Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4605/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00381 saylı Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o – Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı 2 övladları anadan olmuşdur. Ailədə baş vemiş narazılıqlar üzündən ailələri dağılmış və Suraxanı rayon məhkəməsinin 2(010)615/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bununla əlaqədar aralarında mediasiya prosesi keçirilmiş, onlar mediasiya prosesində birgə nikah dövründə anadan olmuş uşaqlarının saxlanılması üçün aliment barədə razılığa gəlmiş, bu barədə aralarında 01 may 2025-ci il tarixdə Barışıq Sazişi bağlanmışdır. Belə ki, həmin Barışıq Sazişinin 1-ci bəndinə əsasən tərəflər birgə nikah dövründə anadan olmuş övladları xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat, ümumi 100 manat aliment məbləğinin 2025-ci ilin fevral ayından (fevral ayı da daxil olmaqla) başlayaraq hesablanması və hər ayın 01-05-i aralığında 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə saziş imzalanmışdır. Yəni, maraqlı şəxs aralarında bağlanmış Barışıq Sazişinin şərtlərini həyata keçirməkdən imtina etmişdir. Qeyd edir ki, Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişində müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etmədiyinə görə o, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs ilə barışıq sazişi bağlayıblar, aliment istəyir. Qeyd edir ki, fevral ayında saziş bağlamışdılar, az məbləğ yazmağına baxmayaraq, maraqlı şəxs onu da ödəmir. Bildirir ki, maraqlı şəxs hərbi biletində yararsız yazıldığına görə işə onu götürmədiklərini deyir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Bakı 13 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi, Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00381 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1) Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2023-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat, ümumi 100 manat aliment məbləğinin 2025ci ilin fevral ayından (fevral ayı da daxil olmaqla) başlayaraq hesablanmasının və hər ayın 01- 05-i aralığında 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəldilər. Mediasiya Xidmətlərinin Göstərilməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00381 nömrəli Müqavilədən görünür ki, tərəflər - Ərizəçi, Maraqlı şəxs arasında aliment tələbinə dair mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 920931 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 2301 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 677924 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 131 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 463748 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 280 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, sazişin aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında mediator X6 iştirakı ilə bağlanılmış MŞB/13/2025-00381 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: “Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2023-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat, ümumi 100 manat aliment məbləğinin 2025ci ilin fevral ayından (fevral ayı da daxil olmaqla) başlayaraq hesablanmasının və hər ayın 01- 05-i aralığında 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəldilər.” Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4605/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4605/2025
25.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver