Məhkəmə qərarları › İş №2(010)-3542/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3542/2024

09.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3542/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/18/2024-00417 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Bakı 18 saylı Mediasiya Təşkilatının MŞB/18/2024-00417 saylı xx.xx.2024-cü il tarixli "Barışıq Sazişi"nə əsasən birgə nikahdan dünyaya gələn övladı xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona may 2024-cü il tarixdən etibarən hər ayın 19-dan 30-a qədər hər ay 200 (iki yüz) manat pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir.

Tərəflərin izahatları

3. Ərizəçi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. Tərəflər onlar arasında xx.xx.2023-cü il tarixdə 07 №-li reyestr qeydi ilə 5 saylı ASAN Xidmət mərkəz qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar.

2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 (bundan sonra uşağın) İ Tərəfin yanında qalmasına razılıq verir.

3. İİ Tərəf uşağın saxlanılması üçün may 2024-cü il tarixdən başlayaraq hər ayın 19-dan 30-a qədər 200 (iki yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

4. İ Tərəf, ananın iştirakı ilə uşağın baba-X4, nənə- X5 və ata- Maraqlı şəxs ilə hər həftənin bazar günləri saat 15:00-dar 17:00-a qədər uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq şərti ilə, ünsiyyətinə razıdır.

5. İlkin mediasiya xərci (60 manat) İ Tərəf və tam mediasiya xərcini (110 manat) İİ tərəf ödəyir.

İşin faktiki halları

6. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olmuş və bu nikahdan bir övladları anadan olmuşdur. Onlar arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X3 Ərizəçi himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün may 2024-cü il tarixdən başlayaraq hər ayın 19-dan 30-a qədər 200( (iki yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

9. «Uşaq hüquqları haqqında» Konvensiya

Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

11. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

12. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024- 00417 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin:

1. Tərəflər onlar arasında xx.xx.2023-cü il tarixdə 07 №-li reyestr qeydi ilə 5 saylı ASAN Xidmət mərkəz qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədər pozulmasına razıdırlar.

2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 (bundan sonra uşağın) İ Tərəfin yanında qalmasına razılıq verir.

3. İİ Tərəf uşağın saxlanılması üçün may 2024-cü il tarixdən başlayaraq hər ayın 19-dan 30-a qədər 200 (iki yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

4. İ Tərəf, ananın iştirakı ilə uşağın baba-X4, nənə- X5 və ata- Maraqlı şəxs ilə hər həftənin bazar günləri saat 15:00-dar 17:00-a qədər uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq şərti ilə, ünsiyyətinə razıdır.

5. İlkin mediasiya xərci (60 manat) İ Tərəf və tam mediasiya xərcini (110 manat) İİ tərəf ödəyir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar