Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3456/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Məmmədova (Qulaməliyeva) Sevinc Vilayət qızına qarşı “əmlak” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X3 qarşı “əmlak” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən “İphone 5S” markalı mobil telefonun, “Romanson” markalı saat və nişan üzüyünün cavabdehdən alınaraq ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2017-ci ildə nikah bağlamışdır. Birgə nikahdan 2017-ci il tarixində X8 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, oğlunun anası ilə qalması məhkəmə qətnaməsində öz əksini tapmışdır. Lakin, ona məxsus olan “İphone 5S” markalı mobil telefon, “Romanson” markalı kişi qol saatı və brilyant işləməli nişan üzüyü cavabdehdə qalmışdır və həmin əşyaları cavabdeh ona qaytarmaqdan imtina edir. Cavabdehlə aralarında olan olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində keçirilən əvvəlki məhkəmə araşdırması zamanı cavabdehin vəkili həmin əşyaların özlərində olduğunu təsdiq edərək hətta nişan üzüyünü məhkəmə iclasında nümayiş etdirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə verərək iddia tələbini qəbul etdiyini, qızına hədiyyə olunan zinət əşyalarının qaytarılması şərtilə iddiaçının tələb etdiyi bir ədəd qızıl üzüyün, “Romanson” markalı qol saatının və “İphone 5S” markalı mobil telefonun iddiaçıya qaytarılmasına heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Naxçıvan MR, Şərur rayonu, Yaycı kəndində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, A yaşayış sahəsi, ev 135-də qeydiyyatdadır. DİN-in BPMQİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yaycı kəndində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 135-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X3 qarşı “əmlak” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən “İphone 5S” markalı mobil telefonun, “Romanson” markalı saat və nişan üzüyünün cavabdehdən alınaraq ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə verərək iddia tələbini qəbul etdiyini, qızına hədiyyə olunan zinət əşyalarının qaytarılması şərtilə iddiaçının tələb etdiyi bir ədəd qızıl üzüyün, “Romanson” markalı qol saatının və “İphone 5S” markalı mobil telefonun iddiaçıya qaytarılmasına heç bir etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddiaçıya məxsus bir ədəd qızıl üzüyün, “Romanson” markalı qol saatının və “İphone 5S” markalı mobil telefonu qaytarmağa etiraz etmədiyini bildirməsi və bununla bağlı məhkəməyə ərizə verməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən yazılmış ərizədə göstərilən “qızına (cavabdehə) məxsus qızılların qaytarılması” şərti ilə bağlı qeyd edir ki, İddiaçı məxsus əşyaların cavabdehin sahibliyində olduğunun sübut edilməsi artıq həmin əşyaların geri qaytarılması öhdəliyini cavabdehin üzərinə qoyur. Həmin əşyaların cavabdehin qanunsuz sahibliyində qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu hüququn müdafiəsi başqa heç nə ilə şərtləndirilə bilməz. Əgər cavabdehin iddiaçıdan hər hansı əmlak tələbi varsa, öz pozulmuş mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-in: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, bir ədəd “İphone 5S” markalı mobil telefon, bir ədəd “Romanson” markalı qol saatı və bir ədəd qızıl nişan üzüyü Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmiş, 10 manat məbləğində dövlət rüsumu ödənilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Bir ədəd “İphone 5S” markalı mobil telefon, bir ədəd “Romanson” markalı qol saatı və bir ədəd qızıl nişan üzüyü, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdeh Qulaməliyeva (Məmmədova) Sevinc Vilayət qızından alınaraq İddiaçı verilsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdeh Qulaməliyeva (Məmmədova) Sevinc Vilayət qızından alınaraq İddiaçı verilsin. Ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu cavabdeh Qulaməliyeva (Məmmədova) Sevinc Vilayət qızından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3456/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3456/2020
11.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver