Məhkəmə qərarları › İş №2(010)-4036/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4036/2021

03.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4036/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X20 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh və nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı əşya tələbinə dair iddia qaldırıb, onun ünvan 1 ünvanında yerləşən mənzildən cehiz əşyalarının, özünə və uşaqlarına məxsus paltarların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək 600 manat dəyərində paltaryuyan, 800 manat dəyərində kondisioner, 50 manat dəyərində ütü, 60 manat dəyərində ütü stolu, 80 manat dəyərində, duxovka, 120 manat dəyərində tozsoran, 350 manat dəyərində şkaf, 70 manat dəyərində elektrik sacı, 60 manat dəyərində mikser, mətbəx mebeli, 500 manat dəyərində divan- kreslo, 1 ədəd 600 manat dəyərində qoz ağacından stol, 6 ədəd stul, 6 ədəd xrustal bakal, 6 ədəd xrustal stəkan, 2 ədəd xrustal qəndqabı, 2 ədəd xrustal krafinka, 2 ədəd xrustal meyvəqabt, 6 ədəd xrustal rumka, 6 ədəd çay fincanı, 6 ədəd çay stəkanı, 50 ədəd güllü cehizlik boşqab, 12 ədəd çəngəl, 12 qaşıq, 12 bıçaq, 3 ədəd şirəli qazan, 1 ədəd nikel qazan, 6 ədəd metal qazan, 2 ədəd alüminium tava, 3 ədəd xrustal çərəz qabı, uşağın oyuncaq ayısı, 12 ədəd nəlbəki, 5 ədəd döşək - biri ikinəfərlik dördü təknəfərlik, 6 ədəd yorğan, 4 ədəd yastıq, 10 ədəd pastel dəsti, 3 ədəd pokrival, 3 ədəd böyük 1 ədəd uşaq adyalı, 2 ədəd süfrə, 1 ədəd jurnalni stol süfrəsi, 8 ədəd əl-üz dəsmalı, 3 ədəd çay dəsmalı, uşaqlara məxsus və mənə məxsus paltarlar, ayaqqabılar, kurtkalar. Qəhvə dəsti, 2 ədəd lüstur, 2 ədəd xalça, bir ədəd masaüstü kompüter, 1 ədəd divar saatı, 1 ədəd qaz sobasının ona qaytarılması, həmçinin cavabdehlə birgə nikah dövründə əldə etdikləri Merrcedes Benz markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 25 sentyabr 2005-ci il tarixdə faktiki nikaha daxil olmuş, 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahlarından 2006-cı ildə X4 və 2012-ci ildə X10 anadan olmuşdur. Cavabdehlə nikahları faktiki pozulmuş, uşaqları ilə birlikdə kirayədə aşayır. Lakin, cavabdeh onun və uşağının paltarlarını, həmçinin cehiz əşyalarını qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, nikah dövründə cəmi 1212 manata alınan Redmi Not 9S və Samsung A20 mobil telefonlarının ona çatası 606 AZN dəyərində payın pul və ya başqa kompensasiya şəklində İddiaçı onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2 (003)-2963/2021 № li, 26.07.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə “İdrak Elektroniks” mağazasından əldə etdiyi Redmi Not 9S (dəyəri 672 manat) və Samsung A20 (dəyəri 540 manat) olan, cəmi 1212 manat dəyərində olan iki ədəd mobil telefon aparatını özündə saxlamışdır. Ona görə də, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 tələb edilən qızıl-zinət əşyaları ilə bağlı onlarda olan və icra qurumu tərəfindən siyahıya alınan əşylaarın qaytarılmasına razı olduqlarını, siyahıda olan paltaryuyan və kondisionerin cavabdehin mərhum atası tərəfindən alındığnı, avtomobilin isə cavabdehin özünə yox, bacısına mənsub olduğunu bildirdi və tələbin bu hissələrdə təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh vəkilinin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X11 arasında 23 iyun 2012-ci il tarixdə 769 № li qeyd aparılmaqla rəsmi nikah bağlanmış, məhkəmənin qeyd edilən qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 769 № li akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş 06 iyul 2006-cı il təvəllüdlü X4 və 06 iyul 2012-ci il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, mübahisə predmeti olan Mercedes Benz C 180 minik markalı, ** DO *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə X6 məxsusdur. Qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuşdur. Verilmə tarixi-17.06.2021-ci il qeyd edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh atası mərhum X7 08.09.2018-ci il tarixdə optimal Elektroniks mağazasından Vestel W 7B104 markalı Paltaryuyanı 584 manata, 26 iyul 2020-ci ildə isə Kontakt Home mağazasından Hoffmann Siac-18/HR markalı kondisioneri 799,99 manata əldə etmişdir. İdrak Elektroniks mağazası tərəfindən verilmiş, 16 sentyabr 2019-cu il tarixli nisyə satılan malların qiyməti haqqında qaimədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, həmin tarixdə Cavabdeh hər ay 46 manat olmaqla, 12 ay ödəmək şərtilə 540 manata Samsung A20 əldə etmişdir. İdrak Elektroniks mağazası tərəfindən verilmiş, 08 noyabr 2020-ci il tarixli nisyə satılan malların qiyməti haqqında qaimədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, həmin tarixdə Cavabdeh hər ay 56 manat olmaqla, 12 ay ödəmək şərtilə 672 manata Redmi Not9s əldə etmişdir. Bakı şəhəri, Suraxanı rayon İcra şöbəsinin icraata xitam verilməsi haqqında 13.07.2021-ci il tarixli qərarından görünür ki, məhkəmənin iddianın təmini tədbirinin icrası üzrə Suraxanı rayonu, kənd Hövsan, Məktəbli küçəsi ünvanında yerləşən evdə ütü-1 ədəd, ütü stolu-1 ədəd, xrstal rumka-6 ədəd, Çay fincanı-6 ədəd, boşqab-50 ədəd, Şirəli qazanbalaca-2 ədəd, aliminium tava-2 ədəd, çörək qabı xrustal-1 ədəd,nəlbəki-6 ədəd, pastel dəsti-2 ədəd, pakrıval-3 ədəd, süfrə 1 ədəd, qəhvə dəsti aşkar olunmamışdır.Tələbdə göstərilən qalan əşyalar siyahıya alınmışdır. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid kimi çağırılmış X2 bildirdi ki, cavabdehin qardaşları söz-söhbət yaratmışdılar, sonradan tərəflər barışıblar, biz qızı (iddiaçını) götürüb aparmışıq. Cavabdeh tərəflə bir yerdə böyümüşük. Mənim ev əşylaarı dükkanım var. Tərəflərin toyu olanda hədiyyə kimi xalça, tozsovuran və digər əşyaları cehiz kimi Günelə hədiyyə vermişdik. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid kimi çağırılmış X3 bildirdi ki, Günel mənim qızımdır. Nikah vaxtı qızıma pul vermişdim ki, paltaryuyan, şkaf alsın. Ümumilikdə 1200 manat pul vermişəm. İlhamın özünün maşını olub. Markası Mercedes idi. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid kimi çağırılmış X9 bildirdi ki, o, iddiaçının bibisi oğludur. Cehiz əşyalarından televizor və digər cehiz əşyaları verilib. Eyni zamanda bir neçə ailə birləşib cehiz alınması üçün pul vermişik. Cavabdehin maşınını görməmişəm. Məhkəmə iclasında cavabdeh tərəfdən şahid kimi çağırılmış X12 bildirdi ki, tərəfləri tanıyıram, 2009-cu ildə İlhamın atası Məhməd dayının sifarişi ilə İlham üçün mebeli yığımışam. Divan kitab formasında idi. 2018-ci ildə isə Məhməd dayının sifarişi ilə qaz sobası almışam. Bu işləri mən yaxşı bacardığıma görə Məhməd dayı mənə sifariş verirdi. Məhkəmə iclasında cavabdeh tərəfdən şahid kimi çağırılmış X8 bildirdi ki, 2016-cı ildə özümə yeni komputer almışdım, köhnə komputerimi isə İlhmala Günelə vermişdim ki işlətsinlər. Avtomobillə bağlı bir söz deyə bilmərəm. Məhkəmə iclasında cavabdeh tərəfdən şahid kimi çağırılmış X13 bildirdi ki, cavabdehin bacısıyam. İddiaçı bəzi cehiz əşyaları gətirib. Məsələn, qab-qacaq-yorğan gətirib. Paltaryuyanı mənim atam alıb, Ütü və ütü stolu gətirmişdir, lakin onlar qırıldığına görə atılıb. Mətbəxi onlar üçün atam yığdırmışdır. Mətbəx mebelini isə məni qaynım yığıb. Qaz sobasını da atam almışdır. Avtomobili isə atam alıb, qardaşım maşın sürə bilmirdi. Hazırda isə avtomobil mənə məxsusdur. Atamın əvvəl jiqulisi olub, onu satıb və bankdan da götürdüyü pulla həmin maşın alınıb. Məhkəmə şahid ifadələrini iş üzrə ümumi nəticəyə gəlinməsi baxımından sübut kimi qəbul edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər rəsmi nikahda olmuşlar, hazırda nikahları məhkəmə qaydasında pozulub. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, birgə nikaha girərkən cehiz kimi gətirdiyi, eləcə də, sonradan əldə edilmiş tələbdə qeyd edilən əşyalar cavabdehə məxsus evdədir və ona qaytarılmalıdır. Eyni zamanda, birgə nikah dövründə birgə vəsait hesabına avtomobil də əldə edilmişir ki, həmin avtomobilə də, onun hissəvi mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh tərəf ilkin iddianı cehiz əşyalarının bəzilərinə münasibətdə qəbul edir, qalan hissələri isə rədd edir. Eyni zamanda qarşılıqlı iddia ilə çıxış edərək hesab edir ki, birgə nikah dövründə birgə vəsait hesabına alınan iki ədəd telefon hazırda ilkin iddiaçıda olduğuna görə onların dəyərinin yarısı tutulub ona verilməlidir. Məhkəmə ilkin iddia tələbini duxovka, tozsoran, şkaf, elektrik sacı, mikser, mətbəx mebeli, divan- kreslo, qoz ağacından stol, 6 ədəd stul, 6 ədəd xrustal bakal, 6 ədəd xrustal stəkan, 2 ədəd xrustal qəndqabı, 2 ədəd xrustal krafinka, 2 ədəd xrustal meyvəqabı, 6 ədəd çay stəkanı, 12 ədəd çəngəl, 12 qaşıq, 12 bıçaq, 1 ədəd şirəli qazan, 1 ədəd nikel qazan, 6 ədəd metal qazan, 2 ədəd xrustal çərəz qabı, uşağın oyuncaq ayısı, 6 ədəd nəlbəki, 5 ədəd döşək - biri ikinəfərlik dörd təknəfərlik, 6 ədəd yorğan, 4 ədəd yastıq, 8 ədəd pastel dəsti, 3 ədəd böyük 1 ədəd uşaq adyalı, 1 ədəd süfrə, 1 ədəd jurnalni stol süfrəsi, 8 ədəd əl-üz dəsmalı, 3 ədəd çay dəsmalı, uşaqlara məxsus və mənə məxsus paltarlar, ayaqqabılar, kurtkalar. 2 ədəd lüstur, 2 ədəd xalça, bir ədəd masaüstü kompüter, 1 ədəd divar saatı, 1 ədəd qaz sobasının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə həmin əşyaların iddiaçının cehiz əşyaları olması və onların cavabdehə məxsus evdə olması təsdiqini tapır. Məhkəmə iddia tələbini siyahıda göstərilmiş paltaryuyan maşın və kondisionerə münasibətdə əsassız hesab edir. Çünki, işə əlavə edilmiş sübutlardan görünür ki, həmin əşyalar cavabdehin atası tərəfindən alınmışdır. Ona görə də, məhkəmə bu əşyaları cehiz əşya kimi qəbul etmir. Cehiz əşyalarına müəyyən edilmiş qiymətlərlə bağlı məhkəmə qeyd edir ki, cehiz əşyalarının iddia tələbində qeyd edilən qiymətlərdə olmasını sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşdüyündən və iddiaçı tərəf bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilən əşyaların iddia tələbində göstərilən qiymətlərə olmasını sübut edilməmiş hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İlkin iddia tələbinin Merrcedes Benz markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə mülkiyyət hüququnun tanınması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsaən ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. İşə əlavə edilmiş sənədlərdən, eləcə də, tərəflərin izahatlarından müəyyən edilir ki, mübahisə predmeti olan avtomobil 2015-ci ildə cavabdehin adına mülkiyyətə alınmış, 17.06.2021-ci ildə isə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Tələbin bu hissəsi avtomobilə iddiaçının ½ hissədə payının tanınmasından ibarətdir. Məhkəmə hesab edir ki, nə qədər ki avtomobil üçüncü şəxsin adınadır, iddiaçının həmin avtomobilə mülkiyyət hüququ tanına bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi işin halları ilə sübuta yetirilmir. Çünki, qarşılıqlı iddiaçı birgə nikah dövründə əldə edilmiş telefon aparatlarına görə ödənilməli olan ümumi məbləğinyarı hissəsinin İddiaçı tutulmalı olmasını həmin əşyaların hazırda İddiaçı istifadəsində olduğu ilə əsaslandırır. Lakin, məhkəməyə bu halı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X26rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yaşadığı Suraxanı rayonu, kənd Hövsan, Məktəbli küçəsi ünvanında yerləşən evdə olan duxovka, tozsoran, şkaf, elektrik sacı, mikser, mətbəx mebeli, divankreslo, qoz ağacından stol, 6 ədəd stul, 6 ədəd xrustal bakal, 6 ədəd xrustal stəkan, 2 ədəd xrustal qəndqabı, 2 ədəd xrustal krafinka, 2 ədəd xrustal meyvəqabı, 6 ədəd çay stəkanı, 12 ədəd çəngəl, 12 qaşıq, 12 bıçaq, 1 ədəd şirəli qazan, 1 ədəd nikel qazan, 6 ədəd metal qazan, 2 ədəd xrustal çərəz qabı, uşağın oyuncaq ayısı, 6 ədəd nəlbəki, 5 ədəd döşək - biri ikinəfərlik dörd təknəfərlik, 6 ədəd yorğan, 4 ədəd yastıq, 8 ədəd pastel dəsti, 3 ədəd böyük 1 ədəd uşaq adyalı, 1 ədəd süfrə, 1 ədəd jurnalni stol süfrəsi, 8 ədəd əl-üz dəsmalı, 3 ədəd çay dəsmalı, uşaqlara məxsus və mənə məxsus paltarlar, ayaqqabılar, kurtkalar. 2 ədəd lüstur, 2 ədəd xalça, bir ədəd masaüstü kompüter, 1 ədəd divar saatı, 1 ədəd qaz sobası İddiaçı Hı̇ dayət qızına qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İlkin iddiaya görə ödənilmiş dövlət rüsumunun 5 manat məbləği Cavabdeh tutularaq İddiaçı Hı̇ dayət qızına ödənilsin, qalan hissəsi isə ilkin iddaçiya aid edilsin. Cavabdeh İddiaçı Hı̇ dayət qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar