Məhkəmə qərarları › İş №2(010)-3428/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3428/2023

30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3428/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ərizədə adları qeyd edilmiş cehiz əmlakları, olmadıqda onların dəyəri olan 3495 manat pulun, qızıl-zinət əşyalarının, olmadıqda onların dəyəri olan 1400 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaç tələbi onunla əsaslandırılmışdır ki: “Mən, İddiaçı Cavabdeh ilə 12 oktyabr 2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2386 saylı qeydiyyat aparılmaqla, rəsmi nikaha daxil olmuşam. Rəsmi nikahımızdan bir uşağımız anadan olmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağımız hazırda mənim himayəmdə yaşayır. Cavabdehlə əvvəllər mehriban yaşasaq da, xeyli müddətdir ki, ailə münasibətlərimiz pozulmuşdur, xasiyyətimiz uyğun gəlmir. Faktiki olaraq mən və uşaq xeyli müddətdir ki, cavabdehdən ayrı yaşayırıq. Cavabdehlə əvvəllər mehriban yaşamışıq, sonradan xasiyyətimiz uyğun gəlmədiyi üçün, mən nikahın pozulması tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdim. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Mən cavabdehin evinə gəlin gedərkən atam evindən cehiz kimi apardığım cehiz əmlakım cavabdehin evində qalmışdır. Mən məhkəməyə müraciət etməzdən əvvəl cavabdehdən atam evindən gəlin gedərkən apardığım cehiz əmlakımı tələb etsəm də, o, mənim cehiz əmlakımı xoşluqla vermədi. Ona görə də mən məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət edirəm. Toyda hədiyyə olunmuş qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edirəm. Mən qızılzinət və əmlak tələbi üçün Mediasiya Şurasına müraciət etdim. Mənə 02 sentyabr 2022-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildi".

İddia tələbinin dəyişdirilməsi

3. İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh ona məxsus nişan üzüyü, olmadıqda isə onun dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, tələb etdiyi cehiz əmlaklar artıq cavabdeh tərəfindən qaytarıldığından iddia tələbini həmin hissədə azaltmışdır. Qızıllarla bağlı qeyd edir ki, 2022-ci ilin may ayında cavabdehlə mübahisə edib evi tərk etmişdir. Həmin vaxt cavabdehə bacısıgilə getdiyini desə də, niyyəti evi birdəfəlik tərk etmək olmuşdur. O gün gözü heç nə görmədiyindən qızılları özü ilə aparmamışdır. Sonradan cavabdeh onun arxasınca bacısıgilə gəlib orada dava salmış, onu təhqir etmiş, söyüş söymüşdür. O, yalnız polis çağırdıqdan sonra polis cavabdehi evdən çıxarmışdır. Bundan sonra cavabdehlə boşanmışdır. İki ay bundan əvvəl cavabdehə zəng vurub cehiz əşyalarını və qızıllarını qaytarmasını istəmişdir. Cavabdeh həmin vaxt ona qapıya polissiz gəlməməsini demişdir. O da bundan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh ona qızılları gedərkən apardığını demişdir. Halbuki o, gedərkən heç bir qızıl aparmamışdır. Həmçinin iddiaçının anasının dediyindən fərqli olaraq, o, toyda ona bağışlanan qızıl-zinət əşyalarının bijuteriya olduğunu heç vaxt bilməmişdir. Lakin hazırda ancaq toyda ona bağışlanmış qızıl nişan üzüyünün qaytarılmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ona bacısı qızının ad gününə, oradan da kəndə gedəcəyini, sonra qayıdıb gələcəyini deyərək aldatmış, evdən birdəfəlik çıxıb getmişdir. Həmin vaxt özü ilə böyük paltar çantası götürmüşdür. İddiaçıya toyda qızıl taxılmamışdır. Toy şəkillərində iddiaçının üzərində görünənlər qızıl deyil, qızılı rəngli metaldır. Bunu iddiaçı da bilmişdir. İddiaçıya yalnız qızıl nişan üzüyü taxılmışdır. Onu da iddiaçı gedərkən özü ilə aparmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-82/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2386 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, təqdim olunmuş fotoşəkil və videogörüntülərdən qızıl-zinət əşyalarının real bazar dəyəri 1440 manat (boyunbağı 412 manat; qolbaq 618 manat; sırğa dəstli qaşlı briliant 206 manat; nişan üzüyü 204 manat) məbləğində qiymətləndirilmişdir.

8. İki ədəd fotoşəkildən görünür ki, İddiaçı və Cavabdeh toy mərasimində İddiaçı qulağında bir cüt sırğa, boynunda boynunda boyunbağı, biləyində qolbaq, barmağında üzük olmuşdur.

9. X4 (VÖEN: **********) tərəfindən verilmiş, “İddiaçı qızıl-zinət əşyalarının qiymətləndirilməsi (zərgər X2)” adlı möhürlü sənəddən görünür ki boyunbağı, qolbaq, sırğa dəsti – 12 qram – 1200 manat; nişan üzüyü 1 ədəd – 2 qram – 200 manat qiymətləndirilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından bir uşaq doğulmuşdur.

11. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh keçmiş ər-arvaddır. İş materiallarında olan fotoşəkillər əsasında müəyyən edilmişdir ki, tərəflərin toy mərasimlərində gəlin İddiaçı qulaqlarında bir cüt sırğa, boynunda boyunbağı, biləyində qolbaq, barmağında isə bir üzük olmuşdur.

16. İddiaçı iddia etmişdir ki, keçmiş əri Cavabdeh ayrılarkən (birlikdə yaşadıqları evi birdəfəlik tərk edərkən) toy günü ona taxılan qızılları götürməmiş, lakin sonradan tələb etmiş, buna baxmayaraq Cavabdeh qızılları qaytarmamışdır. Cavabdeh isə iddia etmişdir ki, toy günü iddiaçıya qızıl kimi taxılan zinət əşyalarından yalnız üzük qızıl olmuş, fotoşəkillərdən görünən digər əşyalar isə adi bijuteriya olmuşdur. Cavabdehin iddiasına görə, keçmiş arvadı İddiaçı da üzükdən başqa digərlərinin qızıl olmadığından xəbərdar olmuşdur. Öz növbəsində İddiaçı isə toyda olan taxılan əşyaların qızıl yox, adi bijuteriya olmasından məlumatlı olduğunu inkar etmiş, lakin cavabdeh tərəfin məhkəmə iclasında gətirib təqdim etdiyi əşyaları (üzükdən başqa) gördükdə bunların ona toyda taxılan əşyalar olduğunu təsdiqləmiş və bu əşyaların adi bijuteriya olduğunu bildikdən sonra həmin əşyalarla bağlı hissədə iddia tələbini azaltmış, yalnız qızıl üzüyü tələb etdiyini bildirmişdir.

17. Cavabdeh iddiaçıya toyda qızıl üzük taxıldığını qəbul etsə də, iddiaçının həmin üzüyü evi tərk edərkən özü ilə apardığını iddia etmişdir. Məhkəmə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Belə ki, MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl üzüyün həqiqətən ona toyda hədiyyə edildiyinin sübut edilməsidir. Cavabdehin üzərinə düşən isə üzüyün iddiaçı tərəfindən aparıldığını sübut etməkdir.

18. Hazırkı işin halları baxımından iddiaçı, öz üzərinə düşən sübutetmə yükünü yerinə yetirmiş hesab edilir. Çünki məhkəmə iclasında iştirak edən Cavabdeh toy mərasimlərində iddiaçıya fotoşəkildən görünən qızıl üzüyün taxıldığını qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

19. Lakin iddiaçının bu üzüyü evi tərk edərkən özü ilə apardığını iddia edən cavabdeh, bu iddiasını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh iddiaçıya toyda taxılmış digər əşyaları (bijuteriyaları) məhkəmə iclasına gətirmiş, bununla da iddiaçıya toyda taxılan əşyaların özündə olduğunu göstərmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlə toy mərasimində iddiaçıya hədiyyə edilmiş bir ədəd qızıl üzük cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

21. İş materiallarında olan və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə barədə sənəddən görünür ki, bir ədəd nişan üzüyünün qiyməti 200 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, nişan üzüyünün qiyməti 204 manat məbləğində qiymətləndirilmişdir.

22. Məhkəmə, müvafiq mütəxəssis rəyinin iş materiallarında olan fotoşəkillər və videogörüntü əsasında verildiyini, iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə nəticəsinin isə hansı meyarlar əsasında verilməsinin məlum olmadığını nəzərə alaraq hesab edir ki, qızıl üzüyün qiyməti "xxxx" MMC tərəfindən verilmiş rəyə uyğun olaraq 204 manat məbləğində müəyyən edilməlidir.

23. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməsi müəyyən edilən qızıl üzük olmazsa, onun dəyəri olan 204 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

24. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, xidmət haqqı 200 manat məbləğində müəyyən edilmiş, bu xidmət haqqı tərəflərdən heç biri tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 200 manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehdən tutularaq qiymətləndirməni həyata keçirən MMC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2 qram çəkisi olan bir ədəd qızıl üzük, bu üzük olmadıqda isə onun dəyəri olan 204 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, 200 manat məbləğində mütəxəssis xidməti haqqı Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 2 qram çəkisi olan bir ədəd qızıl üzük, bu üzük olmadıqda isə onun dəyəri olan 204 (iki yüz dörd) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. 200 (iki yüz) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (H/hesabı: AZ06AİİB********************; VÖEN: **********; "xxxx" ASC Sumqayıt şəhər filialı; Bank kodu: 200253; müxbir hesabı: AZ37NABZ********************; Bank VÖEN: **********; SWİFT kod: AİİBAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar