Məhkəmə qərarları › İş №2(010)-4123/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4123/2025

24.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4123/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs ilə xx.xx.2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaq – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşadıqdan sonra ailədə müxtəlif səbəblərdən münaqişələr yaranmış və müvafiq məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Maraqlı şəxs tərəfindən uşaqlarının saxlanılmasına maddi köməklik göstərilmədiyindən o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də o, mediasiya təşkilatına müraciət etmiş, Bakı 11 saylı Mediasiya Təşkilatında aralarında xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən, maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ayın 20-dək nağd qaydada və ya onun bank hesabına köçürülmə yolu ilə həyata keçirilməli olsa da, maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Nəticə etibarı ilə barışıq sazişi maraqlı şəxs tərəfindən hələ də icra edilməmiş qalmaqdadır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 nömrəli barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq sazişin könüllü qaydada icra edilməməsi səbəbindən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs bildirdi ki, o, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin şərtlərini saziş bağlandıqdan sonra ərizəçi uşaqları ona göstərmədiyi üçün aliment öhdəliklərini son iki ay müddətində icra etməmişdir. Onun icrasından yayınmır. Düşünür ki, ərizəçi onun uşaqlarla ünsiyyətinə bərpa etməli və bundan sonra barışıq sazişinin alimentə dair bəndinin icrasına davam edilməlidir. Odur ki, məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3486/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X6 cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 1247 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 463963 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs və X4 nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 640 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Hüseynov, qadına Şahsuvarlı soyadı verilmişdir. Şahsuvarlı (Hüseynova) Arzu Namiq qızı (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 nömrəli barışıq sazişi bağlanmışdır: “1.Tərəflər saziş imzalandıqdan sonra aralarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1247 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.

2. İkinci tərəf (Maraqlı şəxs) övladları xx.xx.2014-cü il doğum tarixli X7 və xx.xx.2015ci il təvəllüdlü X3 birinci tərəfin (Şahsuvarlı (Hüseynova) Arzu Namiq qızının) himayəsində qalmasına etiraz etmir.

3. İkinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Şahsuvarlı (Hüseynova) Arzu Namiq qızına) xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il doğum tarixli X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ayın 20-dək nağd qaydada və birinci tərəfin (Şahsuvarlı (Hüseynova) Arzu Namiq qızının) bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.

4. Birinci tərəf (Şahsuvarlı (Hüseynova) Arzu Namiq qızı) ikinci tərəfə (Maraqlı şəxs) övladları ilə onların təhsilindən və istirahətindən asudə vaxtlarda heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq”. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulan uşaqların ananın yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan aliment tutulması forması və qaydası, eləcə də atanın uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsi üsulu barədə razılıq əldə edilmişdir. Sazişin 3cü bəndi ilə maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 20-dək ərizəçiyə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilsə də, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən bir neçə ay ödənişlər edilmiş, növbəti ayların nəzərdə tutulan aliment ödənişində müəyyən gecikmələr yaranmış və razılaşdırılmış qaydada aliment məbləği ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində barışıq sazişinə verilən anlayışa əsasən, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma kimi təsbit edilmişdir. Qanunvericiliklə bir sıra hallarda mediasiya prosesi nəticəsində bağlanmış, tərəflərin hüquq və vəzifələrini müəyyən edən və etibarlı hüquqi nəticələrə səbəb olan yazılı razılaşma kimi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi imkanı nəzərdə tutulmuş və bu imkan bir sıra şərtlərin eyni anda mövcudluğundan asılı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Müvafiq prosessual hüquq normasının tələblərindən göründüyü kimi qanunla iki halda məhkəmələrə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi imkanı verilmişdir – 1) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya 2) barışıq sazişinin könüllü icrasından imtina olunduqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından imtina dedikdə isə tərəflərin barışıq sazişi ilə öz üzərlərinə götürdükləri öhdəlikləri şəxsi seçim əsasında icra etməmələri və bu icradan könüllü şəkildə yayınmaları başa düşülür. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin məzmununda maraqlı şəxs tərəfindən aliment ödənilməsi ilə bağlı öhdəliklərin könüllü icrasından imtina edilməsinə və bu öhdəliklərin tam şəkildə yerinə yetirilməməsinə istinad edilsə də, məhkəmədən barışıq sazişinin alimentə dair hissəsinin deyil, məhz bütövlükdə barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin birinci bəndi icra edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3486/2023 nömrəli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması qət olunmuşdur (nikahın pozulması haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir). Müvafiq sazişinin ikinci bəndi uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı qarşılıqlı razılaşmanı ehtiva edir ki, bu barədə də tərəflər arasında mübahisəli hüquqi vəziyyət mövcud deyil və həmin bəndin təsdiqi qanunla müəyyən edilmiş zərurətdən irəli gəlmir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq olaraq üçüncü və dördüncü bəndlərinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndləri məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 nömrəli barışıq sazişinin üçüncü və dördüncü bəndləri təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-01043 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: “... 3.İkinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il doğum tarixli X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 məqsədilə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ayın 20-dək nəğd qaydada və birinci tərəfin (Ərizəçi) bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.

4. Birinci tərəf (Ərizəçi) ikinci tərəfə (Maraqlı şəxs) övladları ilə onların təhsilindən və istirahətindən asudə vaxtlarda heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq.” Qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar