Məhkəmə qərarları › İş №2(010)-367/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-367/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-367/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlu anadan olan zaman müəyyən qüsurlarla doğulmuşdur. Üç ay yaşadıqdan sonra xx.xx.1993-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanında diaqnozu müəyyən olunmayan xəstəlikdən vəfat etmişdir. O və qohumları oğlunu yaxınlıqdakı məzarlıqda dəfn etmişlər. Onlar həmin vaxt uşağın ölümünün qeydi ilə bağlı heç bir orqana müraciət etməmişlər. Daha sonra həyat yoldaşı Abdullayev Hafiz xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəlik işi açıldığı zaman məlum olmuşdur ki, oğlu X6 da onun vərəsəsidir. Lakin, oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından onun vəfat etdiyini sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etdikdə məlum olmuşdur ki, X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Oğlunun ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi Gülmirə onun iş yoldaşıdır. Digər tərəfdən ərizəçinin əri onun uşaqlarının kirvəsidir. 1993-cü ilin mart ayında uşaq artıq xəstələnmiş və valideynləri tərəfindən xəstəxanaya aparılmışdı. O da uşağa baş çəkmək üçün xəstəxanaya getmişdir. 1993-cü ildə “Novruz bayramı”ndan təxminən 10 gün sonra isə xəbər tutmuşdur ki, uşaq ölüb. Ərizəçinin vəfat edən uşağından savayı hazırda 2 övladı var. Bacısı qızını da qəyyumluğa götürüb. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi Gülmirə onun bacısıdır. Bacısının vəfat edən uşağı 1992-ci ilin dekabr ayında anadan olmuş və doğulandan bir qədər sonra xəstəliyə tutulmuşdur. 1993-cü ilin mart ayında isə həmin uşağın ölüm xəbərini almışdır. Uşağın ölüm səbəbini isə dəqiq bilmir. Təxmini olaraq uşağın soyuqdəymədən vəfat etməsini xatırlayır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİİ-JQ seriyalı, 300113 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası X3, anası Ərizəçi) xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1812-05/70 nömrəli arayışdan müəyyən olunur ki, X6 barəsində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır (Ölüm haqqında ilkin akt qeydləri 1993 – 1995-ci il üzrə, bərpa akt qeydləri isə 1996 – 2013-cü illər üzrə yoxlanılmışdır). Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 1 nömrəli X8 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü X6 1 nömrəli X4 tibbi qeydiyyatdan keçməmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X14” X16 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, vətəndaş Ərizəçi dünyaya gətirdiyi xx.xx.1992-ci il təvəllüdlü X2 3 saylı X15 doğulmasını təsdiq edən rəsmi məlumatlar X14 PHŞ-nın arxivində mövcud olmadığından həmin sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum oğlu X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum oğlunun ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar