Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3685/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş oğlu X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X3 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, xx.xx.2025-ci ildə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və digər qohumları oğlunu yaxınlıqdakı Bakıxanov qəsəbə məzarlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün, yəni oğlunun vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona oğlunun ölüm haqqında şəhadətnaməsi gərəkdir. O, oğluna ölüm şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından oğlunuz X2 ölümünün qeydə alınması mümkün olmamışdır”. Oğlunun ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının arvadı, ölüm faktının müəyyən edilməsi xahiş edilən mərhum isə qardaşının oğludur. Mərhum həmin gün yaşadığı ünvana gələrək özünü pis hiss etdiyini bildirmiş və təcili tibbi yardıma zəng etmələrini söyləmişdir. Lakin, təcili tibbi yardım gələnədək mərhum qardaşı oğlu vəfat etmişdir. Həmçinin, qardaşı oğlunun ölümü ilə bağlı keçirilmiş dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onun anası, ölüm faktının müəyyən edilməsi xahiş edilən mərhum isə qardaşıdır. O, qardaşının vəfat etdiyi gün öz evində olmuş və qardaşının vəziyyətinin pis olması xəbərini eşidən kimi onların yanına getmişdir. Lakin, o, ünvana çatanadək qardaşı vəfat etmiş və vəfat edəndən sonra Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.1975-ci il tarixli, İİ-SL seriyalı, 071285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 (atası X4, anası Ərizəçi) xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. “Bakı şəhəri Təcili və X5 Stansiyası” X13 tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il, saat 01:26-da çağırış üzrə ünvan 2 ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evinə gələrək həkimə qədər ölüm (kişi cinsli meyit) faktını aşkar etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 42 nömrəli Şəhər Poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü X2 poliklinikaya müraciəti olmamış, hər hansı xəstəliklə bağlı müəssisədə dispanser qeydiyyatında olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməkdən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş aktdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adında qəbiristanlıqda X3 dəfn edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum oğlu X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum oğlunun ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş X2 xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva