Məhkəmə qərarları › İş №2(010)-3568/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3568/2025

12.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3568/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus tək qaş üzüyün (585 əyar, 07 qram – 1000 manat), üzüyün (583 əyar, 03 qram – 350 manat) və uşaq boyunbağı qızılgül klonun (585 əyar, 09 qram – 1200 manat), onlar olmadığı təqdirdə ümumilikdə 2550 manat dəyərinin, həmçinin ödənilmiş 45.90 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları 2 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü X9 anadan olmuşdur. Nikaha daxil olduqları ilk vaxtlar ər-arvad münasibətləri normal olmuş, bir müddətdən sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında mübahisələr və münaqişələr olmağa başlamışdır. Nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, aralarında olan nikahın pozulması, uşaqlarının onun yanında saxlanılmaları, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər uşaq üçün 0.61 misli həddində alimentin onun xeyrinə tutulması, xx.xx.2024-cü il təvəllüdlü X5 3 yaşına çatanadək onun xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.28 misli həddində alimentin tutulması qət edilmişdir. O, cavabdehlə ailə qurduğu zaman və ondan sonrakı müddətlərdə ailəsi ona müəyyən qızıl əşyaları hədiyyə etmişdir. Cavabdehlə ayrıldıqları zaman cavabdeh ailəsi tərəfindən ona hədiyyə edilən bəzi qızıl-zinət əşyalarını qaytarmış, lakin bəzilərini isə qaytarmamışdır. Cavabdeh ailəsi tərəfindən ona və uşağına hədiyyə edilmiş tək qaş üzük 585 əyyar 07 qram 1000 manat, üzük 583 əyyar 03 qram 350 manat, uşaq boyunbağı qızılgül klonu 585 əyyar 09 qram 1200 manat, ümumilikdə 2500 manat dəyərində qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, qeyd etdiyi qızıl-zinət əşyaları da, özü olmadıqda isə dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. O, qızıllarının qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh qızıllarını ona qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də, o, mediasiya şurasına müraciət etmiş, lakin aralarında heç bir razılıq əldə edilməmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, xəbəri olmadan onun qızıllarını satmışlar. Cavabdeh tərəf əvvəlcə qızılları satdıqlarını və pulunu verəcəklərini söyləsələr də, sonradan boyun qaçıraraq ona məxsus qızılların dəyərini ona ödəməmişlər. Qızıl-zinət əşyalarının içindəki boyunbağını 2020-ci ildə uşaq doğulan zaman anasıgil hədiyyə etmiş, təkqaş üzüyü isə anası doğum günündə almışdır. Digər qızıl-zinət əşyasını isə qardaşı toyda hədiyyə etmişdir. 2024-cü ilin avqust ayında evdə söz-söhbət olmuş, o da evi tərk etmişdir. Evdən çıxan zaman 1-2 dəst paltar götürmüş, daha sonra cehizləri götürməyə gedən zaman ona ailəsi tərəfindən hədiyyə edilən qızıllarını da istəmiş, lakin cavabdeh tərəf qızılların satıldığını bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, iddiaçı onun bacısı qızı, cavabdeh isə qaynıdır. İddiaçı qızıllarını istəsə də, cavabdeh tərəf qızılların satıldığını bildirmişdir. İddiaçı qızılların satılmasından xəbəri olmadığını söyləyir, lakin cavabdeh tərəf qızılların satışı zamanı iddiaçının bundan məlumatlı olduğunu qeyd edirlər. O, tərəflər arasında dava düşməməsi səbəbindən qızılların dəyərinin iddiaçıya qaytarılması məqsədi ilə qayınanasına müraciət etmiş və onun da arada qaldığını bildirmişdir. Qayınanası da ona demişdir ki, oğlu keçən prosesdən əvvəl ondan qızılları tələb etmiş, həmin qızılları sataraq iddiaçının qızıllarının əvəzini ödəyəcəyini bildirmişdir. Qayınanası qızılları oğluna vermiş, oğlu qızılları satsa da, iddiaçının pulunu qaytarmamış və ölkədən çıxıb getmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, iddiaçı onun bacısı qızıdır. İddiaçı cavabdehlə ayrılan zaman qızılların da verilməsi tələb olunmuş, lakin cavabdehin ailəsi qızılların olmadığını və dəyərini ödəyəcəklərini bildirmişlər. Cavabdeh tərəf iddiaçının bütün qızıllarını əlindən almış və ona zülm vermişlər. Hazırda iddiaçı məhz ailəsinin ona aldığı qızılların geri qaytarılmasını istəyir. İddiaçı qızılları heç taxmamış, cavabdehin dediyinə görə qızıllar satılmışdır. Qızılları iddiaçının anası və atası min bir əziyyətlə işləyib alıb hədiyyə vermişlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, iddiaçı onun qayınının nəvəsidir. O, bütün bu söz-söhbətlər zamanı iştirak etmiş və yanlarında olmuşdur. İddiaçıya hazırda sözügedən qızıllar anası və qardaşı tərəfindən hədiyyə edilmiş, cavabdehin həmin qızılların alınmasında rolu olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşın keçmiş həyat yoldaşı, həmçinin baldızının qızıdır. Yəni, o, iddiaçı ilə ikitərəfli qohumdur. Sözügedən qızılları o görməmiş, alğı-satqısında iştirak etməmişdir. Ola bilsin ki, iddiaçı nikah münasibətləri dövründə həqiqətən də, mübahisə edilən qızıllardan istifadə edib, lakin onun bundan məlumatı olmayıb. Cehizlərin götürülməsi vaxtı o, otaqdan çıxmış və koridorda dayanmışdır. Sadəcə həmən vaxt anasına demişdir ki, el adətidir ki, qızıllar qıza verilir. Daha sonra anasına qızılları iddiaçıya verməsini söyləmişdir. Anası da onun sözündən sonra qızılları stolun üzərinə qoymuş və götürmələrini söyləmişdir. Həmən vaxt onun tam yadında olmasa da, ya iddiaçı, ya da iddiaçının anası oğlan tərəfdən alınan qızılları istəmədiklərini, yalnız özlərinin aldıqları qızılları vermələrini istəmişlər. Anası da cavab olaraq bildirib ki, həmin qızıllar satılıb. Bu barədə qardaşı, yəni cavabdehlə danışdıqda ona bildirmişdir ki, iddiaçının qızılların satışından xəbəri olmuşdur. Lakin, iddiaçı bunun əksini söyləyir. Belə olan halda, o dəqiq bilmir ki, qız tərəfdən alınan qızıllar satılan zaman iddiaçının bundan xəbəri olub, yoxsa yox. Çünki, o, həmin söhbət zamanı onların yanında olmamış, otaqdan kənarda dayanmışdır. Əksini iddia edən isə yoxdur ki, iddiaçı cehizləri götürən zaman bütün əşyalarını götürmüş, yalnız qızılları aparmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-444/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 792 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmaları, cavabdehdən xx.xx.2020ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində aliment tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində aliment tutularaq iddiaçıya ödənilməsi, əlavə olaraq, cavabdehdən xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X5 üç yaşına çatanadək iddiaçının xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.28 misli həddində aliment tutularaq ödənilməsi qət edilmişdir. Mediasiya Şurasının Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/14/2024-00595 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə nikahın pozulması, uşağın ananın yanında qalması, aliment, qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair ilkin mediasiya sessiyası keçirilmiş, lakin irəli sürülən tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/S 15-306/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, 585 əyar, cəmi çəkisi 7 qram olan 01 ədəd tək qaş üzüyün bazar qiyməti 980 manat, 583 əyar, cəmi çəkisi 3 qram olan 01 ədəd üzüyün bazar qiyməti 345 manat və 585 əyar, cəmi çəkisi 9 qram olan 01 ədəd uşaq boyunbağısı qızılgül klonun bazar qiyməti 1150 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 03 ədəd fotoşəkildən iddiaçının üzərində qızıl-zinət əşyalarının olması görünür. xx.xx.2025-ci il tarixli, 1-941578042 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əşyaların qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində mübahisə edilən qızıl-zinət əşyaları iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən sonra, yəni birgə nikah dövründə iddiaçının anası və qardaşı tərəfindən sonuncuya hədiyyə şəklində verilmiş, tərəflərin birgə nikahı dövründə həmin qızıl-zinət əşyaları üzərində cavabdeh tərəfindən sərəncam əqdi bağlanmış və qızıl-zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. İddiaçı cavabdehlə aralarında mövcud ailə münasibətləri pozulduqdan sonra cavabdehlə birgə nikah dövründə yaşadıqları mənzilə gedərək özünə məxsus fərdi istifadə şeylərini, eləcə də cehiz əmlakını götürmüş, lakin anası və qardaşı tərəfindən verilən qızılzinət əşyaları sonuncuya təhvil verilməmiş, həmin əşyaların satıldığı və dəyərinin ödəniləcəyi barədə vəd verilmişdir. Qeyd edilən işin faktiki halları məhkəmə araşdırması gedişində iş materiallarına əlavə edilmiş fotoşəkillər, iddiaçının izahatı və məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmış, iş üzrə keçirilən məhkəmə iclaslarından xəbərdar olan cavabdeh tərəfindən iddiaya dair etiraz və ya mülahizə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri də mülki mühakimə icraatı zamanı tərəflərin öz tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmə tərəfindən qanunla müəyyən olunmuş qaydada əldə edilən məlumat – sübut növü kimi qəbul olunur və təqdim edilən digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. Şahid ifadələrinin digər sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməsi zamanı mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının həqiqətən də iddiaçıya məxsus olması, yəni sonuncunun mülkiyyətində olması, cavabdehlə birgə nikah dövründə iddiaçının valideynləri və qardaşı tərəfindən hədiyyə edilməsi, qızıl-zinət əşyalarının cavabdehin sahibliyinə keçməsi və bu sahibliyin qanunsuz olması, yəni qızıl-zinət əşyaları ilə bağlı sərəncam əqdinin bağlanması zamanı iddiaçının buna razılığının olmaması öz təsdiqini tapmış və qeyd edilənlərin əksinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/S 15-306/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, 585 əyar, cəmi çəkisi 7 qram olan 01 ədəd tək qaş üzüyün bazar qiyməti 980 manat, 583 əyar, cəmi çəkisi 3 qram olan 01 ədəd üzüyün bazar qiyməti 345 manat və 585 əyar, cəmi çəkisi 9 qram olan 01 ədəd uşaq boyunbağısı qızılgül klonun bazar qiyməti 1150 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) iddiaçı ilə müstəqil qiymətləndirmə təşkilatı arasında sifariş əsasında aparılmış qiymətləndirmə fəaliyyətinin nəticəsini özündə əks etdirir. Həmin akt əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda qızıl-zinət əşyalarının fərdi xüsusiyyətləri (əyarı, çəkisi və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən qızıl-zinət əşyalarının aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Cavabdeh tərəfindən qızıl-zinət əşyalarının dəyəri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, qətnamə icra edilən vaxt qızıl-zinət əşyaları mövcud olmazsa, həmin əşyaların dəyəri yazılı mütəxəssis məsləhətində təsbit edilən qiymətlərə uyğun formada cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbində müvafiq qızıl-zinət əşyalarının ümumi dəyərinin 2550 manat məbləğində olduğunu qeyd etsə də, məhkəməyə təqdim edilmiş yazılı mütəxəssis məsləhətində həmin əşyaların real bazar qiymətinin 2475 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ barədə mübahisə edilməmiş və həmin əşyaların real bazar qiymətinin iddia edilən məbləğdə olmasına dair sübut təqdim olunmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Beləliklə, cavabdeh tərəfindən iddiaya etiraza dair (qızıl-zinət əşyaların onun qanunsuz sahibliyində olmaması və real bazar qiyməti barədə) mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması (iddiaçının mülkiyyətində olması), öz iradəsindən kənar cavabdehin sahibliyinə keçməsi və bu sahibliyin qanunsuz (hər hansı qanuni və ya müqavilə əsasına söykənməməsi) olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, həmin qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməli, həmin əşyalar qətnamə icra edilən vaxt mövcud olmazsa müvafiq əşyaların dəyəri cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 44.75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 585 əyar, bazar qiyməti 980 manat, cəmi çəkisi 7 qram olan 01 ədəd tək qaş üzük, 583 əyar, bazar qiyməti 345 manat, cəmi çəkisi 3 qram olan 01 ədəd üzük və 585 əyar, bazar qiyməti 1150 manat, cəmi çəkisi 9 qram olan 01 ədəd uşaq boyunbağısı qızılgül klon cavabdehdən alınaraq iddiaçıya verilməli, yuxarıda qeyd edilən qızıl-zinət əşyaları qətnamə icra edilən vaxt mövcud olmazsa, həmin əşyaların dəyəri olan 2475 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 585 əyar, bazar qiyməti 980 manat, cəmi çəkisi 7 qram olan 01 ədəd tək qaş üzük, 583 əyar, bazar qiyməti 345 manat, cəmi çəkisi 3 qram olan 01 ədəd üzük və 585 əyar, bazar qiyməti 1150 manat, cəmi çəkisi 9 qram olan 01 ədəd uşaq boyunbağısı qızılgül klon Cavabdeh alınaraq X3 verilsin. Yuxarıda qeyd edilən qızıl-zinət əşyaları qətnamə icra edilən vaxt mövcud olmazsa, həmin əşyaların dəyəri olan 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X3 ödənilsin. Ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 44.75 (qırx dörd manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar