Məhkəmə qərarları › İş №2(010)-3726/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3726/2023

11.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3726/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızının Cavabdeh qarşı “qızıl və cehiz əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh qanunsuz sahibliyində olan divan və qızıl zinyət əşyaları olan qarnitur: sırğa dəsti qolbaq sep və üzərində kulon, üzük - 5000 manat, 10-luq kulon - 1200 manat, nişan üzüyü - 1200 manat, pandora üzük - 200 manat, kardinal sep - 1500 manat, sep üzərində “Ş” hərfi kulonla bərabər - 200 manat və qaşlı üzük - 800 manat dəyərində olan əmlakların, həmin əmlaklar aşkar olunmadıqda isə onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması. İddia tələbinin dəlilləri İddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızı Cavabdeh xx.xx.2019-cu ildə rəsmi qaydada nikaha daxil olmuşdur. Onlar hazırda ayrı yaşayırlar. “Nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş hazırda Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Lakin iddiaçının qızıl-zinət əşyaları və divanı cavabdehin evində qalmış, cavabdeh həmin əmlakların ona geri qaytarılmasından imtina edir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi qızıllar nişan və toy ərəfəsində ona hədiyyə edilmiş qızıllardır. O, cavabdehlə bir müddət mehriban yaşasa da, 2022-ci ilin dekabr ayında aralarında kirayə yaşadıqları evdə mübahisə baş vermiş və cavabdeh həmin mübahisədən sonra həmin gün evdən çıxıb getmişdir. Cavabdeh evdən çıxdıqdan sonra iddiaçı otağa daxil olmuş və cavabdeh tərəfindən onun qızıllarının aparıldığını görmüşdür. Siyahıda qeyd edilən qızıllardan 10-luq kulonu ona cavabdehin nənəsi vermiş, pandora üzüyü ona cavabdehin atası, qarnitur: sırğa dəsti qolbaq sep və üzərində kulon, üzüyü ona cavabdehin anası toyunda bağışlamış, 800 manat dəyərində qaşlı üzük ad günündə hədiyyə olunmuş, üzərində “Ş” hərfi olan boyunbağını isə ona Samir bağışlamış, digər dəyəri 1200 manat kimi qeyd etdiyi üzük isə nişan üzüyüdür. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, onlar iddiaçı ilə evləndikdən sonra kirayə evdə yaşamışlar və bütün qızılzinət əyaları həmin evdə olmuşdur. Qeyd edilən evdə iddiaçı ilə birlikdə yaşamış, digər ailə üzvləri onlarla yaşamamışdır. Hazırda faktiki olaraq 1 ildir ki, ayrı yaşayırlar. Sonuncu dəfə, yəni 1 il əvvəl aralarında sözlü mübahisə yaranmış və iddiaçı onu evdən qovmuşdur. Həmin vaxt o, məcbur evdən çıxmış və həmin evə qayıtmamışdır. İddiaçı onu qovduqdan sonra əşyalarını da blokun girişinə atmış, həmin tarixdən sonra iddiaçı 1 ay da həmin evdə qalmışdır. O, isə bir daha həmin evə girə bilməmişdir. Hazırda iddiaçı onun qovulduğu zaman evdə olan qızıl-zinət əşyalarını ondan tələb edir. Eyni zamanda iddiaçı gəlin köçdüyü evdə yerləşən mətbəx mebelinə aid olan divanı tələb etsə, həmin divan onların kirayə yaşadıqları evə aparılmış, birlikdə yaşadıqları dövrdə iddiaçı tərəfindən satılmış və iddiaçının burun əməliyyatına xərclənmişdir. Mebellərin daşınması zamanı tərəfindən yük daşıyan maşının şəkli çəkilmiş, həmin şəkildə də divanın yasdıqlarının həmin maşında olduğu görünür. Yəni mətbəx dəsti onun valideynlərinin yaşadıqları evdə qalsa da, divan onların kirayə yaşadıqları evə aparılmışdır. Cavabdeh qeyd etdi ki, toy dəsti mövcud olmuşdur, lakin iddiaçıdadır. Əlavə olaraq qeyd edir ki, onun nənəsinn iddiaçıya verdiyi kulon 10-luq deyil, 5-lik kulon olmuş və onu 200 manata almış, pandora üzüyü isə atası 220 manata almışdır. O, səs yazısında qızılların onda olduğunu qəbul etməmiş, sadəcə olaraq qanunla qızılların iddiaçıya çatmalı olmamasını bildirmişdir, həmin səs yazısı yarımçıq kəsilir, o tələb edir ki, səs yazısı sona qədər təqdim edilsin, belə ki, iddiaçı həmin danışıqlarda özünə sərf edən hissəni təqdim etmiş, digər hissələri saxlamışdır. Həmin səs yazısında onun fikirlərini tamamladığı hissə kəsilmişdir. Qeyd edilən səs yazılarının davamında o, qızılların onda olmadığını, iddiaçının daimi olaraq ona zəng edərək onu təngə gətirdiyini, onu bezdirdiyini bildirir. Lakin, həmin hissə məhkəməyə təqdim edilməmişdir Ona görə də həmin səs yazısının sübut qismində qəbul edilməsinə etiraz edir. İddiaçı ilə o formada danışmağının səbəbi odur ki, iddiaçı ona hər gün başqa bir adamın nömrəsindən zəng edərək, onu təngə gətirmiş, bunu danışığın əvvəlində iddiaçının adını başqa cür deməyi də sübut edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, cavabdehlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli «ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, X1 ilə Cavabdeh nikahın pozulması və əmlak tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasının davam etdirməmişlər. İşə iddiaçı tərəfindən əlavə edilən fotoşəkillərdə tələb edilən və cavabdehdə olması iddia edilən qızıl-zinət əşyalarının fotoşəkilləri əks edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki: Diskdəki 1-ci səs yazısı

1. Sənə aldığım o qızıl var e o sənə çatır. Hə tez-tez de vaxtın getsin. Hə hə. Qızıllar mənə çatır tökülüb elə. Onları mənin üçün gətiriblər, mənim adamlarım gətirib onların heç biri sənə çatmır. Mənim aldığım sənə çatır. Bunların hamısını öyrənmişəm.

2. Telefon danışığı Samir - Alo? Şəfa - Alo? Samir - Bəli Şəfa - Sabahın xeyir Samir - Salam Sabahınız xeyir. Şəfa - bildində kimdi danışan? Samir – Sevda sənsən? Şəfa - yox Sevda deyil Nəzrindi. Samir - kimdi? Şəfa - Eşidirsən sən bilirsəndə boşanmağı mən qərara almışam. Mənim sizin evdə mebellərim var. Samir - hə xeyirli olsun. Şəva - mebellərim bir də şey.. anavın məndən aldıqları qızıl əşyaları vardır. Anavın taxdığı, atavın taxdığı, bir də şey… nənəvin verdiyi vardı və qaynı arvadlarımın verdikləri vardır. Onları mən gəlib götürmək istəyirəm. Bir gün təyin elə gəlim götürüm. Samir – onların heç bir sənə çatmır. Şəfa - onlar necə mənə çatmır? Onlar mənim qızıl əşyalarımdı. Samir - sənə aldığım ağ briliant sənə çatır. Başqa heç nə sənə çatmır. Şəfa - onların hamısı mənə çatır. Anan gəlib mənim qabımdan götürüb apardı. Samir – onlar sənə çatmır. Şəfa - necə yəni çatmır sənə? Onlar mənə çatır Samir - onlar sənə çatmır. sənə mənim aldığım çatır. Şəfa - Bilirsən necədi. Mən onsuz da belə də götürməsəm məhkəmə yolu ilə mən onu alacam səndən. Samir - Xeyir mümkün deyil Şəfa - Necə mümkün deyil? Samir - mümkün deyil. Şəfa -Mümkündur alacam. Bir gün təyin eləginən gəlib qızıllarımı götürəcəm, bir də mebellərimi çıxaracam. Samir- hə hə heç nədən vaxtını keçir. Şəfa – bir də mebellərimi götürəcəm, bir gün təyin elə. Samir – nə təhər eləyim Şəfa – mebellərimi götürəcəm. Mənim mebellərim hardadı? Samir -sənə nömrə verərəm özün gedib götürərsən. Şəfa -mənim kuxnya mebelim sizin evdə Samir – sənin nəyin? Şəfa – kuxnya mebelim Samir – bizim kuxnya mebelinin pulunu verərsən onu da verərəm sənə. Şəfa – kuxnya mebelinin pulunu verəcəksən? Nə danışırsan sən? Samir- hə… Şəfa – mənim kuxnya mebellərim, bir də qızıllarımı gəlib götürəcəm. Oldu? sağ ol. Samir – mənim paltarlarım it-bat olub..

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Hazırda tərəflərin münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. İddiaçı ona məxsus qızıl-zinyət əşyalarının və bir ədəd mətbəx mebelinə aid divanın cavabdehdən alınaraq ona verilməsini, mümkün olmadıqda dəyərinin ödənilməsini xahiş edir, cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddia tələbində qeyd edilən bir ədəd mətbəx mebelinə aid divan cavabdehin valideynlərinin yaşadıqları evdən kirayə qaldıqları evə aparılmış, onların birgə nikahı dövründə satılmışdır, yəni sözügedən mənzil ev sahibinə təhvil verilərkən həmin divan orda olmamışdır. Tələb olunan qızıl-zinyət əşyaları ilə bağlı isə bildirir ki, onlar evləndikdən sonra birlikdə kirayə evdə yaşamışlar və sonuncu dəfə aralarında mübahisə yaranan zaman iddiaçı onu evdən qovmuşdur və o, daha sonra həmin evə qayıda bilməmişdir. Yalnız iddiaçı həmin evdən çıxdıqdan sonra mənzili ev sahibinə təhvil vermək üçün oraya getmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazısında qeyd edilən “həmin qızıllar sənə düşmür” ifadəsini isə qanunla qızılların iddiaçının mülkiyyəti ola bilməyəcəyini nəzərdə tutaraq bildirmişdir. Həmin səs yazısının isə sübut kimi istifadə edilməsinə etiraz edir, belə ki, həmin telefon danışığı yarımçıq kəsilmiş, yalnız iddiaçının özünün maraqlarına uyğun olan hissə təqdim edilmiş, sona qədər cavabdehin dedikləri təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sübutları, tərəflərin izahatlarını və iddia tələbinin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin qızıl-zinyət əşyaları ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh həmin əşyaların dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi olmadığını bildirsə də, onların mövcudluğunu etiraf etmişdir. Lakin, buna baxmayaraq həmin əşyaların cavabdeh tərəfdə olması işin halları ilə sübut olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin münasibətlərinin faktiki pozulmasına qədər cavabdehlə iddiaçı kirayə evdə yaşamışlar və aralarında mübahisə yarandığı gün evi cavabdeh tərk etmiş, iddiaçı isə bundan sonra 1 aylıq müddət ərzində həmin evdə yaşamağa davam etmişdir. Cavabdehin həmin gün onun əşyalarının iddiaçı tərəfindən kirayə qaldıqları evin blokuna atılması dəlilini iddiaçı mübahisələndirməmiş, ona etiraz etməmişdir. İddiaçı ona aid qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsini həmin gün aşkar etdiyini bildirdiyi halda, bununla bağlı müvafiq qurumlara müraciət etməməsini əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi səs yazısı ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia edir ki, qeyd edilən səs yazılarına əsasən qızılların cavabdehdə olması öz təsdiqini tapır. Cavabdeh isə bildirir ki, həmin səs yazılarında o yalnız hüquqi cəhətdən qızılların iddiaçıya düşmədiyini, iddiaçının belə bir hüququnun olmadığını bildirir. Səs yazılarına dinlədikdə də aydın olur ki, cavabdeh qızılların onda olmasını qəbul etmir və yalnız qızılların iddiaçıya düşmədiyini bildirir. Cavabdeh qeyd edir ki, qeyd edilən səs yazılarının davamında o, qızılların onda olmadığını bildirir, lakin iddiaçı həmin səs yazılarını kəsməklə özünə lazım olan hissəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, həqiqətən də səs yazıları tam deyil və tərəflərin söhbətləri anidən kəsilmişdir, lakin iddiaçıya dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı səs yazılarının davamını məhkəməyə təqdim etməmişdir. Məhkəmə səs yazısının yarımçıq kəsilməsini və təklif olunsa da, tam şəkildə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, telefonun danışığının yarımçıq təqdim edilməsi ancaq iddiaçının maraqlarına xidmət edə bilərdi. Məhkəmə iddia tələbinin 1 ədəd divanla bağlı hissəsi ilə bağlı da eyni mövqeyini təsdiq etməklə qeyd edir ki, həmin hissədə də, əmlakın cavabdehdə olması sübut olunmadığından iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, mətbəx dəstinin cavabdehin valideynlərinin evində olmasına baxmayaraq, mətbəx mebelinə aid divanın tərəflərin kirayə yaşadıqları evə aparılması faktına iddiaçı etiraz etməmiş, həmin faktı mübahisələndirməmişdir. İddiaçı həmçinin, cavabdehlə aralarında mübahisə düşəndən sonra cavabdehin elə həmin gün evi tərk etməsi və iddiaçıının orada yaşadığı dövrdə həmin evə qayıtmaması faktına da etiraz etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh çıxıb getdikdən sonra yaşadığı mənzili özü tərk edərkən mübahisə predmeti olan divanın həmin mənzildə mövcud olmasını hər hansı bir halla sübuta yetirə bilməmişdir.

Məhkəmənin gəldiyi nəticə İddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızının Cavabdeh qarşı “qızıl və cehiz əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı İmanova (Mikayılova) Şəfa Mikayıl qızının Cavabdeh qarşı “qızıl və cehiz əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar