Məhkəmə qərarları › İş №2(010)-4610/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4610/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4610/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Ərizəçi Suraxanı rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Suraxanı rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 24 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 20 ünvanında yerləşən 49 nömrəli mənzildə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X6 vəsiyyət üzrə yeganə vərəsəsidir, bu barədə 18.02.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə vardır. X2 üzrə vərəsələri yoxdur. X11 24.09.2020-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 20 ünvanında yerləşən 49 nömrəli mənzildə ev şəraitində ölmüşdür. Onun ölümü ilə əlaqədar ərazi üzrə poliknikaya müraciət edərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsi xahiş edilsə də, həmin şəhadətnamənin verilməsinən imtina edilmişdir. Buna görə də, onun ölümünün müvafiq qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. Qeydiyyatşöbəsi tərəfindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X5 alınması ərizəçiyə bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. 23 saylı şəhər Poliknikasından alınmış cavaba əsasən X7 həmin poliklinikada tibbi kartı olmadığı üçün, həmçinin 1 ildən artıq müddət keçdiyinə görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Təcili və X8 stansiyasından alınmış arayışa əsasən 24.09.2020-ci il tarixdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 20, mənzil 49-da X7 meyiti aşkar edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Badir oğlu ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, mərhumun ölümünün verilmiş vəsiyyətnamə üzrə rəsmiləşdirilmə işlərinin aparılması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid kimi dindirilmiş X3 ifadəsində bildirdi ki, o, mərhum X7 qonşusu olmuşdur. Eşitdiyinə görə Mərhum X11 özünə məxsus əmlakı Ərizəçi vəsiyyət etmişdir. Nikolay 24.09.2020-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 20 ünvanında yerləşən 49 nömrəli mənzildə ev şəraitində vəfat etmişdir. Mərhumu ilk olaraq o aşkar etmişdir. O, mərhumun dəfnində və yas mərasimində iştirak etmişdir. Onların dosdluq əlaqələri olub. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan 18.02.2020-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1-da qeydiyyatda olan X11 ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili Rusiya Federasiyasının vətəndaşı xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, vəsiyyət edən 01.11.1941-ci il təvəllüdlü X7 vəsiyyətnamə üzrə vərəsə X4 verdiyi vəsiyyətnamə Bakı şəhəri 35 saylı notariat ofisində 18.02.2020-ci il tarixdə təsdiq edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X8 Stansiyası” Publik Hüquqi şəxsinin 09.07.2021-ci il tarixli, 179 nömrəli məktubundan görünür ki, 24.09.2020-ci il tarixdə saat 10:09-da “103” xidmətinə ünvan 1 ünvanında Nikolay Xramatsovun (78) yaş adına “ölüm” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkimi Əflatun Məmmədov icra edərək, ünvanda X9 (78 yaş) məxsus meyit ilə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və laborator müayinə üçün yaxma nümunəsi götürmüşdür. İş materiallarında olan 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 311 nömrəli 13 iyun 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış X10 23 nömrəli Şəhər Poliknikasına müraciət etməyib, poliknikada qeydiyyatı və ambulator kartası yoxdur, keçirdiyi xəstəliklər haqqında hər hansı bir məlumat yoxdur. Xəstənin ölümündən 1 il keçdiyinə görə onun barəsində X5 verilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, X7 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi vəsiyyətnamə üzrə vərəsə olduğundan hazırkı ərizə ilə maraqlı şəxs kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur..... Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X7 24.09.2020-ci il tarixdə ünvan 1 ünvanında ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 01.11.1941-ci il təvəllüdlü X6 24.09.2020-ci il tarixdə ünvan 2 ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar