Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-376/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Osmanova Maya Xanəhməd qızının iştirakı ilə, İddiaçı Osmanova Maya Xanəhməd qızının cavabdehlər Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızına qarşı “əmlak” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Osmanova Maya Xanəhməd qızına məxsus olan və hal-hazırda Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evində yerləşən 1 ədəd divan və 2 ədəd kreslo - 1400 manat, 2 ədəd çarpayı - 500 manat, 1 ədəd yataq çarpayısı - 1200 manat, 1 ədəd soyuducu ( Samsung markalı) -1500 manat, 1 ədəd televizor ( Samsung markalı) - 900 manat, 1 ədəd stol və 6 stul - 250 manat, 4 ədəd pərdə - 300 manat, 2 ədəd xalça - 200 manat, 2 dəst yorğan-döşək dəsti -250 manat, Qab-qacaq dəsti - 250 manat, 1 ədəd paltaryuyan ( Samsung markalı)-1200 manat dəyərində olan əşyaların, əşyalar mövcud olmadıqda onların dəyəri olan 6870 (altı min səkkiz yüz yetmiş) manat pulun, ödənilmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) dövlət rüsumunun cavabdehlər Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızından alınaraq iddiaçı Osmanova Maya Xanəhməd qızına verilməsi. İddia tələbinin dəlilləri O, özünə fərdi yaşayış evi almaq üçün makler vasitəsilə cavabdeh Həsənov Elşən Cavid oğlu ilə tanış olmuş, cavabdeh tərəfindən bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, faktiki istifadəsində olan 0.02 ha-torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 (üç) otaqlı fərdi yaşayış evini satır. Həsənov Elşən Cavid oğlu ilə fərdi yaşayış evinə baxış keçirilmiş və mətbəx mebeli də daxil olmaqla fərdi yaşayış evinin 24.300 (iyirmi dörd min üç yüz) manata alqı-satqısına razılıq əldə edilmişdir. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmadığından alqı-satqı prosesi vasitəçi Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, alqı-satqı prosesi, razılıq və pulun verilməsi videoya yazılmışdır. (alqı-satqı müqaviləsi və CD-disk əlavə olunur) İddiaçı tərəfindən Həsənov Elşən Cavid oğluna 24.300 (iyirmi dörd min üç yüz) manat pul tam şəkildə verilmiş, alqı-satqı 12.06.2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Eyni zamanda Həsənov Elşən Cavid oğlu tərəfindən 06.09.2022-cı il tarixli, 2277980004997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon Hövsan Südçülük Sovxozu” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 (bir) mərtəbəli, 3(üç) otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq Osmanova Maya Xanəhməd qızına satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir addım və tələbi olmayacaq. Eyni zamanda ərizə ilə hər hansı bir mübahisə yaranarsa şəxsən özünün cavabdehlik daşıyacağını etiraf etmişdir. Cavabdeh iddiaçıdan 1 ( bir) ay möhlət istəmiş və iddiaçı həmin müddət bitdikdən sonra evə köçmüş. Lakin evə köçdükdən bir neçə gün sonra mənzildə olmamağından istifadə edən cavabdeh Həsənov Elşən Cavid oğlunun həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Sonradan mənzilə köçürülmə tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, mübahisəli ev onundur, belə ki, o, həmin evi 2016-cı il tarixdə almışdır. Evdəki əşyalar da onundur, özü almışdır. 12 iyun 2022-ci il tarixdə evi Osmanova Maya Xanəhməd qızına 24300 manat qiymətə satmışdır. Ev satılan zaman o, arvadı Həsənova Aynura da məlumat vermişdir. Hətta o, iddiaçıya evə köçməyə, əşyaları daşımağa kömək etmişdir. Bununla da cavabdehin iddiaçıdan 24300 manat pulu aldığı bir daha sübut olunmuşdur. Lakin qeyd edilənlər nəzərə alınmamış, Suraxanı Rayon Məhkəməsinin 01.06.2023-cii il tarixli 2(010)-1495/2023 saylı qətnaməsinə əsasən, mənzilə köşürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 01,06.2023-cü il tarixli 2(010)-1495/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30.11.2023-cü il tarixli 2(103)-5827/2023 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Lakin məhkəmə bildirmişdir ki, iddiaçının istinad etdiyi 12.06.2022-ci il tarixli müqavilə və notarial qaydada təsdiq edilmiş ərizə iddiaçının məhkəmə qaydasında Həsənov Elşən Cavid oğlundan mübahisəli tikiliyə görə ödədiyi pul vəsaitini geri tələb etmək hüququnu yaradır. Yekun olaraq Masallı Rayon Məhkəməsinin 16.04.2024-cü il tarixli 2(050)-1075/2024 saylı qətnaməsinə əsasən, iddiası təmin edilmiş., Həsənov Elşən Cavid oğlundan 24300 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 163 manat, cəmi 24463 (iyirmi dörd min dörd yüz altımış üç) manat məbləğində pul alınaraq Osmanova Maya Xanəhməd qızına verilməsi qət edilmişdir. Mənzilə köçürülmə tələbi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edən zaman köçürülməsini istədiyi mənzildə yaşayan və mənzildən istifadə edən Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızı cavabdeh qismində işə cəlb edilmişlər. Məhkəmə prosesi zamanı cavabdeh Həsənova Aynur İsrail qızı iddiaya etiraz edərək izahatında göstərdi ki, mübahisəli ev atasınındır, belə ki, həmin evi atası 2017-ci il tarixdə yarıtikili vəziyyətdə Sofiya adlı şəxsdən almış və sonradan tikintini davam etdirmişdir. 2018-ci il tarixdən 2022-ci il iyun ayına kimi o, ailəsi ilə (Aynur, əri Elşən və uşaqları) birlikdə atasının icazəsi ilə həmin evə köçüb yaşamağa başlamışdır. Ailə münasibətlərində heç bir problem olmamışdır. 2022-ci ilin iyun ayında uşaqları ilə birlikdə tətil üçün rayona getmiş və sentyabr ayında qayıdanda evin başqasına satıldığını öyrənmişdir. Belə ki, o, darvazanın həyət tərəfdən bağlı olduğu görmüş, hasardan aşaraq içəri girəndə evdə kirayəçilərin yaşadığını görmüşdür və onlara evin atasının olduğunu izah etdikdən sonra onlar əşyalarını götürüb evdən çıxmışlar. Sonradan iddiaçı həmin evə gələrək evi Elşəndən aldığını demiş və bu barədə sənədləri də göstərmişdir. Lakin o, evdən çıxmaqdan imtina etmişdir. Ev satılan zaman ona heç bir məlumat verilməmişdir. Evdəki əşyalar da onundur və Elşən hətta əşyaları da satmışdır O, həmin evin satılmasına bir dəfə razı olmuş və Elşənə etibarnamə vermiş, evə makler də gəlmişdir. Lakin sondadan fikrindən dönmüş və evin satılmasına razı olmadığını Elşənə bildirmişdir. Hal-hazırda həmin evdə o özü və qardaşı yaşayır. Cavabdeh Məlikov İsrail Bəhmən oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bununla da sübut olunmuşdur ki, mübahisəli mənzildən halhazırda istifadə edən və həmin mənzildə yaşayan Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızıdır. İddiaçıya məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evində iddiaçıya məxsus olan əşyalar var ki, həmin əşyalar cavabdehlər tərəfindən ona geri qaytarılmır. Həmin əşyalar bunlardır; 1 ədəd divan və 2 ədəd kreslo - 1400 manat, 2 ədəd çarpayı - 500 manat, 1 ədəd yataq çarpayısı - 1200 manat, 1 ədəd soyuducu ( Samsung markalı) -1500 manat,1 ədəd televizor ( Samsung markalı) - 900 manat, 1 ədəd stol və 6 stul - 250 manat, 4 ədəd pərdə - 300 manat, 2 ədəd pərdə - 200 manat, 2 dəst yorğan-döşək dəsti -250 manat, qab-qacaq dəsti-250 manat, 1 ədəd paltaryuyan ( Samsung markalı) - 1200 manat. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı Osmanova Maya Xanəhməd qızı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Həsənov Elşən Cavid oğlu evi ona satdıqdan sonra əşyalarını evə yerləşdirmişdir. Daha sonra cavabdehlər evə zorla daxil olaraq iddiaçını döyərək çıxarmışlar. Cəmi 1 ay orada yaşamışdır. Evın çıxarılarkən əşyaları isə həmin mənzildə qalmışdır. Əşyalarını tələb edir. Hazırda cavabdehlərin yaşadığı mənzildə olan divan və iki kreslo onun deyil. Cavabdehlər Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova Aynur İsrail qızı iddia tələbinə etirazını bildirmiş və qeyd etmişdir ki, keçmiş həyat yoldaşı evi dələduzluqla satmışdır. Hətta məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, həmin ev atasına məxsusdur. O, bir aylıq rayona getmiş, qayıdanda görmüşdür ki, evdə başqaları kirayə yaşayır. O, rayona gedərkən evdən əşyalarını çıxarmamışdır. Evdə divan, 2 kreslo və güzgülü kamod qalmışdı. Güzgülü kamod iddiaçınındı. Onu verməyə heç bir etirazı yoxdur, gəlib götürə bilər. Atası İsrail Məlikov da onunla birlikdə həmin evdə yaşayır. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən Əyyubova Sədaqət Xəlil qızı ifadəsində göstərdi ki, onlar Binə qəsəbəsində qonşu olmuşlar. Heç bir qohumluq əlaqələri yoxdur. O sadəcə əşyaların yük maşınına yükləndiyini görmüşdü. Yadındadır ki, divan, paltaryuyan, çarpayı, kondisioner, soyuducu, tozsoran, televizor var idi. Təxminən bir il yarım əvvəl olub. Yay ayları olduğunu xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilən Məlikov Əli Paşaxan oğlu ifadəsində göstərdi ki, bu şəxsləri tanımır. Yolun kənarında dayanır, yaxınlaşıb müraciət edəndə yüklərini maşınla daşıyır. İddiaçı ona yaxınlaşdı, o da əşyalar maşına yükləndikdən sonra həmin ünvana aparmışdır. Əşyaları maşına özləri yığırdı. İddiaçı Osmanova Maya Xanəhməd qızı, oğlu və qızı da orada idilər. 2 maşın əşya aparmışdır. 1 maşın tam doldu, digəri isə yarısına kimi doldu. Qızının evindən təzə aldıqları evə aparırdılar. Evlər arası məsafə təxminən 1 km olardı. İki dəfə gedib gəlmişdir. İş materialları 01.06.2023-cü il tarixli 2(010)-1495/2023 saylı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Osmanova Maya Xanəhməd qızının cavabdehlər Həsənov Elşən Cavid oğlu, Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızına qarşı- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, 0.02 ha-torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. 30.11.2023-cü il tarixli 2(103)-5827/2023 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iddiaçı Osmanova Maya Xanəhməd qızının apellyasiya şikayəti təmin edilməmiş, 01.06.2023-cü il tarixli 2(010)-1495/2023 saylı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsi Osmanova Maya Xanəhməd qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 16.04.2024-cü il tarixli 2(050)-1075/2024 saylı Masallı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Həsənov Elşən Cavid oğlundan 24300 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 163 manat, cəmi 24463 (iyirmi dörd min dörd yüz altmış üç) manat məbləğində pul alınaraq Osmanova Maya Xanəhməd qızına verilməsi qət edilmişdir. 11.02.2025-ci il tarixdə maddi sübutlara yerində müayinə keçirilməsi zamanı qeydə alınan video yazıdan məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, 0.02 ha-torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı cavandeh Həsənova Aynur İsrail qızı evdə olmuş, iddiaçı Osmanova Maya Xanəhməd qızı evdə olan əşyalardan sadəcə güzgülü kamodun onun olduğunu etiraf etmiş, qalan əşyaların onun olmadığını demişdir. Cavabdeh Aynur Həsənova bildirmişdir ki, o, iddiaçını evdən qovub çıxaran zaman hazırki mövcud olan əşyalar bu evdə idi. Əri ilə 2 ilə yaxındır ki, əlaqəsi yoxdur. İddiaçı gəlib qapını döyüb əşyalarını götürmək istədə idi ona şərait yaradardı. Lakin iddiaçı heç vaxt gəlib əşyalarını götürmək üçün müraciət etməmişdir. İşin faktiki halları İddiaçı Maya Osmanova cavabdeh Aynur Həsənovanın əri Elşən Həsənova 24300 manat məbləğində pul vəsaiti verərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini almış və cavabdeh Aynur Həsənovanın əri Elşən Həsənov həmin pul məbləğini iddiaçı Maya Osmanovadan almışdır. Sonradan iddiaçı Maya Osmanova hazırki iş üzrə cavabdeh Aynur Həsənova tərəfindən həmin evdən çıxarıldığı üçün cavabdeh Elşən Həsənovdan vermiş olduğu 24300 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Masallı Rayon Məhkəməsinin 16.04.2024-cü il tarixli, 2(050)-1075/2024 saylı qətnaməsi ilə Elşən Həsənovdan 24300 manat məbləğində pul vəsaitinin tutularaq Maya Osmanovaya ödənilməsi qət edilmişdir. İddiaçı Maya Osmanova məhkəməyə müraciət edərək Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə yerləşdirdiyi ona məxsus olan ev əşyalarının cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlərdən Aynur Həsənova iddia qismən qəbul edir, yəni iddia tələbində qeyd edilən əşyalardan yalnız divan, iki kreslo və güzgülü kamodun onda olduğunu etiraf edir və qeyd edilən əşyaları geri qaytarmağa hazır olduğunu bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. 79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 185. 185.5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi Belə ki, hazırki mülki iş üzrə iddiaçı Maya Osmanova məhkəməyə müraciət edərək Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində ona məxsus olan ev əşyalarının cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlərdən Aynur Həsənova iddia qismən qəbul edir, yəni iddia tələbində qeyd edilən əşyalardan yalnız divan, iki kreslo və güzgülü kamodun onda olduğunu etiraf edir və qeyd edilən əşyaları geri qaytarmağa hazır olduğunu bildirir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı Maya Osmanova cavabdeh Aynur Həsənovanın əri Elşən Həsənova 24300 manat məbləğində pul vəsaiti verərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini almış və cavabdeh Aynur Həsənovanın əri Elşən Həsənov həmin pul məbləğini iddiaçı Maya Osmanovadan almışdır. Sonradan iddiaçı Maya Osmanova hazırki iş üzrə cavabdeh Aynur Həsənova tərəfindən həmin evdən çıxarıldığı üçün cavabdeh Elşən Həsənovdan vermiş olduğu 24300 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Masallı Rayon Məhkəməsinin 16.04.2024-cü il tarixli, 2(050)-1075/2024 saylı qətnaməsi ilə Elşən Həsənovdan 24300 manat məbləğində pul vəsaitinin tutularaq Maya Osmanovaya ödənilməsi qət edilmişdir. Cavabdeh Aynur Həsənova etiraf edir ki, iddiaçı Maya Osmanovanın məcburi şəkildə evi tərk etdikdən sonra həmin evə qayıtmamış və ona aid olan əşyalarını geri götürməmişdir. Lakin, bununla belə o, iddia tələbində qeyd edilən əşyaların hamısının sözügedən evdə olduğunu da qəbul etmir. Cavabdeh Aynur Həsənova həmçinin atası İsrail Mikayılovun da onunla bərabər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində yaşadığını bildirmişdir. Belə ki, cavabdeh Aynur Həsənova məhkəmə prosesində baş tutmuş yerli baxış zamanı bir ədəd divar, iki ədəd kreslo və bir ədəd güzgülü kamod, yorğan-döşək göstərərək iddiaçını evdən çıxararkən evdə sadalanan əşyaların olduğunu bildirmiş və qeyd etdiklərini məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiqləmişdir. İddiaçı isə göstərilən əşyalardan yalnız güzgülü kamodun ona aid olduğunu, digər əşyaların isə ona məxsus olmadığını bildirmişdir. Həmçinin, yerli baxış zamanı iddia tələbində adları çəkilən əşyalardan hər hansı birini aşkarlamaq mümkün olmamışdır. Bundan başqa, iddiaçı Maya Osmanova izahatında yerli baxış zamanı aşkarlanan kamodun korlandığını və həmin vəziyyətdə onu qəbul etməyə razı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddia tələbində sadalanan əşyalardan yalnız güzgülü kamodun sözügedən evdə olduğunu etiraf edir, o zaman tələb edilən digər əşyaların iddiaçı tərəfindən evə köçən zaman oraya yerləşdirilməsi və cavabdehdə olması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına ehtimal ortaya çıxır. Lakin, iddiaçı tələbini sübuta yetirmək yalnız izahatları və iki nəfər şahid ifadəsi ilə kifayətlənmişdir. Məhkəmə isə həmin iki şahidin ifadələrinin iddiaçının öz tələbini sübuta yetirə bilməsi üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı Maya Osmanovanın əvvəllər yaşadığı evdən Elşən Həsənovdan aldığı evə əşyaların daşındığı avtomobilin sürücü olan şahid tam şəkildə üst-üstə düşməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şahidlər ifadələrində dəqiq olaraq hansı əşyaların gətirilməsini görmədiklərini bildirdiklərindən şahid ifadələri qeyd edilən halları sübuta yetirmək üçün kifayət deyildir. Odur ki, iddiaçının güzgülü kamoddan başqa iddia tələbində qeyd edilən digər əşyalarını mənzilə yerləşdirməsi sübuta yetirilməmiş sayılır. Buna münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, iddiaçı güzgülü kamodun iddiaçının ilkin gətirdiyi vəziyyətdə olmadığını, korlandığını və bu səbəbdən onu qəbul etmək istəmədiyini bildirsə də, iddiaçı həmin əşya ilə bağlı tələbini geri çəkmədiyinə və hazırki tələb əşyanın geri qaytarılması ilə bağlı olduğuna görə əşya həmin vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Lakin, bununla belə məhkəmə vurğulayır ki, iddiaçı həmin əşyaya münasibətdə vurulmuş zərərlə bağlı gələcəkdə məhkəməyə iddia tələbi ilə bağlı müraciət etmək hüququnu özündə saxlayır. Məhkəmə həmçinin, cavabdehin həmin əşyanı geri qaytarmağa razılığının olduğunu əsas gətirərək, əşyanın real bazar dəyərinin müəyyən edilməsi səbəbindən məhkəmə prosesinin lüzumsuz yerə uzadılmasını ağlabatan hesab etməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Yataq çarpayısı dəstinə daxil olan 1 ədəd güzgülü kamod cavabdehlər Məlikov İsrail Bəhmən oğlu və Həsənova Aynur İsrail qızından alınaraq iddiaçı Osmanova Maya Xanəhməd qızına geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yataq çarpayısı dəstinə daxil olan 1 ədəd güzgülü kamod cavabdehlər Həsənova Aynur İsrail qızı və Məlikov İsrail Bəhmən oğlundan alınaraq iddiaçı Osmanova Maya Xanəhməd qızına geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Həsənova Aynur İsrail qızı və Məlikov İsrail Bəhmən oğlundan tutularaq iddiaçı Osmanova Maya Xanəhməd qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakjı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-376/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-376/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver