Məhkəmə qərarları › İş №2(010)-386/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-386/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-386/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərə getməyilə əlaqədar ona bağışlanmış və cavabdehdə qalmış qızıl-zinət əşyalarının və ata evindən apardığı ona cehiz verilmiş əmlakların özlərinin, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərində 12030 manat məbləğində kompensasiya, həmçinin mediasiya arayışı almaq üçün ödədiyi 50 manat məbləğində rüsum pulu və məhkəməyə ödədiyi 77 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cehiz əmlakların ona geri qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək ərizə təqdim etdi və aralarında olan razılığa əsasən cehiz əmlakların ona geri qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, cehiz əmlaklar hazırda evdədir və iddiaçı istənilən zaman gəlib götürə bilər. Qızıllar ilə bağlı isə iddiaçı ilə razılığa gəlmişlər. Buna görə də ərizə təqdim edərək, iddiaçı ilə aralarında olan razılığa görə bütün cehiz əşyalarının qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul edərək tərəflərin öz aralarında razılığa gəldiklərini və buna görə də ərizələrini nəzərə alaraq, bütün cehiz əşyalarının qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

6. Fotoşəkillərdən bəzi cehiz əmlakların və qızıl-zinət əşyalarının mövcudluğu görünür.

7. Səsyazmanı özündə əks etdirən diskdə olan qadın və kişi arasındakı dialoqdan aydın olur ki, qadın qızılları kişiyə verib-vermədiyini sual verdikdə, kişi həmin qızılların ona verildiyni, qızılların onsuz da ona, yəni qadına məxsus olmasını bildirmişdir.

8. Whatsapp yazışmalarından görünür ki, iddiaçı cavabdehə “qızılları aldın indi səsiniz kəsildi?” sualını verdikdə, cavabdeh “qızıllar onsuz da sənindi, başqasının evində olmamalıdı, öz evində olmalıdı” cavabını vermişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 008717 №-li mütəxəssis rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş cehiz əmlakların bazar qiyməti ümumilikdə 4990 manat, qızılların dəyəri 7220 manat, ümumilikdə isə 12210 manat təşkil etmişdir.

10. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, qiymətləndirmə üçün iddiaçı tərəfindən 100 manat məbləğində pul ödənilmişdir.

11. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət olunan zaman 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

12. İddiaçı ilə Cavabdeh arasında nikahın bağlanması, bir sıra qızıl-ziynət əşyalarının toy münasibətilə İddiaçı hədiyyə kimi verilməsi və iddiaçının ailə qurarkən cehiz əmlakları gətirməsi, cavabdehin bütün cehiz əmlakların qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat ödənilməsi barədə iddia tələbini qəbul etməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

18. Belə ki, mülki iş üzrə cavabdeh ərizə təqdim edərək bütün cehiz əşyalarının qaytarılması və qızıl-ziynət əşyalarına görə 2500 manat ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

19. Odur ki, iddiaçı tərəfindən tələb olunan cehiz əmlaklar və qızıl-ziynət əşlarına görə 2500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,09 manat məbləğində pul və mediasiya orqanına müraciət edilməsi üçün ödənilmiş 50 manat, mütəxəssis rəyinin dəyəri olaraq 100 manat pul olmaqla, cəmi 226,09 manat pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında qalmış İddiaçı məxsus 6 yataq dəsti (pastel) - 300 azn, 2 döşək, 2 yorğan, 2 yastıq - 200 azn, 15 dəsmal - 90 azn, 2 süfrə - 70 azn, 6 qazan dəsti - 60 azn, blender - 30 azn, 2 xrustal meyvə qabları - 50 azn, 2 güldan - 60 azn, xrustal stəkanlar və nəlbəki 12 ədəd - 50 azn, 2 xalça - 200 azn, 24 ədəd qaşıq, çəngəl, bıçaq dəsti - 40 azn, 2 pərdə -150 azn, divar saatı - 40 azn, krem rəngli yataq otağı dəsti (taxt, dolab, paltar dolabı)- 1900 azn, qara rəngli qonaq otağı üçün dəst (böyük aynalı dolab, balaca aynalı dolab, televizor altlığı) - 400 azn, stol, 6 stul - 600 azn, boz rəngli künc divanı, jurnal stolu - 750 azn dəyərində cehiz əmlakları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 4990 manat və bir dəst 10 qram çəkidə boyunbağı-qolbaq, bir dəst 10 qram çəkidə boyunbağı-qolbaq, bir ədəd 22 qram çəkidə qarnitur dəst (boyunbağı, qolbaq, sırğa, üzük) bir cüt 5 qram çəkidə sırğa, bir dəst 4 qram çəkidə boyunbağı-klon, bir ədəd 2 qram çəkidə klon, bir ədəd 7 qram çəkidə nişan üzüyü (briliant qaşlı), bir ədəd 3 qram çəkidə sırğa (halqa formasında), bir ədəd 4 qram çəkidə qaşsız üzük, bir dəst 9 qram çəkidə boyunbağı-klonlu, 1 cüt 3 qram çəkidə sırğaya görə 2500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında qalmış İddiaçı məxsus 6 yataq dəsti (pastel) - 300 azn, 2 döşək, 2 yorğan, 2 yastıq - 200 azn, 15 dəsmal - 90 azn, 2 süfrə - 70 azn, 6 qazan dəsti - 60 azn, blender - 30 azn, 2 xrustal meyvə qabları - 50 azn, 2 güldan - 60 azn, xrustal stəkanlar və nəlbəki 12 ədəd - 50 azn, 2 xalça - 200 azn, 24 ədəd qaşıq, çəngəl, bıçaq dəsti - 40 azn, 2 pərdə -150 azn, divar saatı - 40 azn, krem rəngli yataq otağı dəsti (taxt, dolab, paltar dolabı)- 1900 azn, qara rəngli qonaq otağı üçün dəst (böyük aynalı dolab, balaca aynalı dolab, televizor altlığı) - 400 azn, stol, 6 stul - 600 azn, boz rəngli künc divanı, jurnal stolu - 750 azn dəyərində cehiz əmlakları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 4990 (dörd min doqquz yüz doxsan) manat və bir dəst 10 qram çəkidə boyunbağı-qolbaq, bir dəst 10 qram çəkidə boyunbağı-qolbaq, bir ədəd 22 qram çəkidə qarnitur dəst (boyunbağı, qolbaq, sırğa, üzük) bir cüt 5 qram çəkidə sırğa, bir dəst 4 qram çəkidə boyunbağı-klon, bir ədəd 2 qram çəkidə klon, bir ədəd 7 qram çəkidə nişan üzüyü (briliant qaşlı), bir ədəd 3 qram çəkidə sırğa (halqa formasında), bir ədəd 4 qram çəkidə qaşsız üzük, bir dəst 9 qram çəkidə boyunbağı-klonlu, 1 cüt 3 qram çəkidə sırğaya görə 2500 (iki min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,09 manat məbləğində pul və mediasiya orqanına müraciət edilməsi üçün ödənilmiş 50 manat, mütəxəssis rəyinin dəyəri olaraq 100 manat pul olmaqla, cəmi 226,09 (iki yüz iyirmi altı manat doqquz qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar