiaçı2 münasibətdə iddia ona görə rədd olunmalıdır ki, cavabdehin hazırda faktiki istifadəsində olan və sökülməsi tələb olunan evin məhz ona satılmış torpaq sahəsində yerləşməsini sübuta yetirə bilməyib. Belə ki, məhkəmə öz təşəbbüsü ilə İddiaçı2 mülkiyyətində oln 0.02 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün sorğu versə də, həmin sahənin plan-cizgisinin olmadığı müəyyən olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına zəmanət verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edildiyi kimi, İddiaçı2 satılmış torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmədiyindən, habelə, Cavabdeh2 tərəfindən inşa edilmiş evin məhz ona satılmış torpaq sahəsində yerləşməsi təsdiq edilmədiyindən, iddia ona aid hissədə rədd edilməlidir. Digər iddiaçıya gəldikdə isə, cavabdehlər özləri də etiraf edib ki, İddiaçı1 mülkiyyətində olmuş 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsi onlara satılmış, alınmış sahənin 0.02 ha hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu qeydə aldırsa da, digər 0.02 ha hissə hazırda da İddiaçı1 mülkiyyətində qalıb. Buna baxmayaraq, İddiaçı1 həmin sahədə Cavabdeh2 ev tikməyə razılıq verməklə, gələcəkdə ona qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. Cavabdeh1 özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırdığına, habelə, digər cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərindəki evlə bağlı hər hansı əlaqəsinin olması sübuta yetirilmədiyindən, iddia ona aid hissədə rədd edilməlidir. Digər cavabdehə münasibətdə isə iddia onunla əsaslandırılıb ki, ona verilmiş etibarnamə yalnız 0.02 ha torpaq sahəsini qardaşına, digər Cavabdeh1 satmaq üçün verilib. Lakin, iddiaçılar Cavabdeh2 torpaq sahəsində tikili inşa etmək və gələcəkdə bununla bağlı ona qarşı hər hansı maddi və s. tələbinin olmayacağı barədə ərizə verməsinin məqsədinin ərizədə qeyd ediləndən fərqli olması barədə hər hansı arqument və ya sübut təqdim edə bilməyib. Belə olan halda, mübahisəli tikilinin İddiaçı1 məxsus torpaq sahəsində, lakin, sonuncunun razılığı ilə Cavabdeh2 tərəfindən inşa edilməsi işin təsdiq edilən hallarından biridir. Məhkəmə bu fakta və bu münasibətləri nizama salan hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1.-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunvericilik torpaq və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsinin yazılı olmasını və notariat qaydasında təsdiqlənməsini tələb edir. Hazırkı işdə cavabdehlər mübahisəli torpaq sahəsini şifahi razılaşma əsasında 5000 (beş min) manata aldıqlarını qeyd etsələr də, bununla bağlı məhkəməyə sübut təqdim etməyiblər. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla belə, iddiaçı öz torpaq sahəsində Cavabdeh2 tikili inşa etməyə icazə verməklə, habelə, gələcəkdə o tikili ilə bağlı hər hansı iddia irəli sürməyəcəyini bəyan etməklə, cavabdehin həmin tikiliyə münasibətdə ona öz əmlakı kimi yiyələnmək və onu öz mülkiyyətinə almaq kimi gözlənti bəxş edib. Düzdür, tikilinin müvafiq icazə alınmaqla tikilməsi də təsdiq edilmir. Mülki Məcəllənin 180-cı maddəsinin məzmunu baxımından həmin tikili özbaşına tikinti hesab olunur. Buna baxmayaraq, məhkəmə hazırda həmin tikiliyə daşınmaz əmlakın dövlət reyestrinin obyekti kimi deyil, cavabdehə məxsus maddi dəyəri olan əşya kimi qiymət verir və bu baxımdan, onu əmlak hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edib ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “əmlak” konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər (bax: “İatridis Yunanıstana qarşı” (İatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999-İİ)). “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan həqiqi marağa malik olma hüququnu verib-vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010, with further references)). Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, mülkiyyətçi yalnız əvəzi ödənilməklə mübahisəli əmlakın sökülməsini tələb edə və ya, həmin əmlakın yerləşdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsinə görə servitut əsasında pul ödənişi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3386/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3386/2021
20.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver