Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4286/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, anası xx.xx.1960-ci ildə İsmayıllı rayonunda anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. X2 xx.xx.1960-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, onlarla birlikdə Bakı şəhərində yaşamış və xx.xx.2025-ci ildə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və qohumları anasını Basqal düzən məzarlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni onun vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeyd edir ki, o, anasına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ananız X6 ölümünün qeydə alınması mümkün olmamışdır”. Qeyd edir ki, anasının ölümü haqqında şəhadətnamənin verilməsindən Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Şahid ifadələri
5. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X8 bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası ağır xəstəlikdən vəfat etmişdir.
6. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
İş materialları
7. AA seriyalı, ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.
8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X1, X2dır.
9. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "X17" X15 Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdən ünvan 2 ünvanında yaşamış və xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu ərazisində TTTYS-nın xidməti avtomobilində vəfat etmişdir. Qeyd olunan səbəblərə əsasən Forma 106-nın verilməsi təmin edilməmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 ölümünün qeydə alınması ilə bağlı qeyd edilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması mümkün olmamışdır.
11. Basqal qəsəbə dini icmasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Basqal düzən qəbristanlığında dəfn olunmuşdur.
İşin faktiki halları
12. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin X2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
16. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.
17. Məhkəmə hesab edir ki, ərizəçinin X2nın xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum anası barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov