Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3896/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Masallı rayonunda ölməsi faktının müəyyən ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, qardaşı Ceyhun Əsədov vəfat etdikdən sonra digər qardaşı həkimdən ölüm kağızını almaq üçün rayona getmişdi. Lakin həkim məzuniyyətdə olduğu üçün 1-2 dəfə getməsinə baxmayaraq o sənədi ala bilməmişdir. Bundan sonra isə qardaşı sənədi almağın vacib olmadığını düşünərək heç bir hərəkət etməmişdir. Hazırda rayonda anasının evinə çıxarış alırdı və həmin sənəd də ona lazım idi. Orada bütün ailə üzvləri haqqında məlumat lazım olduğundan qardaşının ölüm haqqında şəhadətnaməsi lazım oldu. Qardaşı Bakıda vərəm xəstəliyindən dispanserdə qalırdı, sonra isə Masallıya getdi və orada vəfat etdi. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, ərizəçi qardaşının gəlinidir. Mərhumu əyani olaraq tanıyırdı, lakin onunla çox ünsiyyəti yox idi. Daha çox digər qardaşı ilə ünsiyyəti var. Ceyhun Rusiyada yaşayırdı, orada xəstə olub bura gəlmişdi və Ağciyər İnistitutunda müalicə alırdı. O, 10 iyul tarixdə vəfat etmişdir və dəfndə iştirak etmişdir. Mərhum Masallı rayonu Şərafə kəndində dəfn edilib. Onlar özləri də qonşu kəndin sakinləridir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Alidə xanımla ailəvi dostdurlar və onun qardaşı Ceyhun Əsədovun vəfatından məlumatlıdır. Belə ki, mərhum xx.xx.2014-cü ildə vəfat etmişdir və o da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, mərhum onun dayısı idi. Dayısı xx.xx.2014-cü ildə vəfat etmişdir və Masallı rayonu Şərafə kəndində dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş: Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli 847 №-li məktubdan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 adına Masallı MRK PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı rayon İHB-nın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli 329 №-li arayışdan görünür ki, mərhum X9 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məzar danışının foto şəklindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Masallı rayon Qeydiyyat şöbəsinin X8 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, X4 10 iyul 2014-cü il tarixdə Masallı rayonunda ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X4 10 iyul 2014-cü il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-3896/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3896/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver