Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3961/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cəbrayıl rayon qeydiyyat şöbəsi maraqlı şəxsi qismində göstərilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Cəbrayıl rayon qeydiyyat şöbəsi maraqlı şəxsi qismində göstərilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 26 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X10 01.04.1971-ci il tarixdə Cəbrayıl raonu Böyük Mərcanlı kəndində doğulmuşdur. Anası 2018-ci ildən bronx və ağciyərlərin bədxassəli xəstəliyindən əziyyət çəkmişdir. Bu ilin təxminən 12 mart tarixində müayinə zamanı Covid-19 pozitiv çıxmış, 26 mart 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayonu, Qaraçıxrı qəsəbəsi, A.Şadlinski 4B ünvanında vəfat etmişdir. Qohumların iştirakı ilə nasının Qaradağ rayonu, Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn etmişlər. Anası- 01.04.1979-cu il təvəllüdlü X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün poliklinikaya gec müraciət edildiyinə görə ölüm haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün Cəbrayıl rayon qeydiyyat şöbəsindən də ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, anasının ev şəraitində öldüyünü, anasının ölümünün rəsmiləşdirilməsinin lazım olduğunu bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cəbrayıl rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid kimi dindirilmiş X3 ifadəsində bildirdi ki, işdən icazə alıb vəfat edən çəxsin evinə getmişdir. Son saatlarını görmüşdür. 26 mart 2021-ci il tarixdə onun əlində vəfat etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2019-cu il tarixdə verilən AZ-T№ 090401 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 aprel 1971-ci il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində doğulmuşdur. X6, anası X4r. İş materiallarında olan XV-JQ№ 441255 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1990-cı il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 14290570 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 01 aprel 1971-ci il tarixdə Cəbrayıl rayonu, B.Mərcanlı kəndində doğulmuşdur. İş materiallarında olan Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 26 mart 2021-ci il tarixli çağırış üzrə 12:27 dəqiqədə xəstənin yanına gəlinmişdir. Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi 4B ünvanında X2 meyiti (həkimə ədər ölüm) müəyyən edilmişdir. Ölümün səbəbi: Covid-19 pozitiv, Bronx və ağciyərlərin bədxassəli yeni törəməsi. İş materiallarında olan 578 saylı, 21 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 253 nömrəli 31 may 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşamış 01.04.1971-ci il təvəllüdlü-mərhum X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün qohumları gec müraciət etdiklərinə görə, sistem geri tarixi qəbul etmədiyinə görə mərhumun adına müəssisə tərəfindən ölüm haqqında tibbi arayış verilməsi mümkün deyildir. İş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsinin 01 iyun 2021-ci il tarixli, 107/1-№ li məktubundan görünür ki, Ərizəçi X2 ölümü haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq, ölüm faktını təsdiq edən tibbi səhadətnaməni təqdim edə bilmədiyinə görə ölüm haqqında akt qeydini tərtib etməyin qeyri mümkün olduğu bildirilmişdir. İş materiallarına üzərində X9 01.04.1971-26.03.2021-ci il yazılmış baş daşı olan məzarın fotoşəkli əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, X2 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur..... Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 26 mart 2021-ci il tarixdə ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 01.04.1971-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulmuş X2 26.03.2021-ci il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3961/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3961/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver