Məhkəmə qərarları › İş №2(010)-3841/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3841/2023

07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3841/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən brilyant qaşlı sırğa, üzük, qolbaq, boyunbağı, kulon dəsti - 5500 manat, brilyant beş qaşlı nişan üzüyü - 980 manat, üzük tək qaşlı - 220 manat, bir ədəd “damla” sırğa - 240 manat, üzük 585 əyar - 350 manat, boyunbağı “Ayətəl-kürsü” - 180 manat, cəmi 7479 manat dəyərində ona hədiyyə edilmiş qızıl - zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “Mən Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olaraq ailə qurmuşdum. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra mən el adəti ilə cavabdehin qeydiyyatda olduğu Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Rafiq Alcanov küçəsi, döngə 1, ev 9-da yerləşən mənzilə gəlin köçmüşəm. Həmin ünvana gəlin köçən zaman valideynlərim tərəfindən mənə verilmiş cehiz əmlaklarım da həmin ünvana aparılaraq orada qurulmuşdur. Cehiz əmlakım mən cavabdehin ünvanına gəlin köçməmişdən əvvəl mənim qohumlarım tərəfindən həmin ünvana aparılaraq yaşayacağım otaqlarda qurulmuş və bəzədilmişdir. Cavabdeh məni dəfələrlə evdən qovmuş, sonradan yenə barışmışdıq. Sonuncu dəfə cavabdeh mənimlə dalaşmış və məni evdən qovmuşdur. Mən fikirləşirdim ki, uşağımız var və yenə gəlib məni evimizə aparacaq. Lakin bu belə olmadı. Xətai Rayon Məhkəməsindən nikahın pozulması ilə bağlı çağırış gəldi. Lakin mən ailəmin dağılmasını istəmirdim. Bunun üçün məhkəmədən bizə barışıq üçün vaxt verilməsini xahiş etdim. Bizə barışıq üçün 3 ay vaxt verildi və nikahımız pozuldu. Mən cavabdehin barışmaq istəmədiyini gördükdə, cavabdehlə mənim nişan mərasimimdə cavabdeh tərəfindən mənə hədiyyə olunmuş qızılzinət əşyalarım və cehiz əmlaklarımı götürən zaman, cavabdeh qızıllarımı mənə verməkdən imtina etmişdir. Bu barədə cavabdehlə “whatsapp” yazışmalarım var, hansı ki, həmin yazışmalarda, cavabdeh bildirmişdir ki, “sənə qızıl düşmür”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, ona toy hədiyyəsi kimi alınan brilyant dəst öz iştirakı ilə alınmışdır. Dəstin qiymətinin 5000 manat olduğunu qayınanası həmişə xüsusi olaraq vurğulamışdır. Belə ki, qayınanası bu illər ərzində dəfələrlə ona “Sənə 5000 manatlıq dəst almışıq” deyərək, ona bahalı qızıl aldığını dilə gətirmişdir. Digər qızıllar yenə də cavabdeh tərəfindən, həmçinin baldızı və cavabdehin qohumları tərəfindən ona hədiyyə kimi alınmışdır. Onun ailəsində həmişə dava-dalaş, söz söhbət olmuşdur. Axırıncı dəfə isə çox ağır qrip olmasına, vəziyyətinin çox pis olmasına baxmayaraq, cavabdeh onu həkimə aparmaqdan imtina etmişdir. O da məcbur olub anasını çağırmışdır. Anası onun yanına gələn zaman həqiqətən də vəziyyətinin pis olduğunu görmüş və onu həkimə aparmaq istəmişdir. Lakin cavabdeh buna qəti etiraz etmiş, əgər gedərsə, bir daha evə qayıtmayacağını bildirmişdir. Bu dəfə də onlar arasında dava-dalaş düşmüş, o, uşağını və özlərinə məxsus zəruri paltarları götürərək, oradan getmişdir. Həmin gün həkimə getmiş, həkim onun “COVİD 19”a yoluxmasından şübhələndiyini deyərək, analiz verməsini tövsiyə etmişdir. Analizin nəticəsindən onun həqiqətən də “COVİD 19”a yoluxduğu məlum olmuşdur. Cavabdehin evindən çıxarkən o, birdəfəlik evi tərk etmək niyyətində olmamış, müalicə alıb yenidən ailəsinə dönəcəyini düşünmüşdür. Digər tərəfdən, ona alınmış qızıl-zinət əşyaları həmişə qayınanasında olmuşdur. Qayınanası qızılları öz otağında özünə məxsus şkafda saxlamışdır. Toya-məclisə gedən zaman qayınanası həmin qızılları taxmaq üçün ona vermişdir. Hətta uşağın doğum haqqında şəhadətnaməsi də qayınanasındadır və onu belə qaytarmır. Qızıllar saxlanılan şkaf bağlı olmasa da, onun öz qızıllarını sərbəst istifadə etməyə heç vaxt ixtiyarı olmamışdır. Bundan əlavə, qayınanası bir yerə gedən zaman həmişə otağın qapısını açarla bağlayıb getmişdir. Lakin həmişə ad günlərinə, toylara və bu kimi yerlərə qızıl əşyalarını taxıb getmişdir. Cavabdehin vəkilinin məhkəməyə təqdim etdiyi şəkildə, hansı ki, iddia edir ki, niyə həmin məclisdə qızıl-zinət əşyaları üzərində deyil, onunla bağlı bildirir ki, vəkilin təqdim etdiyi şəkil 2022-ci ilin fevral ayında cavabdehin bibisi nəvəsinin sünnət toyunda çəkilmişdir və məhz həmin şəkildə onun qulağında olan sırğa cavabdehin məhkəmə iclaslarında dəfələrlə dəstlə birlikdə satıldığını iddia etdiyi damla sırğadır. Buradan da bir daha cavabdehin ona məxsus əşyaları 3 il bundan əvvəl satması barədə iddialarının yalan olduğu görünür. Şahid qismində dinidirilən qayınanası da qızılın satışından əldə olunan pul vəsaitinin onun müalicəsi üçün xərcləndiyini bildirmişdir. Hansı ki, belə bir şey heç vaxt olmamışdır. Əgər həqiqətən də onu müalicə etmişlərsə, onda bunu sübut etsinlər, hansı həkimə getdiklərini, həkimin yazdığı resepti təqdim etsinlər. Digər tərəfdən, cavabdehlə “whatsapp” yazışmalarında da cavabdeh ona dəsti verməyəcəyini dəfələrlə demişdir və bu yazışmalar heç də cavabdehin iddia etdiyi kimi birlikdə olduqları vaxtlarda baş vermiş dava-dalaşdan sonra olan yazışmalar deyil. Belə ki, yazışmaların məzmunundan da bunun onların arasında alimentlə bağlı məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan sonraya təsadüf etdiyi aydın görünür. Bu da o deməkdir ki, bu yazışmalar onun artıq sonuncu dəfə evdən qovulduğu vaxtdan sonraya təsadüf etmişdir. Cavabdeh onunla boşanmaq üçün mediasiya təşkilatına müraciət edən zaman o, özünə məxsus qızıl-zinət əşyalarının qaytarılacağı təqdirdə boşanmağa razı olacağını bildirmiş və bu mövqeyini məhkəmədə də bildirmişdir. Dəstin qiymətinin 5500 manat məbləğində göstərməsinə gəldikdə qeyd edir ki, o, bu məbləği hazırkı bazar qiymətlərinə uyğun göstərmişdir. Hər bir halda məhkəmə tərəfindən qızıl dəstin 5000 manat dəyərində qiymətləndirilməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya alınmış bütün qızıl-zinət əşyaları onunla ailəli olduqları vaxtlarda - ən azı 3 il olar ki, satılmışdır. Qızılların satılma səbəbi isə iddiaçının psixoloji problemlərinin olması və bununla bağlı müalicə xərclərinin qarşılanması olmuşdur. Qızıl əşyaların satışından 1450 manat vəsait əldə edilmiş, onun 1200 manatı xəstəxana xərclərinə sərf edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “whatsapp” yazışmaları həqiqətən onunla iddiaçı arasasında baş tutmuşdur. Lakin bu yazışmalar iddiaçı ilə hələ bir yerdə yaşadığı dövrə aid yazışmalardır. Həmin vaxt onlar yenə dava-dalaş etmiş və iddiaçı anası evinə getmişdir. Yalnız orada yazılan sonuncu cümlə ona məxsus deyil. Həmçinin yazışmaların ardıcıllığı da pozulmuşdur. Yazışmalarda “5000 manatlıq dəst” qeyd etsə də, tək dəstin qiymətini deyil, ümumi qızılların qiymətini nəzərdə tutmuşdur. Qızıl dəstin əsl qiyməti isə 3800 manat olmuşdur. Qızıllar 2021-ci ildə toydan sonra satılmışdır. 2022-ci ilin sentyabr ayında məhkəməyə nikahın pozulması üçün müraciət etsə də, rəsmi olaraq nikaha 01 mart 2023cü il tarixdə xitam verilmişdir. O, iddiaçı evdən getdikdən 8-9 ay sonra ailə qurmuş, lakin rəsmi nikaha 3 ay əvvəl daxil olmuşdur. Boşanma prosesində iddiaçı məhkəmədən qızılların da ona verilməsini tələb etsə də, işə baxan məhkəmə qızılların mübahisə predmeti olmadığını bildirərək bu tələbi rədd etmişdir. Evdən gündən aliment alan iddiaçının qızılları qoyub getməsi mümkün deyil. İddiaçıya boşanma üçün məhkəməyə müraciət edəcəyini bildirən kimi o da qızıllarını tələb etdiyini bildirmişdir. Bundan əlavə, iddiaçı tələb etdiyi dəstin qiymətini düzgün göstərməmişdir. Belə ki, həmin dəsti onlar 3800 manata “Gənclik” metrostansiyası yaxınlığında yerləşən qızıl satışı ilə məşğul olan mağazadan almışlar. Həmin mağazanın satıcısı onların tanışıdır və onlar qızıl-zinət əşyalarını oradan alırlar. Buna görə də satıcı həmin dəsti onlara toydan sonra hissə-hissə ödəmək şərti ilə 3800 manata satmışdır. Digər tələb olunan qızıl əşyaların qiyməti də iddiaçı tərəfindən düzgün göstərilmişdir. Həm dəst qızıl-zinət əşyalarının satıcısı, həm də mübahisə olunan qızıl-zinət əşyalarını satın alan şəxs məhkəmədə şahid kimi ifadə verməkdən çəkinmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmənin əvvəli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, əmlakın qiymətləndirilməsinə dair mütəxəssis tərəfindən verilmiş rəylə razı deyillər. Belə ki, həmin qiymətlər həddən artıq şişirdilmiş qiymətlərdir. Məhkəmə iclasında mütəxəssis özü də iddiaçının qızıl-zinət əşyalarına dair verdiyi məlumatlar - onların çəkisi və karatı barədə məlumatlar və təqdim olunmuş şəkillər əsasında qiymətləndirmə apardığını etiraf etmişdir. Bundan başqa, onlar dəst qızılın satıcısı ilə görüşmüş, satıcı qeyd dəftərində xx.xx.2018-ci tarixdə satılmış 30.2 qram dəstin 3600 manata satıldığını və satılan əşyanın ödənişinin xx.xx.2018-ci il tarixdə həyata keçirildiyini bildirmişdir. İddiaçıya məxsus qızıl əşyalar onun öz razılığı ilə satılmışdır. İddiaçı özü məhkəmə iclasında bütün məclislərə qızıl əşyaları taxdığını etiraf etmiş, məhkəmədə müayinə edilmiş telefonun yaddaşında saxlanılan şəkildə isə onun üzərində dəstin və ya hər hansı qızıl-zinət əşyalarının olmadığı görünmüşdür. Buradan da iddiaçıya məxsus qızılların tərəflər ailəli olduğu dövrdə onun öz razılığı ilə satıldığı görünür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

Şahid ifadəsi.

6. Məhkəmədə ifadə verən şahid X4 bildirmişdir ki, o, Cavabdeh Faiz oğlunun anasıdır. Oğlu Cəlalla iddiaçı 18 iyul 2018-ci il tarixdə ailə qurmuşlar. Onlar ailə qurmazdan əvvəl iki ay müddətində nişanlı olmuşlar. Həmin müddət ərzində iddiaçıya 980 manat qiyməti olan qızıl üzük almışdır. Toy ərəfəsində kifayət qədər pulu olmadığı üçün hissə-hissə ödəmək şərtilə dəyəri 3800 manat olan qızıl dəst (boyunbağı, sırğa və qolbaq) almışlar. Sonra cavabdehin nənəsi iddiaçlya bir ədəd üzük hədiyyə etmişdir. Toydan sonra isə onun (şahidin) atası iddiaçıya dəyəri 250 manat olan üzük almışdır. Bundan əlavə, qızları iddiaçıya dəyəri 200 manat olan sırğa almışlar. Həmçinin ailəli olduqları müddətdə o, öz üzüyünü oğluna verərək, üzərində “ayətəl-kürsü” duası olan qızıl dəst almasını tapşırmış, üzüyün dəyəri 350 manat olmuşdur. Alınan qızıl dəstin dəyəri 400 manat olmuşdur. Bunlardan başqa iddiaçıya heç nə alınmamışdır. İddiaçının psixi problemləri olduğu üçün oğlu ilə yola getməmişdir. Bu problemlər artıq uşaq doğulandan əvvəl başlanmışdır. Dəfələrlə qızın anası onlara gəlib qızı aparmaq istəsə də, o, buna icazə verməmişdir. Anası qızı aparan vaxtlarda ailə barışsın deyə qızıl əşyaları iddiaçıya aparmaq üçün verməmişdir. Bu problemlər eynilə uşaq olandan sonra da davam etmişdir. 2021-ci ildə həm özü, həm də iddiaçı xəstə olduğu üçün, həm də iddiaçı qızılları bəyənmədiyini bildirdiyindən satıb ehtiyaclarını ödəmək üçün qızılları ona vermişdir. Onun atasının aldığı üzüyü, özünün (qayınananın) aldığı qızıl dəsti (boyunbağı, sırğa və qolbaq) və qızlarının aldığı sırğanı, eyni zamanda ona (qayınanaya) aid olan qızılları bu məqsədlə sataraq 2300 manat vəsait əldə etmişdir. Bu vəsaitlə iddiaçını 28 may ərazisində yerləşən psixoloqun yanına da aparmışlar. İddiaçının psixi problemləri uşaq vaxtından yaranmış, oğlu ilə ailə qurduqdan sonra davam etmiş və nəticədə aralarında problem yaranmasına səbəb olmuşdur. Dəfələrlə yaranan söz-söhbətdən sonra qızın cehizlərinin evindən çıxarılmasını tələb etmişdir. İddiaçının ailəsi də öz növbəsində evdə olan bütün cehizi, həmçinin iddiaçıya aid olan əşyaları aparmışlar. Aparılan əşyalar içərisində yerdə qalan qızıllar, eləcə də oğlunun nişan üzüyü, aldığı qızıl dəst (boyunbağı, sırğa və qolbaq) və nənənin aldığı üzük də olmuşdur. Satılan qızıllara gəldikdə isə sadə dəstdən (sep, qolbaq və sırğa) üzük istisna olmaqla hamısını satmış, həmçinin atasının aldığı 250 manat dəyərindəki və qızların aldığı 200 manat dəyərindəki sırğaları da satmışdır. Həmin müddətdə ehtiyacları çox olduğundan qızılları satmışlar. İddiaçı evdən nənənin aldığı 250 manat dəyərindəki üzüyü, özünün və oğlunun nişan üzüklərini və “ayətəl-kürsü” qolbaq və boyunbağı aparmışdır. İddiaçı 2021-ci ilin iyunun 1-də evdən getmiş, 2021-ci ilin oktyabr ayında isə cehizləri aparılmışdır. 2021-ci ildə qızının toyunda iddiaçının qızılları üstündə olmuşdur. Qızılların dəqiq satılma tarixini xatırlamasa da, təxminən 2021-ci ilin sentyabroktyabr aylarında satıldığını deyə bilər. İddiaçı evdən hər dəfə getməyə cəhd edəndə qızılları ondan alsa da evə qayıtdıqdan sonra yenə də qızılları geri qaytarmışdır. Yəni hər dəfə iddiaçı evdən dalaşıb gedən zaman qızıllar onda olmuşdur. Qızılları ona görə iddiaçıya verməmişdir ki, ailə dağılmasın. Nəinki qızıllar, sənədlər də onda olmuşdur. Lakin sonuncu dəfə gedəndə iddiaçı qızılları özü ilə aparmışdır.

Mütəxəssisin izahatı.

7. Məhkəmə iclasında izahat verən mütəxəssis X2 bildirdi ki, əmlakın qiymətləndirilməsi zamanı təcrübəyə uyğun olaraq təqdim olunan məlumatlar və şəkillər əsasında rəy verilir. Hazırkı iş üzrə də qiymətləndirmə də iddiaçının verdiyi məlumatlar və təqdim edilmiş şəkillər əsasında aparılmışdır.

İş materialları.

8. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(010)- 3974/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, təqdim olunmuş fotoşəkillər əsasında qızıl-zinət əşyalarının real bazar dəyəri 8593 manat (boyunbağı kulon dəsti 58 qr, 585 əyar 5974 manat, beşqaşlı brilyant nişan üzüyü və 6 qr qızıl 880 manat və 618 manat, üzük türk tək qaşlı 3 qr 585 əyar 240 manat, “damla” sırğa 3 qr 585 əyar 309 manat, üzük 4 qr 585 əyar 412 manat, sep “Ayətəl-Kürsü” türk 4 qr 585 əyar 160 manat) məbləğində qiymətləndirilmişdir.

10. Dörd ədəd toy mərasimində çəkilmiş fotoşəkildən gəlinin qulağında bir cüt sırğa, boynunda boyunbağı, hər əlinin barmaqlarında iki üzük, ümumilikdə dörd üzük olduğu görünür.

İşin faktiki halları.

11. İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuşdur.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər keçmiş ər-arvaddır. Hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, adətə uyğun olaraq toy mərasimləri ilə əlaqədar cavabdeh və ailə üzvləri tərəfindən iddiaçıya bir sıra qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən bu qızıllardan bir neçəsinin – bir boyunbağı, bir cüt sırğa, dörd üzük - toy günü gəlinin (iddiaçının) üzərində olduğu görünür.

17. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı iddia edir ki, cavabdehlə ailə münasibətlərinin pozulmasına baxmayaraq, cavabdeh ona məxsus qızılları qaytarmamışdır. Cavabdehin iddiasına görə isə bu qızılların bir qismi onlar hələ iddiaçı ilə ailə münasibətində olduqları dövrdə, iddiaçının razılığı daxilində satılmış, satışdan əldə edilən vəsaitin böyük hissəsi iddiaçının müalicəsinə xəsrclənmiş, qalan qızılı da iddiaçı evi birdəfəlik tərk edərkən özü ilə aparmışdır.

18. İddiaçı öz iddiasını təsdiq edən sübut kimi məhkəməyə onunla cavabdeh arasında baş tutduğunu iddia etdiyi yazışmanı (“Whatsapp” mobil tətbiqi vasitəsilə) təqdim etmişdir. Öz növbəsində cavabdeh də bu yazışmanın iddiaçı ilə onun arasında baş tutduğunu qəbul etmişdir. Belə olan halda məhkəmə bu yazışmanı iş üzrə tərəflər arasında baş tutmuş danışıq kimi qiymətləndirərək mötəbər sübut kimi tədqiq edir: 18.1. İ – (Sen adam balasi olaydin men o qizila teref baxsaydi kiwi deyildim ama sen ele bir wekillere duwdunki sene sipicqa bele ver...) cavab olaraq – Gozde gor sen vermiyessen dovlet verecry usaga da ele deyrdin gordun nolduu (iki gülüş işarəsi). 18.2. C – Bilirsen niye allahimnan cox raziyam and ola allaha; (Gozde gor sen vermiyessen dovlet verecry usaga da ele deyrdin gordun nolduu (iki gülüş işarəsi)) cavab olaraq – Tamam. 18.3. İ – Men de raziyam esas odu usagim yanimdadi; He de yeni kisilenme onu da alacam her seyi. 18.4. C – Men ama sene soz veremki sen cox cwkmez mewdagiya men yola salacam bax bu sozude men sene verem haaaa.

18.5. İ – Gulen gunlerindi gul; Men beynime bir weyi qoymuym. 18.6. C – (Bu deyqe beynimde odu satdin neynedin bilirsen hardan olsa onu sene cixartdiracam) cavab olaraq – Tamam inwallah sence men o boyda pul verib sorada onu sene bagiwdayacagdim ona gore sen ona layiq olmadin. 18.7. İ – Sen kimsen bagiwdigirsab; Qanun var e. 18.8. C – Qurana and olsun adam balasi kimi ayrilsaydix seysey daniwmasaydin yazmasaydin men vereceydim sene ama sen ele bir hede catdirdin meni onu bir allah bilir teksen yox senen anan; 18.9. İ – Onnn da qacassan?

18.10. C – (Men gormemiw deyilem sadece senin anan pul olusudu ona gore beledi) cavab olaraq - Sene ele gelir ay bedbaxt menim ana pul olsu olsaydı sene 5000 dest almazdi xesde. 18.11. İ – 5000 dest bu gun mene alinsaydi mrnde olardi. 18.12. C – Menim anami sen menen yaxwi taniyirsan neyse bele sopetder eliyib eseblerimnen oynama; (5000 dest bu gun mene alinsaydi mrnde olardi) cavab olaraq – Otursaydin yerinde sende olardi. 18.13. İ – (Otursaydin yerinde sende olardi) cavab olaraq – bu sohbeti yene acma o menim haqqimdi o ayri.

18.14. C – (bu sohbeti yene acma o menim haqqimdi o ayri) cavab olaraq – Sene ne lazimdi qizil; Onan xowbext olasan sen???; Alim getitim verim sene. 18.15. İ – Mennnen direwirsen vermiyecem mene de o acciq gelr deyirem; Yoxsa guya evde hec men onu taxmirdim. 18.16. C – Cunki sene duwmur o; Sen menen semimi ayrilsaydin o sene qurban idi mende aciga satdim. 18.17. İ – Sen mene aciqli olub deyersen duwmur haqqnan o menimdi. 18.18. İ - ... cavab olaraq – Ne dexli. 18.19. C – Ama sene soz verirem seni men delixanalix eliyecem bax soz verem qulaginda sirga ele bunu. 18.20. İ – Men sennen neyse isdemirem; (Ama sene soz verirem seni men delixanalix eliyecem bax soz verem qulaginda sirga ele bunu) cavab olaraq – (doqquz gülüş işarəsi); He deden de deyrdi. 18.21. C – (Men sennen neyse isdemirem) cavab olaraq – Ona gore qizil aliment filanwey; (bir gülüş işarəsi).

18.22. C – Men uje almiwam ama ay yazix (bir gülüş işarəsi). 18.23. İ – Qizili satib?) 18.23. C – Ayfon 12 cau. 18.25. İ – Kiwisen de ne deyim 18.26. C – Xaxaxa; Yox niye onun telefon almagima ne dexli 18.27. İ – Meb orda olanda pulun vardi alasan 18.28. C – (He yaxsi dedin deyecem satib baxin tel alib elinnen alacaglad) cavab olaraq – Hede vereler sen iwdedersen 18.29. İ – Annannan gunde dalawirdin gedim kredite alim

(Altı ədəd ekran görüntüsündə (skrinşot) təqdim edilmiş yazışmalar heç bir orfoqrafik və qrammatik səhv düzəldilmədən, olduğu kimi köçürülmüşdür; Yazışmalarda İ – İddiaçı, C – Cavabdeh yazdıqlarını əks etdirir).

19. Yazışmaların məzmunundan görünür ki, İddiaçı Cavabdeh qızıllarını qaytarmasını tələb edir, əgər cavabdeh qızılları qaytarmasa, dövlətin həmin qızılları ondan alacağından bəhs edir. Cavabdeh isə iddiaçının ondan “səmimi ayrılmadığını”, bu səbəbdən ona qızıl “düşmədiyi”ni, əgər iddiaçı ondan “adam balası kimi ayrılsaydı” qızıllarını ona verəcəyini, lakin iddiaçının öz hərəkətləri ilə onu bu həddə çatdırdığını, “o boyda pul verib” aldığı qızılları iddiaçıya bağışlamayacağını, iddiaçının buna layiq olmadığını, onun acığına qızılı satdığını bildirir.

20. Mətni bütövlükdə məhkəmə iclasında elan edilmiş bu yazışmalara münasibətdə cavabdehin etirazı yazışmaların ardıcıllığının dəyişdirilməsi, sonuncu cümlənin özünə aid olmaması və yazışmanın iddiaçı ilə ailəli olduqları dövrdə, aralarında baş tutmuş mübahisələrdən birindən sonra qeydə alınması ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, yazışmaların ardıcıllığından asılı olmayaraq, cavabdeh yalnız bir cümlədə yox, bir neçə yerdə iddiaçının qızıllarını satdığından, qızılları ona qaytarmayacağından, iddiaçının öz hərəkətləri ilə onu bu həddə çatdırdığından bəhs etmişdir. Bu baxımdan yazışmaların ardıcıllığının pozulması və yalnız bir cümlənin cavabdehə aid olmaması ilə bağlı inandırıcı olmayan etiraz, cavabdehin bu yazışmaların iddiaçı ilə öz arasında baş tutduğunu mübahisəsiz qəbul etdiyi hazırkı vəziyyətdə iş üzrə əhəmiyyət kəsb etmir. Bundan əlavə, yazışmaların məzmunundan görünür ki, iddiaçı cavabdehə alimenti aldığı kimi qızılları da alacağını bildirir, cavabdeh isə bir yerdə iddiaçının “Mən səndən heç nə istəmirəm” cümləsinə “Ona görə qızıl, aliment” cavabını verir. Buradan belə görünür ki, bu yazışma heç də cavabdehin iddia etdiyi kimi onların ailə münasibətlərinin pozulmadığı dövrdə yox, əksinə, birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbulundan sonra baş tutmuşdur.

21. Digər tərəfən, İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə ailə münasibətində olduğu dövrdə özünə məxsus qızılların həmişə keçmiş qayınanası Şövkət Qurbanovada olduğunu, yalnız hansısa məclisə gedəndə qayınanasının qızılları ona verdiyini, məclisdə qızılları taxdıqdan sonra yenə qayınanasının aldığını bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş cavabdehin anası, iddiaçının isə keçmiş qayınanası Şövkət Qurbanova bildirmişdir ki, cavabdeh oğlu ilə iddiaçının ailəli olduğu dövrdə onlar arasında bir neçə dəfə mübahisə olmuş, iddiaçı anası evinə getmiş, həmin vaxtlarda “ailə dağılmasın” deyə iddiaçının qızıllarını özündə saxlamış, yalnız iddiaçı evə qayıtdıqdan sonra qızılları ona qaytarmışdır.

22. Göründüyü kimi, məhkəmə iclasında ifadəsi dinlənilmiş və iş üzrə cavabdehin anası olan şahid iddiaçıya məxsus qızılların həmişə onda olması ilə bağlı iddiaçının izahatını tam təsdiq etməsə də, tərəflər arasında mübahisə olduğu və iddiaçının müvəqqəti anasının evinə getdiyi dövrdə qızılları özündə saxladığını qəbul etmişdir. Şahid yalnız sonuncu mübahisədən (iddiaçının evdən getdiyi və bir daha geri qayıtmadığı) sonra qızılları özündə saxlamadığını, iddiaçının satılmamış qızılları özü ilə apardığını bildirsə də, yuxarıda tədqiq edilmiş sübutların fonunda şahidin bu ifadəsi inandırıcı olmamışdır.

23. Cavabdeh tərəfin iddiaya etirazının əsasını təşkil edən bir digər hal tərəflərin ailə münasibətlərinin pozulmadığı dövrdə bu qızılların bir hissəsinin iddiaçının razılığı daxilində satılması və əldə edilən vəsaitin əsasən iddiaçının müalicəsinə xərclənməsi ilə bağlı olmuşdur. Lakin cavabdeh qızılların satılması və hansı istiqamətdə xərclənməsi ilə bağlı sübut edilməsi çox da çətin olmayan halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında ailə münasibətlərinin bir neçə il bundan əvvəl pozulduğu nəzərə alınsa, satılan qızılları alan şəxsin şahid kimi məhkəməyə təqdim edilməsi, yaxud satışdan əldə olunmuş vəsaitin iddiaçının müalicəsinə xərcləndiyini təsdiq edən hansısa sənədin məhkəməyə təqdim edilməsi xüsusən peşəkar hüquqi yardım alan cavabdeh üçün çox da çətin olmamalı idi. Lakin cavabdeh qızılların satılması ilə bağlı yeganə sübut kimi yalnız öz anasının şahid kimi ifadəsini təqdim etmişdir ki, tərəflər arasında yaxın qohumluq münasibəti də nəzərə alınsa, heç bir digər mötəbər sübutun yoxluğunda bu ifadə əsasında qızılların (bir hissəsinin) tərəflərin birgə nikahı dövründə satılıb xərcləndiyi nəticəsinə gəlmək mümkün deyil. Digər tərəfdən, yuxarıda tədqiq edilmiş yazışmalar da bu qızılların satıldığı nəticəsinə gəlməyə imkan vermir. Əksinə, həmin yazışmalardan belə görünür ki, iddiaçı öz hərəkətləri ilə həmin qızıllara “layiq olmadığından” cavabdeh bu qızılları iddiaçıya qaytarmamış, “iddiaçının acığına” satmışdır.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, cavabdehlə nikahı dövründə iddiaçıya hədiyyə edilmiş qızılların - brilyant qaşlı sırğa, üzük, qolbaq, boyunbağı, kulon dəsti; brilyant beş qaşlı nişan üzüyü; üzük tək qaşlı; bir ədəd “damla” sırğa; üzük 585 əyar; boyunbağı “Ayətəl-kürsü” – cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığı nəticəsinə gəlir. Bu cür nəticəyə gələrkən məhkəmə nəzərə alır ki, nə cavabdeh, nə də onun anası olan şahid qızılların sayı və növlərini mübahisələndirməmiş, iddiaçıya daha az qızıl hədiyyə edildiyini iddia etməmiş, cavabdeh tərəfin etirazı yalnız qızılların bir hissəsinin nikah dövründə satılması, qalanının isə iddiaçı tərəfindən aparılması ilə bağlı olmuşdur ki, bu etirazın işin həqiqi hallarına uyğun olmadığı artıq məhkəmə tərəfindən müəyyən edilmişdir.

25. Bundan əlavə, cavabdeh tərəf iddiaçıya hədiyyə edilmiş dəstin qiymətini də mübahisələndirmişdir. Belə ki, iddiaçının 5500 manat qiyməti olduğunu iddia etdiyi brilyant dəst cavabdeh tərəfin iddiasına görə 3800 manat qiymətində olmuşdur. İş üzrə rəyi alınmış qiymətləndirici mütəxəssis isə iş materiallarında olan fotoşəkillər əsasında qızıl dəstin qiymətini 5974 manat məbləğində qiymətləndirmişdir. Yuxarıda tədqiq edilmiş yazışmadan isə görünür ki, cavabdeh anasının iddiaçıya “5000 dəst” almasından bəhs etmişdir. Cavabdeh bu ifadəni iddiaçının keçmiş qayınanasına “pul ölüsü” deməsinə cavab olaraq işlətdiyindən (“Anam “pul ölüsü” olsaydı, sənə 5000 dəst almazdı” şəklində) ifadənin danışıq daxilində məhz iddiaçıya alınmış qızıl dəstin qiymətinə işarə etdiyi müəyyən olunur. Cavabdeh məhkəmə iclasında yazışmada “5000 dəst” yazdığını, lakin əslində bütün qızılların cəmi qiymətini nəzərdə tutduğunu iddia etsə də, məhkəmə iclasında şahid kimi ifadə vermiş cavabdehin anası iddiaçıya hədiyyə edilmiş qızıllardan yalnız brilyant dəsti birbaşa özünün aldığını, digər qızılların isə qohumlar tərəfindən alındığını bildirmiş, hər qızılı hansı qohumun aldığını bir-bir saymışdır. O, sonradan özünə məxsus üzüyü oğluna satması üçün verdiyini, satışdan əldə olunan pulla iddiaçıya “Ayətəlkürsü” dəsti alındığını bildirmişdir ki, cavabdeh və şahidin iddia etdiyi dəstin 3800 manat qiyməti ilə şahidin iddia etdiyi “Ayətəl-kürsü” dəstin 400 manat qiymətinin cəmi 5000 manat etmədiyindən, yazışmada cavabdehin anasının aldığı “5000 dəst” ifadəsi cavabdehin anasının aldığı qızılların cəmi dəyəri kimi başa düşülə bilməz.

26. Digər tərəfdən, iş materiallarında olan qızılların qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, həmin dəstin mütəxəssis tərəfindən müəyyən edilmiş qiyməti 5000 manatdan bir az çoxdur. Mütəxəssisin qiymətləndirməni cari bazar qiymətlərinə uyğun apardığını və mübahisə predmeti olan qızılların iddiaçıya 5 il əvvəl hədiyyə edildiyini nəzərə alan məhkəmə, qızıl dəstin qiymətinin tərəflər arasındakı yazışmada olduğu kimi 5000 manat, qiymətləri mübahisələndirilməyən digər qızılların isə qiymətlərinin iddia ərizəsində göstərildiyi kimi müəyyən edilməli olduğu nəticəsinə gəlir.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən 7470 manat qiyməti olan iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan dövlət rüsumu məbləğindən az olmuşdur.

28. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (6970 manat) uyğun olaraq ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 9.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qiyməti 5000 manat olan brilyant dəst (sırğa, üzük, qolbaq, boyunbağı, kulon), qiyməti 980 manat olan beşqaşlı nişan üzüyü, qiyməti 220 manat olan “türk” tək qaşlı üzük, qiyməti 240 manat olan bir cüt “damla” sırğa, qiyməti 350 manat olan bir ədəd 585 əyarlı üzük, qiyməti 180 manat olan “Ayatəl-Kürsü” qızıl dəsti, qızılların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 9.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 5000 manat olan brilyant dəst (sırğa, üzük, qolbaq, boyunbağı, kulon), qiyməti 980 manat olan beşqaşlı nişan üzüyü, qiyməti 220 manat olan “türk” tək qaşlı üzük, qiyməti 240 manat olan bir cüt “damla” sırğa, qiyməti 350 manat olan bir ədəd 585 əyarlı üzük, qiyməti 180 manat olan “Ayatəl-Kürsü” qızıl dəsti, qızılların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı, ödənilməmiş 9.7 manat (doqquz manat yetmiş qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar