Məhkəmə qərarları › İş №2(010)-4603/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4603/2024

20.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4603/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 aprel 2024-cü il tarixli mediasiya barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 15 sentyabr 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Bakı Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsində 2429 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Maraqlı şəxslə birgə faktiki nikahlarından xx.xx.2017-ci ildə Raul adlı övladları doğulmuşdur. Maraqlı şəxslə ailə münasibətləri xasiyyətləri düz gəlməməsi səbəbindən pozulmuşdur, faktiki nikah münasibətlərinə xitam verilmişdir, onlar bir ünvanda yaşamırlar və aralarında ailə və nikah münasibətləri kəsilmişdir. Odur ki, nikahın pozulması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdirlər, 22 noyabr 2019-cu il tarixdə məhkəmənin qərarı ilə nikahları pozuldu. Məhkəmə zamanı uşağın onda qalması müəyyən edilmiş, maraqlı şəxs isə uşağı saxlanılması üçün aliment ödəyəcəyinə vəd vermişdir. Lakin 01 aprel 2024-cü il tarixədək uşağın saxlanılması xərclərini belə ödəməmiş və vəd verdiyi aliment verməmişdir. Buna görə də, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında 01 aprel 2024-cü ildə “Mediasiya haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi imzalanmışdır. Sazişin bağlandığı aprel ayı üçün maraqlı şəxs 200 manat alimentdən ödəsə də, ondan sonra yəni indiyədək heç bir ödəniş etməmiş və bundan sonra aliment verməyəcəyini bildirmişdir. Bu səbəbdən də o sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O 2024-cü ilin avqust ayının 23-də ona bu barədə məktub ünvanlamış və alimentin 5 gün ərzində barışıq sazişinə uyğun icra edilməsini xahiş etmişdir. Lakin poçt tərəfindən təqdim edilmiş məktubu qəbul etməyərək yuxarıda qeyd olunan ünvan 1 ünvanında həm qeydiyyatda olmasına, həm də faktiki yaşamasına baxmayaraq poçt əməkdaşına bu ünvanda yaşamadığını bildirmiş və bu minvalla da xəbərdarlıq məktubunu almaqdan bilə-bilə yayınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, onlar 2019-cu ildə boşandılar. Aralarında razılaşmışdılar ki, o məhkəməyə müraciət etmədən aliment ödəyəcək. Lakin 2019-cu ildən ödəmədi. Uşaqla heç maraqlanmadı. Aprel ayında mediasiyaya müraciət etdi. Ora gəlib barışıq sazişi imzaladılar. Aprel ayı üçün 200 manat ödədi. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 349050 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 80 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada İvansova soyadı qaytarılmışdır. 4 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 991075 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası X8, anası Ərizəçi) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 01 avqust 2017-ci il tarixdə 4535 sayla qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən, Ərizəçi ünvan 2 ünvanda qeydiyyatdadır. Suraxanı rayon Məhkəməsinin 2(010)-5764/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi Yakolevna ilə cavabdeh Maraqlı şəxs arasında 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 2429 №-si ilə qeyd edilmiş nikahın pozulması və 15 mart 2017-ci il təvəllüdlü X7 boşanmadan sonra iddiaçı Ərizəçi Yakolevnanın yanında qalması qət edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi Yakolevna və Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün 235 manat sabit pul məbləğində aliment Ərizəçi Yakolevnanın xeyrinə ödənilsin. Aliment 01 aprel 2024-cü il tarixdən hesablansın. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, sazişin aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, ərizəçinin ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında mediator X4 iştirakı ilə bağlanılmış MŞB/2-0332/2024 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün 235 manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi Yakolevnanın xeyrinə ödənilsin. Aliment 01 aprel 2024-cü il tarixdən hesablansın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar