Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4091/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 xx.xx.1997-ci il tarixdə ölüm faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölümün dövlət qeydiyyatına alınması və ölüm haqqında şəhadətnamənin verilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X21 ilə xx.xx.2007-ci il tarixdə Suraxanı rayon VVADQ şöbəsində rəsmi nikaha girməklə ailə qurmuşdur. Onların birgə nikahı dövründə həyat yoldaşının adına ünvan 1 ünvanında şəxsi mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlak əldə edilmiş və onun adına bu barədə çıxarış verilmişdir. Həyat yoldaşı xx.xx.2025-ci il tarixdə vəfat etmiş və onun adına bu barədə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. O, mərhum ərindən miras qalmış əmlakı öz adına keçirmək üçün notariat ofisinə müraciət etmiş, ondan ərinin valideynlərinin ölüm haqqında şəhadətnamələri tələb edilmişdir. Sənəd evdə olmadığından mərhum X1 ölüm sənədini əldə etmək üçün onun qızı X16 Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöəbsi özünün 3-16-5/8-1009/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X1 ölüm faktının müəyyən edilməsi üçün hazırda məhkəməyə müraciət edir. Mərhum X1 ölümü onun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbiristanlığında çəkilmiş qəbirin baş daşının üstündəki şəkli, anadan olduğu gün, ay, il və öldüyü gün, ay ilə sübut olunur. Belə ki, qayınatasının baş daşında xx.xx.1952-ci ildə doğulduğu, xx.xx.1997-ci ildə öldüyü tarix göstərilmişdir. Bundan başqa, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa, şahidlər X6, X14 təsdiq edirlər ki, həqiqətən xx.xx.1952-ci il tarixdə Bakı şəhərində andan olmuş, xx.xx.1997-ci ildə vəfat etmiş X5 dəfnində və yas mərasimində iştirak etmişlər.
Ərizənin dəqiqləşdirilməsi.
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, ərizəçi onların gəlinidir. Şamil isə onun atasıdır. Onun 20 yaşı olanda atası Şamil Məmmədov rəhmətə getmişdir. Atası və anası boşanmış, atası rəhmətə gedən zaman öz anasının yanında yaşamışdır. Ərizəçinin həyat yoldaşı, yəni onun qardaşı Ramin isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun anasının xalası qızının gəlinidir. Ərizəçinin əri təxminən 5 ay olar ki, rəhmətə gedib. Ərizəçinin qayınatası Şamili tanıyır. Şüvəlan qəsəbəsi, Nizami küçəsində gözünün önündə rəhmətə getmişdir. Şamil Məmmədov onun qonşusu olmuşdur. Şamilin dəfnində də iştirak etmişdir. Dəfndə həm qonşu, həm də qohum kimi iştirak etmişdir.
İş materialları.
8. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 295566 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 və X2 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 394 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********47-10301 reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, döngə 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi X11 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.
10. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 496092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2025-ci il tarixdə “kordiogen şok” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 373 nömrə ilə qeyd edilmişdir.
11. Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş V-JQ seriyalı, 407976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 (atası X12, anası X9) xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 332 nömrə ilə qeyd edilmişdir.
12. Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X4 nikahı pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 141 nömrə ilə qeyd edilmişdir.
13. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 354999 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə “kaxeksiya, yemək borusunun xərçəngi” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1008 nömrə ilə qeyd edilmişdir.
14. Maraqlı şəxs tərəfindən X13 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X7 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
15. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1952-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
16. Bakı şəhəri Xəzər rayon Şüvəlan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 185 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və həmin tarixdə Şüvəlan qəbiristanlığında dəfn edilmişdir.
17. İş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkildən üzərində “X12 xx.xx.1952 – xx.xx.1997” həkk olunmuş qəbir daşı görünür.
İşin faktiki halları.
18. Ərizəçi mərhum qayınatası xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin qayınatasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi iddianı müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdirlər.
Tətbiq edilən hüquq.
19. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
22. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qayınatası xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1951-cı il təvəllüdlü X7 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qayınatasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qayınatasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdirlər.
25. Göründüyü kimi ərizəçinin qayınatası xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1951-cı il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.