Məhkəmə qərarları › İş №2(010)-38/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-38/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-38/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı məxsus Əmircan qəsəbəsi köhnə Fioletov (indiki Xanoğlan Bayramov) küçəsindəki 5 saylı fərdi yaşayış evi, xx.xx.2003-cü il tarixli 30/843 qeydiyyat nömrəli çıxarış əsasında 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371.6 kv.m ümumi torpaq sahəsindən ibarət 5 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması və iddiaçının həmin ünvana köçürülməsi, 100 manat dövlət rüsumu, bundan sonrakı ödəməli olacağı rüsumlar və çəkdiyi maddi ziyanın əvəzinin Cavabdeh tutulması. İddia tələbinin dəlilləri İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində seriya FM 020652 nömrəli qeydiyyat vəsiqəsi ilə Əmircan qəsəbəsi köhnə Fioletov (indiki Xanoğlan Bayramov) küçəsindəki 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371,6 kv.m ümumi torpaq sahəsindən ibarət 5 saylı fərdi yaşayış evi, o ərazidə yanaşı qonşu və qohumu olan Cavabdeh Ağaməlik oğlu və ailəsi tərəfindən illərdir qanunsuz olaraq zəbt olunmuşdur. İllərdir həmin evdə qeydiyyatda olan üç övladıyla bərabər öz şəxsi mülkünə girməyə icazə verilmir, müxtəlif şər və böhtanlarla hədələyərək qapıdan içəri buraxmayıblar. Bu azmış kimi evdən çıxdığı zaman evin bütün sayğaclarını (qaz, su, işıq) bağladığı halda Cavabdeh Ağaməlik oğlu heç bir xəbərdarlıq, bildiriş etmədən qeyri qanuni şəkildə həmin evə qaz, su, işıq sayğacları qoydurmuşdur. Fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldıraraq çıxarış almışdır. Cavabdeh Ağaməlik oğlu onun evini 5-6 ildir ki, zəbt edib orada istədiyi kimi hərəkət edərək iddiaçını öz evinə buraxmır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir, 2017-ci ildən evdən çıxmışlar. Amma arada gəlirmişlər. 2021-ci və 2023-cü illərdə ödəniş etmişlər. Çünki bilmirdilər ki, cavabdeh evlərini zəbt edib. Evdən çıxan zaman işıq və qaz sayğaclarını bağlamışdılar. Su sayğacı yox idi, pul verib maşınla su gətizdirirdilər. Sonradan yaxınlıqda yaşayan qonşuları bildirmişlər ki, evdə kimsə yaşayır. Cavabdeh təxminən 7 il yarımdır ki, onların evində yaşayır. Dəfələrlə getmiş, lakin qapını bağlamış və onları evə buraxmamış, onları təhqir etmişdir. O, evi atası nə vaxt tikib bilmir, amma dünyaya gələndən həmin 4 otaqlı evdə yaşamışdır. Cavabdeh tərəf suyu, işığı və qazı şahidlə öz adlarına keçiriblər. 2008-ci ildə ailə qurub. 2008-ci ilə qədər orda yaşamış, sonra ailə qurub getmişdir. 2010-cu ildə yenidən qayıtmış, 2017-2018-ci ildə qızının məktəbinə görə çıxıb getmişlər. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı deyir ki, atası onu təhqir edib. Atası 2014-cü ildən yataq xəstəsi olub və Hövsanda yaşayıb, 2021-ci ildə rəhmətə gedib. Su və işıq sayğacını təxminən 2007-2008ci illərdə özü çəkdirmişdir. Heç qaz sayğacı orda olmayıb. Qaz sayğacını çətinliklə çəkdirmişdir. Hal-hazırda qaz sayğacı həyat yoldaşının adınadır. Kommunal ödənişlərin qəbzləri də var. Cavabdeh sübut təqdim etsin ki, sayğacları o bağlayıb. Bələdiyyənin sayğac qoymağa ixtiyarı yoxdur. Ümumi yaşayış sahəsində payı var. Hər ikisinin həmin sahədə yaşamaq hüququ var. Onun mənzildən çıxarılması əsassızdır, bu mülkiyyət hüququnun pozulması deməkdir. 2007-ci ildən həmin tikililəri tikmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının özünün də məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi mübahisəli Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi 5 saylı evin hazırda 10 nəfərdən artıq mülkiyyətçisi vardır. X1 cavabdehin atasıdır. Cavabdeh ailə üzvləriylə birgə atasından miras qalmış evdə yaşayır. Cavabdehin atasının həmin evdə 1/35 hissədə payı vardır, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh hazırda iddiaçı ilə eyni statusda mülkiyyətçidir. İddiaçının məhz cavabdehə qarşı həmin iddianı qaldırması nə məntiqə, nə də qanuna uyğun deyil. Cavabdeh heç vaxt iddiaçını evdən qovmamışdır. Onun özünün başqa yaşayış yeri var və uzun illərdir ki, orada ailəsilə yaşayır. Bundan başqa isə sual yaranır ki, iddia niyə məhz Cavabdeha qarşı qaldırılır.? Çünki, mübahisəli yaşayış evi üzrə ən azı 10 nəfərdən artıq mülkiyyətçisi var və həmin yaşayış evi dövlət reyestrindəki paylara uyğun olaraq mülkiyyətçilər arasında natura qaydasında bölünməyib. Bütün mülkiyyətçilər də müəyyən hissələrdə yaşayırlar. İddiaçının həmin evə köçürülməsi olarsa onun hansı hissəyə köçəcəyi də məlum deyil. Çünki, yaşayış evində əlavə tikililər də var. İddiaçının 1/35 hissədə payı isə hansı hissəyə düşməsi məlum deyil. Belə olan halda iddiaçının köçürülməsi olarsa onun hansı hissəyə köçməsi yeni mübahisəyə səbəb olacaq. Ona görə də iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Onu da qeyd edirəm ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Ona görə də iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində göstərdi ki, Süriyyə xanımı çoxdan tanıyır. Ev yurd evidi. O, doğulandan orda yaşayır. Onların evinin qapısı ayrı-ayrı açılır. Kəmalənin qızı onun oğlu ilə eyni sinifdə oxuyub. 9-10 il qabaq həmin evdən çıxıblar. Həyəti 10-12 il qabaq görüb. İç-içə otaqlar idi. Malikin evində olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadəsində göstərdi ki, Cavabdeh çoxdan tanıyır. Onun fəhləsi olub, illər keçdikdən sonra özü də usta oldu. Cavabdeh ondan xahiş etmişdi ki, evini tiksin. Kasıb adamdır, o da kömək etmişdir. Təxminən 17-18 il əvvəl o evi tikmişdir. O evi təkdaşla tikmişdir, lakin evə hardan daxil olduğunu xatırlamır. Orda köhnə ev var idi. Köhnə evə girməyib. Yəqin ki, yaşayış var idi. Dəqiq bilmir. İş materialları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322.50 kv.m olan fərdi yaşayış evi **********00- 10301 saylı reyestr nömrəsi ilə X8 adına 1/35 hissədə, X3 adına 3/35 hissədən bir hissədə, X4 adına 3/35 hissədən bir hissədə, X5 adına 3/35 hissədən bir hissədə, İddiaçı adına 1/35 hissədən bir hissə, Nümayəndə adına 1/35 hissədən bir hissə, X9 adına 1/35 hissədən bir hissə və X6 adına adına 1/35 hissədən bir hissə, Seyfulla Əhməd oğlu 23/35 hissə (açıq qalır) və X22 adına 7/35 hissədə payı müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli №10/1476 saylı məhkəmə ekspertiza mərkəzi tikinti-texniki obyektlərin tədqiqi barədə ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli (reyestr № **********00-10301) “Texniki Pasport” sənədinin “Torpaq sahəsinin planı” hissəsində “B” hərfi ilə işarələnmiş fərdi yaşayış evinin faktiki texniki göstəriciləri ilə “Texniki Pasport” sənədində qeyd olunan texniki göstəricilər arasında uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan Texniki Pasportun “B” tikilisinin planı hissədində 3 və 4 rəqəmləri ilə işarələnmiş otaqlara bitişik formada sahələri müvafiq olaraq 5.3 kv.m, 11.2 kv.m, 20.7 kv.m, 11.6 kv.m və 6.6 kv.m olan otaqlar qeyd olunsa da faktiki olaraq tamamilə fərqli ölçülərdə yəni, 12.5 kv.m, 11.8 kv.m, 13.5 kv.m və 8.3 kv.m olan otaqların mövcud olduğu və sahəsi 8.3 kv.m olan otaqdan həyətyanı sahəyə giriş-çıxış qapısının açıldığı müəyyən olunur. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X10 vərəsəsi oğlu X26r. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322.5 kv.m, o cümlədən yaşayış sahəsi 204,5 kv.m, yardımçı sahəsi 118 kv.m olan 11 otaqlı 5 saylı fərdi yaşayış evinin və ümumi sahəsi 36.2 kv.m olan həyətyanı tikililərin mərhumə X11 məxsus olan 7/35 hissəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki,19 iyun 1962-ci ildə vəfat etmiş Seyfulla Əhməd oğlunun vərəsəsi oğlu X30 idi, lakin onun 14 noyabr 1987-ci ildə vəfat etməsi ilə əlaqədar mirasın 1/35 hissəsi Bakı şəh, Suraxanı rar, Əmircan qəs, Bayramov küç, ev 5 də qeydiyyatda olan oğlu X2. Mirasın 23/35 hissəsi açıq qalır. Miras əmlak Bakı Zəhmətkeş Deputatlar Sovetinin İK-nin Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən 28.06.72-ci il tarixli 06 əmr saylı kitabının 835 səh-də qeydiyyata alnmış çıxarışa və AR ƏMDK-nin yanında DƏDRX-nin xx.xx.2014-cü il tarixli 06/3163 saylı arayışa əsasən Bakı şəh, Suraxanı rar, Əmircan qəs, Bayramov küçəsində yerləşən ümumi sahəsi 322.5 kv.m, o cümlədən yaşayış sahəsi 204.5 kv.m, yardımçı sahəsi 118 kv.m olan 11 otaqlı 5 saylı fərdi yaşayış evinin ümumi sahəsi 62.7 kv.m olan həyətyanı tikililərin mərhum Seyfulla Əhməd oğluna məxsus olan 24/35 hissəsindən ibarətdir. “İri şəhərlərin Birləşmiş Su təchizatı xidməti” publik hüquqi şəxs Suraxanı rayon Sukanal İdarəsi üzrə xx.xx.2021-xx.xx.2025-ci il tarixləri aralığında ödənişlərin siyahısından görünür ki, Cavabdeh sudan istifadəyə görə aylıq ödənişlər etmişdir. xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-2025-ci il tarixlər arasında qazdan istifadəyə görə ödənişlər etmişdir. Qaz sayğacı X7 adına rəsmiləşdirilmişdir. Məişət tullantılarının daşınması üçün 059394 və 105801 saylı mədaxil qəbzindən görünür ki, Seyfullayeva Suriyyə X.Bayramov küçəsi 5 ünvanı üçün ödəniş etmişdir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəh, Suraxanı rar, Əmircan qəs, Bayramov küç, ev 5 saylı fərdi yaşayış evi üzərində X8 adına 1/35 hissədə, X3 adına 3/35 hissədən bir hissədə, X4 adına 3/35 hissədən bir hissədə, X5 adına 3/35 hissədən bir hissədə, İddiaçı adına 1/35 hissədən bir hissə, Nümayəndə adına 1/35 hissədən bir hissə, X9 adına 1/35 hissədən bir hissə və X6 adına adına 1/35 hissədən bir hissə, Seyfulla Əhməd oğlu 23/35 hissə (açıq qalır) və X22 adına 7/35 hissədə payı müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi İddiaçı ona paylı mülkiyyət hüququ əsasında ona məxsus Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371.6 kv.m ümumi torpaq sahəsindən ibarət 5 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, özünün isə həmin ünvana köçürülməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, naturada ideal bölgü aparılmayıb, iddiaçının isə ilk gündən həmin evdən çıxanadək faktiki istifadəsində olan sahə yalnız girişdən sonrakı iki otaq olmuşdur, buna görə də iddiaçının yalnız həmin hissəyə köçürülməsinə razıdır. Cavabdeh həmçinin, iddiaçının 2007-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış evindən çıxdığını, başqa yaşayış yerində yaşadığını, cavabdehin özünün və atasının əlavə tikililər inşa etdiyini və sonuncunun həmin tikililəri 2010-cu ildə dövlət qeydiyyatına aldırdığını bildirir. İddiaçı isə cavabdehin etirazının dəlili ilə razılaşmır və bildirir ki, mübahisəli yaşayış evini 2017-ci ildə tərk etmiş, qızının məktəbinə yaxın olmağı üçün başqa ünvanda yaşamışdır. İşin hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi üzərində X8 adına 1/35 hissədə, X3 adına 3/35 hissədən bir hissədə, X4 adına 3/35 hissədən bir hissədə, X5 adına 3/35 hissədən bir hissədə, İddiaçı adına 1/35 hissədən bir hissə, Nümayəndə adına 1/35 hissədən bir hissə, X9 adına 1/35 hissədən bir hissə və X6 adına adına 1/35 hissədən bir hissə, Seyfulla Əhməd oğlu 23/35 hissə (açıq qalır) və X22 adına 7/35 hissədə payı müəyyən olunmuşdur. İşin faktiki hallarından həmçinin görünür ki, payçılardan Seyfulla Əhməd oğlu tərəflərin ulu babasıdır, X14 cavabdehin atasıdır, hər ikisi vəfat etmişdir. X13 da vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evinin digər payçıları müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının izahatlarına əsasən müəyyən edir ki, İddiaçı ona paylı mülkiyyət hüququ əsasında məxsus Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371.6 kv.m ümumi torpaq sahəsindən ibarət 5 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını, özünün isə həmin ünvana köçürülməsini tələb etsə də, əslində mübahisəli fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişində olan hissəsinə köçürülməsini, cavabdehin isə oradan çıxarılmasını istəyir. Bunu da onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evinin payçıları arasında ideal bölgü aparılmasa da, artıq uzun illərdir ki, payçılar arasında faktiki bölgü aparılmış, hər bir payçı digər payçıların faktiki istifadəsində olan tikiliyə susaraq razılıq vermişdir. Məhkəmə vurğulayır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sağ girişdə olan hissəsində əvvəllər cavabdehin ailəsinin və indi isə cavabdehin qardaşının yaşadığını mübahisələndirmir. Elə buradan irəli gələrək məhkəmə hesab edir ki, iddiaçı tələbində qeyd etdiyi kimi mübahisəli fərdi yaşayış evinin ümumi sahəsinə deyil, məhz əvvəllər yaşadığı hissəyə köçürülməlidir. Məhkəmə hesab edir ki, əks yanaşma, qətnamənin icrasını mümkünsüz edərdi. İddiaçı və ailəsinin əvvəllər yaşadığı hissəyə münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinə aid Texniki Pasportda mübahisəli yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişində sahəsi 15 kv.m, 18.4 kv.m və 20.7 kv.m olan 3 otaq qeyd edilsə də, 20.7 kv.m kimi qeyd edilən 3-cü otaq 13.5 kv.m və 8.3 kv.m iki otaqdan ibarətdir və sahəsi 8.3 kv.m olan otaqdan həyətyanı sahəyə giriş-çıxış qapısı mövcuddur. İddiaçı isə məhz, fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağına (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülməlidir. Belə ki, məhkəmə yerli baxış zamanı müəyyən edir ki, fərdi yaşayış evinin sözügedən 15 kv.m ölçüdə sahəsi çox köhnə və təmirsiz, ona nisbətdə “B” tikilisinin digər hissələrinin tikintisi isə yenidir. İddiaçı körpəlikdən orada yaşadığını, özünü tanıyandan həmin otaqların (18.4 kv.m, 13.5 kv.m və 8.3 kv.m sahədən ibarət 3 otaq) orada olduğunu bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, 15 kv.m ölçüdə olan birinci otaqla digər otaqların “yaşı” arasında “adi gözlə görünəcək” dərəcədə fərqin olması iddiaçının iddia tələbinə bu dəlilini ağlabatan hesab etmir. Məhkəmə həmin illərə aid xatirə şəkillərinin olmamasını və ya bu faktla bağlı hər hansı bir qohum-tanışının məhkəmədə şahidlik etməməsini da ağlabatan mülahizəyə uyğun hesab etmir. İddiaçının şahid qismində məhkəməyə dəvət etdiyi yeganə şəxs də, onun evinin içində olmadığını bildirmişdir. Bunun əksinə olaraq cavabdeh sözügedən otaqların inşa edilməsində iştirak edən ustanın məhkəmədə şahidlik etməsini təmin etmişdir. Beləliklə, məhkəmə iddiaçının əvvəllər fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağından başqa digər otaqlarında yaşamasını sübuta yetirilməmiş hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Qeyd edilənlərlə yanaşı, məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbinə uyğun olaraq məhkəmənin iddiaçının əvvəllər yaşadığı faktiki payına uyğun hissəyə köçürülməsi iddiaçıya gələcəkdə mübahisəli yaşayış sahəsinin naturada ideal bölgüsü ilə bağlı məhkəməyə müraciət edəcəyi təqdirdə bu qətnamə ilə köçürülməsi nəzərdə tutulan sahədən daha artığını tələb etmək hüququnu məhdudlaşdırmır. Hazırki iddianın predmeti yalnız paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə köçürülmə olduğundan və məhkəmə tərəfindən iddiaçının əvvəllər yaşadığı konkret sahə müəyyən edildiyindən məhkəmə iddia tələbinin həcmindən kənara çıxmayaraq iddiaçının həmin sahəyə köçürülməsini müəyyən edir. Bununla belə məhkəmə onu da qeyd edir ki, mövcud vəziyyətdə ümumi sahəsi 322.50 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının 35/1 nisbətdə payının olması və naturada ideal bölgü aparılacağı təqdirdə iddiaçının payına təxminən məhkəmənin köçürülməsini müəyyən etdiyi sahəyə uyğun sahənin düşəcəyi ehtimalını nəzərə alaraq məhkəmə bir daha hazırki iddia tələbi üzrə doğru qənaətə gəldiyini hesab edir. İddia tələbinin iddiaçının sonrakı ödəməli olacağı rüsumlar və çəkdiyi maddi ziyanın əvəzinin Cavabdeh tutulması hissəsinə gəldikdə məhkəmə bu hissədə iddiaçının tələbinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı sonrakı ödəməli olacağı rüsumlar və çəkdiyi maddi ziyanın əvəzinin nədən ibarət olması və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağından çıxarılmalı və İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağa (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otaqdan çıxarılsın. İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağa (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar