Məhkəmə qərarları › İş №2(010)-3862/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3862/2025

05.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3862/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. 1.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 1913-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş mərhum atası X4 26 iyun 2005-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi və 1927-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş mərhum anası X1 18 mart 2004-cü ildə Bakı şəhərində ev şəraitində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qardaşı X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik işlərinin həyata keçirilə bilməsi üçün onun ölüm faktı məhkəmə qaydasında müəyyən edilmişdir. Bu barədə Nizami Rayon Məhkəməsinin qətnaməsi vardır. Vərəsəlik işləri həyata keçirilərkən mərhum atası X4 və mərhum anası X1 ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Lakin mərhum atası və anasının ölüm faktı qeydiyyata alınmadığı üçün şəhadətnamələri təqdim edə bilməmişlər. Ona görə də vərəsəlik işi yarımçıq qalmışdır. Buna görə də ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətindədir. Belə ki, mərhum atası X7 1913-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş və 26 iyun 2005-ci ildə Bakı şəhərində ev şəraitində xəstəlikdən vəfat etmişdir. Mərhum anası X2 1927-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş və 18 mart 2004-cü ildə Bakı şəhərində ev şəraitində xəstəlikdən vəfat etmişdir. Mərhum ata və anası vəfat etdikdən sonra Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişlər. Mərhum valideynləri daimi olaraq Azərbaycanda yaşasalar da, Gürcüstan Respublikasının vətəndaşları olmuşlar, bu səbəbdən onların tibbi sənədləri olmadığına görə onların barələrində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Mərhum valideynlərinin ölümlərinin qeydə alınması barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, həmin şöbə tərəfindən ölümün qeydə alınmasından imtina olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən mərhum atası X4 və mərhum anası X1 ölüm haqqında şəhadətnamələrini ala bilməmişdir. Vərəslik işi üçün mütləq şəkildə ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi lazım olduğuna görə ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün hazırkı ərizə ilə müraciət etmək edir. Tərəflərin izahatları.

3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, mərhum qardaşı X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik işinin açılması üçün mərhum atası X4 və mərhum anası X1 ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Lakin mərhum atası və anasının ölüm faktı qeydiyyata alınmadığı üçün şəhadətnaməni təqdim edə bilməmişdir. Ölüm haqqında şəhadətnamə ona qardaşının vərəsəlik işinin həyata keçirilməsi üçün lazımdır.

4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

5. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə həm qonşu, həm də həmkəndlidirlər. Onun mərhum valideynlərini tanımasa da, ərizəçinin qardaşının dəfn mərasimində iştirak etmişdir.

6. Şahid Afqan Aslanov məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. 1988-ci ildən o, Bakı şəhərində yaşayır. Ərizəçi valideynləri vəfat etmiş və o, ərizəçinin valideynlərinin dəfnində iştirak etmişdir. Onlar Binə qəsəbəsində qəbirsanlıqda dəfn olunmuşlar.

İş materialları.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/15-541-2 saylı məktubdan müəyyən olunur ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ölən X4 ölümünün qeydə alınması haqqında müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-253/2025 saylı məktubdan müəyyən olunur ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ölən X4 ölümünün qeydə alınması haqqında müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

9. РЭ seriyalı 710693 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə doğulmuşdur. X8, anası Güllü İskəndər qızıdır.

10. Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 657 nömrəli arayışdan müəyyən olunur ki, həqiqətən də onun anası mərhum X2 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn edilmişdir.

11. Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 656 nömrəli arayışdan müəyyən olunur ki, həqiqətən də onun atası mərhum X7 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn edilmişdir.

12. Bakı şəhəri Nizami rayonu 2(007)-1056/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikasi, Dmanisi rayonu, Ormaşen kəndində anadan olmuş X3 17 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 43 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, mərhum anası X1 43 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir.

14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 43 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, mərhum anası X4 43 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir.

İşin faktiki halları.

15. Ərizəçi atası X7 1913-cü ildə doğulmuş və xx.xx.2005-ci il tarixdə və mərhum anası X2 1927-ci ildə doğulmuş və xx.xx.2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin valideynləri Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn edilmişlər. Ərizəçi valideynlərinin ölüm haqqında şəhadətnaməsi müəyyən hüquqi sənədləşdirmə işlərini aparmaq üçün, yəni qardaşının vərəsəlik işinin həyata keçirilməsi üçün zəruri olmasını əsaslandırmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.

4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi atası X7 1913-cü ildə doğulmuş və 26 iyun 2005-ci il tarixdə və mərhum anası X2 1927-ci ildə doğulmuş və 18 mart 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. Hər ikisi Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn edilmişlər. Ərizəçi valideynlərinin ölüm haqqında şəhadətnaməsi müəyyən hüquqi sənədləşdirmə işlərini aparmaq üçün, yəni qardaşının vərəsəlik işinin həyata keçirilməsi üçün zəruri olmasını əsaslandırmışdır.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 1913-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi və 1927-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş X1 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1913-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş X4 xx.xx.2005ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. 1927-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuş X1 xx.xx.2004cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar