Məhkəmə qərarları › İş №2(010)-3888/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3888/2025

07.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3888/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2023-01810 nömrəli barışıq sazişinin 2.3cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs X8 ilə nikahlarını xx.xx.2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 61 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaq – X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 dünyaya gəlmişdir. Maraqlı şəxslə əvvəllər səmimi ailə münasibətlərində yaşasalar da, sonralar xasiyyətlərinin tutmaması və digər səbəblərdən aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də, maraqlı şəxslə faktiki olaraq ayrılmış və qarşı tərəf onunla birgə yaşadıqları evi tərk edərək valideynlərinin yanına getmişdir. Maraqlı şəxs ondan ayrılıb gedərkən birgə nikahdan doğulmuş azyaşlı övladlarını da özü ilə aparmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə uyğun olaraq, maraqlı şəxslə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün X8 tərəfindən mediatora müraciət edilmişdir. X2 tərəfindən tərəflər arasında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə MŞŞ/MT-018/2023- 01810 nömrəli barışıq sazişi təsdiq edilmişdir. “2.1. X8 və Ərizəçi aralarında xx.xx.2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. 2.2. X8 ilə Ərizəçi birgə nikahından anadan olmuş uşaqları – 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 anası X4 himayəsində və yanında saxlanılmasına X8 və Ərizəçi razıdırlar. 2.3. 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X11 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X8 və Ərizəçi razıdırlar. 2.4. Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağını həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda X6 qaytarıb təhvil verməyi öz öhdəsinə götürür. 2.5. Bu saziş imzalandıqdan sonra tərəflərin təqdim etdikləri sənədlərin əslləri mediator tərəfindən həmin sənədləri təqdim etmiş tərəfə qaytarılmış və mediatorda yalnız təqdim edilmiş zəruri sənədlərin surətləri və mediasiya prosesi ilə bağlı tərtib edilmiş sənədlər qalır”. Bundan sonra, X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon qeydiyyat şöbəsində cavabdeh Ərizəçi ilə 14 mart 2015-ci il tarixdə 61 nömrə ilə qeydə alınmış nikahın vaxt verilmədən pozulması, birgə nikahlarından olan uşaqları 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 himayəsində saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin, mediasiya xərci ilə bağlı ödənilmiş 100 manat pulun cavabdeh Ərizəçi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(075)-156/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 ilə Ərizəçi arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 61 nömrəli nikahın pozulması, mediasiya şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 anaları X4 yanında və himayəsində saxlanılmalarının razılaşdırılmasının nəzərə alınması, 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ərizəçi hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutularaq X6 verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Ərizəçi 62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. O, barışıq sazişi üzrə öz üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etsə də, X8 öz üzərinə düşən öhdəlikləri icra etməmiş, azyaşlı övladları ilə görüşüb ünsiyyətdə olmasına hər vəchlə maneə törətmişdir. Dəfələrlə sonuncudan üzərinə götürdüyü öhdəliyi icra etməsini xahiş etsə də, hər hansı müsbət nəticə əldə etməsi mümkün olmamışdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-156/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X8 ilə Ərizəçi arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 61 nömrəli nikahın pozulması, mediasiya şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 anaları X4 yanında və himayəsində saxlanılmalarının razılaşdırılmasının nəzərə alınması, 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ərizəçi hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq X6 verilməsi, aliment tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. X8 (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) arasında X10 1 saylı Mediasiya Təşkilatında aşağıdakı şərtlərlə xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01810 nömrəli barışıq sazişi bağlanmışdır: “2.1. X8 və Ərizəçi aralarında xx.xx.2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar. 2.2. X8 ilə Ərizəçi birgə nikahından anadan olmuş uşaqları – 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X5 anası X4 himayəsində və yanında saxlanılmasına X8 və Ərizəçi razıdırlar. 2.3. 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X11 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X8 və Ərizəçi razıdırlar. 2.4. Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağını həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda X6 qaytarıb təhvil verməyi öz öhdəsinə götürür. 2.5. Bu saziş imzalandıqdan sonra tərəflərin təqdim etdikləri sənədlərin əslləri mediator tərəfindən həmin sənədləri təqdim etmiş tərəfə qaytarılmış və mediatorda yalnız təqdim edilmiş zəruri sənədlərin surətləri və mediasiya prosesi ilə bağlı tərtib edilmiş sənədlər qalır”.

İşin faktiki halları.

7. Ərizəçi və Maraqlı şəxs birgə nikahından 2 uşaq - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur.

8. Tərəflər arasında baş tutmuş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişin 2.3-cü bəndinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X8 və Ərizəçi razıdırlar.

Tətbiq edilən hüquq.

9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddətkeçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu saziş qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İş materiallarına əlavə edilmiş M/V seriyalı, 146210 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranı statusuna malikdir. Barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edən ərizəçi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilməli, ödənilməmi. 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

16. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01810 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “...2.3. 20 dekabr 2015-ci il təvəllüdlü X3 və 16 aprel 2019-cu il təvəllüdlü X11 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X8 və Ərizəçi razıdırlar...” Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar