Məhkəmə qərarları › İş №2(010)-3878/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3878/2023

25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3878/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 X4 tərəfindən xx.xx.2023-cu il tarixdə qəbul edilmiş MŞB/2-02957/2023 nömrəli Barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü övladı X2 ilə görüşün müəyyən edilməsi üçün Bakı şəhəri 2 X4na müraciət etmiş, uşağın anası Maraqlı şəxs ilə razılaşaraq uşağın hər həftənin şənbə günü 17:00-dan götürüb bazar günü saat 17:00-a kimi təhvil verməklə, eyni zamanda bayram və tətil günlərində görüş və onda qalması ilə bağlı Bakı şəhəri 2 X3 xx.xx.2023-cu il tarixli MŞB/2- 02957/2023 nömrəli Barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs və onun valideyni Barışıq sazişinin şərtlərini pozaraq uşaqla görüş üçün şərait yaratmırlar, uşağın onda qalması ilə bağlı heç bir müqavilə şərtini icra etmirlər. Halbuki barışıq sazişinin şərtləri tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişi Maraqlı şəxs tərəfindən icra olunmadığı üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs izahatında göstərdi ki, onunla Ərizəçi arasında barışıq sazişi bağlanmışdır. Mediasiyadan sonra nəzərdə tutulmuş vaxtlarda ərizəçi ilə qızı Esmira ünsiyyətdə olmuşdur. İyul ayının 22-də uşaq xəstə idi. Həmin gün Ərizəçi oğu uşağı ilə görüşmək üçün gəlmiş və bildirmişdir ki, dostları Fərid və Elgünlə birlikdə Qəbələyə getmək istəyir. O da uşağının xəstə olduğunu bildirmiş və buna etiraz etmişdir. Bu səbəbdən qızı Esmiranın atası və iki kişi ilə birlikdə Qəbələyə getməsinə etiraz etmişdir. Ərizəçi mediasiyadan sonra hər dəfə uşağı ilə görüşmüş, yeganə olaraq iyulun 22-də uşağın xəstəliyi ilə əlaqədar olaraq ərizəçi ilə görüşə bilməmişdir. Avqustun 1dən özü məzuniyyətə çıxaraq Tovuz rayonuna getmişdir. Keçən həftə də uşağın atası ilə görüşməsinə imkan verməyib və bildirmişdir ki, işləri məhkəmədə olduğundan mülki işə baxıldıqdan sonra uşaqla görüşə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X2 adlı övladı doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuş, ərizəçi ilə maraqlı şəxsin övladı Esmira ərizəçinin himayəsində saxlanılmışdır. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/2-02957/2023 saylı barışıq sazişi bağlanmış və X6 əsasən Ərizəçi ilə Maraqlı şəxs qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış bu müraciətdə göstərilən mübahisəni məhkəmədən kənar qaydada öz aralarında barışıq yolu ilə həll etsinlər. Tərəflər razılaşırlar ki, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin 1 (bir) günü (altıncı gün gündüz saat 17:00-dan həmin həftənin bazar günü gündüz saat 17:00-dək) və bundan əlavə 4 (dörd) gündən artıq olan bayram və tətil günlərinin isə 2 (iki) günü, yəni uşağı təhvil götürəcəyi birinci lünün gündüz saat 17:00-dan təhvil verəcəyi günün gündüz saat 17:00-dək atanın yanında qalmaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, ananın iştiraki olmadan, görüşə, ünsiyyətdə ola bilər. Həmçinin ata kimi valideynlik vəzifələrini yerinə yetirməklə, uşağın tərbiyəsi, təhsili və sağlamlığı ilə, eləcə də atalıq hüquq və vəzifələri ilə bağlı qanunda nəzərdə tutulmuş digər hüqüq və vəzifələri ilə məşqul ola bilər. 1-ci tərəf - Ərizəçi bu Barışıq Sazişində göstərilən şərtlərə, vaxta və müddətə əməl etməklə övladı xx.xx.2017-ci il təvəllüdlü X1 uşağın anası Maraqlı şəxs təhvil götürüb və ona təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf - Maraqlı şəxs da bu Barışıq Sazişində göstərilən şərtlər ilə razılaşır. Daha sonra, barışıq sazişi könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/2-02957/2023 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/2-02957/2023 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “X6 əsasən Ərizəçi ilə Maraqlı şəxs qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış bu müraciətdə göstərilən mübahisəni məhkəmədən kənar qaydada öz aralarında barışıq yolu ilə həll etsinlər. Tərəflər razılaşırlar ki, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin 1 (bir) günü (altıncı gün gündüz saat 17:00-dan həmin həftənin bazar günü gündüz saat 17:00-dək) və bundan əlavə 4 (dörd) gündən artıq olan bayram və tətil günlərinin isə 2 (iki) günü, yəni uşağı təhvil götürəcəyi birinci günün gündüz saat 17:00dan təhvil verəcəyi günün gündüz saat 17:00-dək atanın yanında qalmaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, ananın iştiraki olmadan, görüşə, ünsiyyətdə ola bilər. Həmçinin ata kimi valideynlik vəzifələrini yerinə yetirməklə, uşağın tərbiyəsi, təhsili və sağlamlığı ilə, eləcə də atalıq hüquq və vəzifələri ilə bağlı qanunda nəzərdə tutulmuş digər hüqüq və vəzifələri ilə məşqul ola bilər. 1-ci tərəf - Ərizəçi bu Barışıq Sazişində göstərilən şərtlərə, vaxta və müddətə əməl etməklə övladı xx.xx.2017-ci il təvəllüdlü X1 uşağın anası Maraqlı şəxs təhvil götürüb və ona təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf - Maraqlı şəxs da bu Barışıq Sazişində göstərilən şərtlər ilə razılaşır.” Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar