Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3977/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair bəndinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00186 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 1385 saylı akt qeydi ilə qeydiyyata alınmaqla nikaha daxil olaraq rəsmi ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, son dövrlər pisləşməyə başlamış, bir müddətdir ki, artıq cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Ailə qurduqları vaxtdan münasibətləri normal olmuş, lakin hal hazırda münasibətləri pozulmuşdur. O, övladlarının xatirinə ailənin dağılmasını istəməsə də, münasibətlərini bərpa etmək mümkün olmamış, münasibətləri daha da kəskinləşmişdir. Gələcəkdə ər-arvad kimi birgə yaşamaqları və ailənin saxlanılması qeyri-mümkündür. Bu səbəbdən də, ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan nikahın pozulmasına qərar vermiş, onun üçün mediasiyaya müraciət etmişdir. Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində ərizəçi hazırkı iş üzrə maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər onlar arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 1385 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razı olmaları, ikinci tərəfin onların birgə nikahından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 birinci tərəfin yanında qalmasına razılıq verməsi, ikinci tərəfin uşaqların saxlanılması üçün 2025-ci ilin aprel ayından başlayaraq, hər ayın 20-dən 30-a qədər hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürməsi, birinci tərəfin uşaqların təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə ikinci tərəfin həftədə 1 gün olmaqla uşaqlarla ünsiyyətinə razılıq verməsi, ikinci tərəfin uşaqlara qarşı hər hansı fiziki gücdən və təhqirdən istifadə etməyəcəyi, onlarla əxlaqi qaydalar çərçivəsində davranacağı, əks halda birinci tərəfin hazırkı sazişlə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi və ya ümumiyyətlə ünsiyyətin aradan qaldırılması və nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcəyinə dair razılığa gələrək aralarında xx.xx.2025-ci il tarixli, MŞB/18/2025- 00186 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişi könüllü icra müddətində icra olunmalı olsa da, maraqlı şəxs sazişi könüllü şəkildə icra etməkdən boyun qaçırmışdır. Qeyd olunan barışıq sazişinin icra olunması ilə bağlı maraqlı şəxsə dəfələrlə müraciət edərək, sazişin icra olunmasını tələb etmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək, xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00186 nömrəli barışıq sazişinin alimentə dair bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğinin ödənilməsində müəyyən gecikmələr yaransa da, həmin məbləğləri ödəməkdə davam edir. Uşaqlar ərizəçinin olduğu kimi, onun da uşaqlarıdır və imkan olduqca həmin məbləği ödəyəcəkdir. Hazırda isə onun maddi vəziyyəti yaxşı deyil və işləmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. İş materialları AZ-İİİ seriyalı, 287282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 518 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı, 699096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 510 nömrə ilə qeyd edilmişdir. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00186 nömrəli barışıq sazişinin şərtləri aşağıdakılardır: “1.Tərəflər onlar arasında qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar.
2. İkinci tərəf (Maraqlı şəxs) onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 (bundan sonra uşaqlar) birinci tərəfin (Ərizəçi) yanında qalmasına razılıq verir.
3. İkinci tərəf (Maraqlı şəxs) uşaqların saxlanılması üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 20-dən 30-a qədər hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində alimenti birinci tərəfə (Ərizəçi) məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.
4. Birinci tərəf (Ərizəçi) uşaqların təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə ikinci tərəfin (Maraqlı şəxs) həftədə 1 gün olmaqla uşaqlarla ünsiyyətinə razılıq verir.
5. İkinci tərəf (Maraqlı şəxs) uşaqlara qarşı hər hansı fiziki gücdən və təhqirdən istifadə etməyəcək, onlarla əxlaqi qaydalar çərçivəsində davranacaq, əks halda birinci tərəf (Ərizəçi) hazırkı sazişlə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi və ya ümumiyyətlə ünsiyyətin aradan qaldırılması və nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcək.
6. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (100 manat) birinci tərəf (Ərizəçi) ödəmişdir”. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi 2025-ci ilin aprel ayından etibarən hər ayın 20-dən 30-dək müəyyənləşdirilmişdir. Hazırda ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin ödənilməsinə dair bəndinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə tərəflər bir sıra məsələlərlə yanaşı, yetkinlik yaşına çatmayan uşaqları üçün alimentin məbləği və ödənilməsi qaydasını də razılaşmışlar. Belə ki, sazişin 3-cü bəndi ilə maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 2025-ci ilin aprel ayından etibarən hər növbəti ayın 20-dən 30-dək ərizəçiyə hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilsə də, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən bir neçə ay ödənişlər edilmiş, növbəti ayların nəzərdə tutulan aliment ödənişində müəyyən gecikmələr yaranmış və razılaşdırılmış qaydada aliment məbləği ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin müvafiq bəndinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndi məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00186 nömrəli barışıq sazişinin alimentə dair bəndi (3-cü bəndi) təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00186 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “... 3.İkinci tərəf (Maraqlı şəxs) uşaqların saxlanılması üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 20-dən 30-a qədər hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində alimenti birinci tərəfə (Ərizəçi) məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür..” Qətnamə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva