Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-47/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh bir cüt brilyant sırğanın, paxlava şəklində üzük brilyantın (zümrüd qaş) qızıl qolbağın, qızıl boyun sepin, qızıl alyans üzüyün qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyərinin, yəni 5450 manatın və həmçinin 100 manat ödənilmiş dövlə rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə akt qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Evliliklərinin ilk aylarında cavabdehlə mehriban yaşasalar da, bir müddət sonra həyat yoldaşı Cavabdeh ilə olan münasibətləri nikahın pozulmasına səbəb olmuşdur. Qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Aralarında olan məhkəmə çəkişmələri səbəbindən münasibətləri daha da gərginləşmişdir. Cavabdehlə faktiki olaraq ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. O, hal-hazırda övladları ilə birlikdə atasının evində yaşayır. Cavabdeh ilə birgə nikah dövründə toy mərasimində və toydan əvvəl qohum əqraba tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ayrıldıqdan sonra ona hədiyyə edilmiş, istifadəsində olmuş qızıl-zinət əşyaları bugünədək qaytarılmamışdır. Cavabdehdən tələb etdikdə isə icazəsi olmadan satdığını bildirmişdir. Qızıl-zinət əşyaları aşağıdakılardır: 1) Brilyant sırğa 1 cüt, qiyməti – 1200 manat, 2) Brilyant üzük paxlava (zümrüd qaş), qiyməti – 2400 manat, 3) Qızıl qolbaq, qiyməti – 800 manat, 4) Qızıl boyun sepi, qiyməti – 700 manat, 5) Qızıl alyans üzük, qiyməti – 350 manat.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1916/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3035 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
6. GJN seriyalı, 676472 nömrəli, GJN seriyalı, 730325 nömrəli və GJN seriyalı, 676434 nömrəli girov biletlərinin surətlərindən görünür ki, 1 ədəd qolbaq (ümumi dəyəri – 300 manat) xx.xx.2020-ci il tarixdə, 1 cüt sırğa (ümumi dəyəri – 300 manat) xx.xx.2020-ci il tarixdə, 1 ədəd üzük (ümumi dəyəri – 250 manat) xx.xx.2020-ci il tarixdə “Girov verən” (Cavabdeh) tərəfindən girov qoyulmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/635 nömrəli ekspert rəyindən görünür ki, ekspertizanın təyin edilməsi haqqında qərardadda göstərilən 2 adda zərgərlik məmulatlarının (585 əyarlı qızıldan hazırlanan qolbaq – 604 manat; 583 əyarlı qızıldan hazırlanan alyans üzük – 510 manat) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1114 manat müəyyən edilir. Digər 3 adda məmulatların (583 əyarlı qızıldan hazırlanan paxlava formalı (zümrüd qaş) üzük, brilyant qaşlı 750 əyarlı qızıldan hazırlanan bir cüt sırğa və 583 əyarlı qızıldan hazırlanan boyun sepi) kütləsi, üzərində olan qaşların istehsal yeri, keyfiyyəti, sayı, mənşəyi, ölçüsü və s. barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh tərəfindən aşağıda adları qeyd olunan qızıl-zinət əşyaları girov qismində qoyulmuşdur: 1) xx.xx.2020-ci ildə 150 manat dəyərində 750 əyar 3 qram olan 1 ədəd üzük, 2) xx.xx.2020-ci ildə 200 manat dəyərində 750 əyar 5 qram 1 ədəd üzük (brilyant qaşlı), 3) xx.xx.2020-ci ildə 250 manat dəyərində 583 əyar 6 qram 1 ədəd üzük (brilyant qaşlı), 4) xx.xx.2020-ci ildə 300 manat dəyərində 585 əyar 7.1 qram – 6.8 qram 1 ədəd qolbaq, 5) xx.xx.2020-ci ildə 300 manat dəyərində 750 əyar 5 qram 1 cüt sırğa (brilyant qaşlı). Qeyd olunan qızıl-zinət əşyaları girov qoyan Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən satılmışdır.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş QCM/D 04-043/24 nömrəli mütəxəssis rəyindən görünür ki, 1 ədəd, 583 əyarlı, ümumi çəkisi 6 qram olan üzüyün (paxlava formalı) ümumi dəyəri 1000 manat məbləğində müəyyən edilmişdir.
10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş foto və videotəsvirlərə əsasən, İddiaçı qulağında əks edilmiş bir cür sırğanın növü, əyarı, qramı göstərilməklə xx.xx.2025-ci il tarixinə bazar dəyəri 1280 manat təşkil edir.
İşin faktiki halları.
11. İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından bir uşaq – xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666. Bağışlama müqaviləsi. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh keçmiş ər-arvaddır. İddiaçı iddiası odur ki, cavabdehlə toy hədiyyəsi kimi ona beş adda qızıl-zinət əşyası hədiyyə edilmiş, lakin cavabdeh həmin əşyaları onun razılığı (məlumatı) olmadan lombardda girov qoymuş, sonradan həmin qızıllar “batmışdır”.
17. Öz növbəsində Cavabdeh isə iddianı qəbul etmir və iddiaya etirazını onunla əsaslandırır ki, iddiaçı qızılların sayını “şişirtmiş”, mövcud olmayan qızılları tələb etmişdir. Cavabdehin bildirdiyinə görə, qalan qızılları da iddiaçının razılığı ilə 2020-ci ildə uşağın doğumu ilə əlaqədar lombardda girov qoymuş, əldə edilmiş pulları da uşağı üçün xərcləmişdir. Bundan əlavə, cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsinə dair ərizə təqdim etmişdir.
18. Mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün məhkəmə, ilk növbədə, cavabdeh tərəfindən mövcudluğu mübahisələndirilməyən qızıllara münasibət bildirərək qeyd edir ki, Cavabdeh video-audio yazısı aparılan məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, iddiaçının tələb etdiyi qızıllardan üçü – bir cüt brilyant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük – iddiaçıya toyda hədiyyə edilmiş qızıllar olmuşdur və 2020-ci ildə uşaqlarının doğumu ilə əlaqədar xərcləri qarşılamaq üçün onun tərəfindən iddiaçının razılığı daxilində lombardda girov qoyulmuşdur.
19. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında sübutetmə yükünün tərəflər arasında bölünməsi prinsipi baxımından iddiaçının üzərinə düşən sübutetmə vəzifəsi tələb etdiyi qızılların həqiqətən mövcud olduğunu və ona hədiyyə edildiyini sübut etməkdir. Cavabdehin üzərinə düşən sübutetmə vəzifəsi isə qızılların iddiaçının razılığı daxilində lombardda girov qoyulduğunu sübut etməkdir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə iclasında yuxarıda qeyd edilmiş üç qızılın iddiaçıya toyda hədiyyə edilmiş qızıllar olduğunu qəbul etdiyindən İddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
20. Lakin Cavabdeh sübut edə bilməmişdir ki, həmin qızılları mülkiyyətçinin (iddiaçının) razılığı ilə lombardda girov qoymuşdur. Əksinə, o, qəbul etmişdir ki, iddiaçı ilə olan nikahı rəsmi olaraq 2023-cü ildə pozulsa da, onlar bundan xeyli müddət əvvəl – iddiaçı xx.xx.2020-ci il təvəllüdlü uşaqlarına hamilə olduğu vaxtlardan faktiki ayrı yaşamışlar. Bundan əlavə, məhkəmənin sorğusuna verilmiş cavab əsasında müəyyən edilmişdir ki, qızılların hər biri 2020-ci ilin fevral-iyun aylarında məhz Cavabdeh tərəfindən girov qoyulmuşdur. Buradan belə görünür ki, tərəflər faktiki ayrı yaşasalar da, iddiaçıya məxsus qızıllar cavabdehin sahibliyində olmuşdur. Lakin bu sahibliyin iddiaçının razılığı daxilində baş verib-verməməsi məsələsi tərəflər arasındakı əsas mübahisəli məsələdir. Belə ki, İddiaçı iddiasına görə, o, həmin dövrdə cavabdehlə ayrı yaşasa da, onların ailə münasibətləri tam pozulmamış, bu səbəbdən qızıllar cavabdehin evində qalmış, sonradan cavabdehdən qızılları istədikdə isə cavabdeh həmin qızılları ona qaytarmamışdır. Cavabdeh da öz növbəsində bildirmişdir ki, uşaqlarının doğulduğu 2020-ci ildə hələ ailə münasibətləri tam pozulmamış, uşağın doğum xərcini, eləcə də onun bir sıra ehtiyaclarını özü qarşılamışdır.
21. Məhkəmə bu halda da sübutetmə yükünün bölünməsi prinsipinə istinad edərək qeyd edir ki, iddiaçıdan neqativi (hərəkətsizliyi) sübut etməsi gözlənilə bilməz. Belə ki, qızılları özü ilə aparmamaq, yaxud sonradan girov qoymaq üçün cavabdehə verməmək kimi hallar hərəkətsizliklə bağlıdır ki, iddiaçının bu halları sübuta yetirməsi obyektiv olaraq gözlənilən deyil. Onun əksinə, cavabdehin isə pozitivi (hərəkəti) sübut etmək imkanı realdır. Belə ki, o, iddiaçının qızılları özü ilə aparması, sonradan lombardda girov qoymaq üçün ona verməsi, yaxud həmin qızılların girov qoyulması qarşılığında əldə etdiyi pulu iddia etdiyi kimi həqiqətən iddiaçının razılığı daxilində uşağın doğum xərcləri, eləcə də onun bəzi ehtiyaclarını (özünün istinad etdiyi kimi uşaq bezi və s.) almaq üçün xərcləməsi kimi hərəkətləri təsdiq edən sübutları (məsələn, müvafiq ödəniş qəbzləri, yaxud onun bu hərəkətlərinə şahid olan şəxslərin ifadələri) məhkəməyə təqdim edə bilərdi. Lakin cavabdeh bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun əksinə, iddiaçının təqdim etdiyi mobil tətbiq vasitəsilə baş tutmuş yazışmalardan (Hansı ki, cavabdeh həmin yazışmaların öz aralarında baş tutmasını mübahisələndirməmiş, sadəcə olaraq məzmunu xatırlamadığını bildirmişdir) görünür ki, iddiaçı onu qızılları “batırmaqda” ittiham etmiş, ondan qızılları tələb etmiş, cavabdeh isə “yaxşı elədiyini” bildirmiş, qızılların ona qayıtmayacağını, “ona heç nə düşmədiyini” bildirmişdir. Həmçinin bu yazışmalardan görünür ki, 2021-2022-ci illərdə tərəflər arasındakı ailə bağları hələ qopmamış, cavabdeh aralarındakı bu ayrılığa son qoyacağına, ev tutub iddiaçı və uşağı ilə birlikdə bir ailə kimi yaşayacağına dair vədlər vermişdir. Cavabdeh elə məhkəmə iclasında verdiyi izahatında da iddiaçının birgə yaşadıqları evdən gedişinin aralarındakı ailə münasibətlərinin sonlanması və iddiaçının evi birdəfəlik tərk etməsi ilə əlaqədar olduğunu iddia etməmiş, əksinə, iddiaçının həmin vaxt hamilə olduğunu və uşağı dünyaya gətirdikdən sonra bir müddət ailəsinin ona baxması üçün qarşılıqlı razılıq əsasında iddiaçını öz evlərinə apardığını, lakin iddiaçının sonradan geri qayıtmadığını, ayrı ev istədiyini bildirmişdir. (xx.xx.2024-cü il tarixli hazırlıq iclası, dəq. 31:30 – 32:00)
22. Belə olan halda məhkəmə işin yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, tərəflər ən azı 2020-ci ilin əvvəllərindən faktiki olaraq ayrı yaşamalarına baxmayaraq, onlar arasındakı ailə bağları bir müddət qopmamış, bu səbəbdən iddiaçıya məxsus qızıllar həmin vaxt əri olan cavabdehdə qalmışdır. Lakin cavabdeh 2020-ci ilin fevral-iyun aylarında həmin qızılları lombardda girov qoymuş, qarşılığında pul almışdır. Cavabdeh qızılları iddiaçının iradəsi daxilində girov qoyduğunu, əldə etdiyi pulu da uşaq üçün xərclədiyini iddia etsə də, sübut etməyə borclu olduğu bu halları sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus qızıllar cavabdeh tərəfindən iddiaçının razılığı olmadan girov qoyulduğundan iddiaçı cavabdehdən həmin qızılları tələb etməkdə haqlı olmuşdur.
23. İddiaçının tələb etdiyi və cavabdehin mövcudluğunu ümumiyyətlə qəbul etmədiyi iki qızıla – paxlava formalı qızıl üzük və qızıl sepə – münasibətdə məhkəmə qeyd edir ki, hər nə qədər cavabdeh bu iki qızılın da iddiaçıya hədiyyə edilmədiyini, onun belə qızılları olmadığını video-audio yazısı aparılan məhkəmə iclaslarında əminliklə bildirsə də, sonradan məhkəmənin sorğusu üzrə qızılların girov qoyulduğu təşkilatdan verilmiş cavab əsasında paxlava formalı qızıl üzüyün də (fotosu təqdim edilməklə) 2020-ci ilin mart ayında cavabdeh tərəfindən girov qoyulduğu, qarşılığında 250 manat məbləğində pul əldə edildiyi müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclaslarında həmin qızılın mövcudluğunu qətiyyətlə təkzib edən cavabdeh sonradan əldə edilmiş bu sübuta münasibətdə həmin qızılı girov qoyması barədə heç nə xatırlamadığını bildirməklə kifayətlənmişdir. Məhkəmə isə cavabdehin bu mövqeyini işin hallarını öz xeyrinə dəyişmək üçün sərgilənmiş qeyrisəmimi mövqe kimi qiymətləndirir və hesab edir ki, həmin qızıl da yuxarıda araşdırılmış digər qızıllarla birlikdə tərəflərin ayrı yaşadıqları dövrdə cavabdehdə qalan və cavabdehin iddiaçının razılığı olmadan girov qoyduğu qızıllardan biri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin qızılı da cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
24. İddiaçı tərəfindən tələb edilən sonuncu qızıla – qızıl boyun sepi – münasibətdə isə məhkəmə qeyd edir ki, bu qızıla münasibətdə məhz iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, yəni bu qızılın həqiqətən mövcud olduğunu və öz mülkiyyətində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Öz növbəsində cavabdeh də həmin qızılın mövcudluğunu inkar etmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 77.1) Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbini bu qızıla münasibətdə sübut edə bilmədiyindən iddia bu hissədə təmin edilməməlidir.
25. Yuxarıda qeyd edilənlərə əlavə olaraq, məhkəmə, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyini nəzərə alaraq, ilk növbədə qeyd edir ki, ərizədə hansı iddia müddətinin tətbiqindən söhbət getdiyi qeyd edilməmiş, ümumi şəkildə “bütün iddia müddətlərinin” ötürüldüyünə istinad edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının tələbinin mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı tələb olduğunu nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, bu cür tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə, tərəflərin keçmiş ər-arvad olduğunu nəzərə alaraq, onu da qeyd edir ki, iddiaçının tələb etdiyi qızıllar onun cavabdehlə birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak yox, iddiaçının mülkiyyəti olduğundan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti də hazırkı işə tətbiq edilə bilməz.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə bir cüt brilyant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük və bir ədəd paxlava formalı qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
27. Cavabdeh tərəfindən iddiaçıya verilməsi qət edilən yuxarıda qeyd edilmiş qızılların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən tələb edilən beş qızıldan ikisi ekspert tərəfindən qiymətləndirilmiş, bu qızıllardan 585 əyarlı qızıldan hazırlanan bir ədəd qolbağın orta bazar qiyməti 604 manat; 583 əyarlı qızıldan hazırlanan bir ədəd alyans üzüyün bazar qiyməti isə 510 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilməsi müəyyən edilən digər iki qızıl isə mütəxəssis rəyləri əsasında qiymətləndirilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində 583 əyarlı qızıldan hazırlanan paxlava formalı üzüyün bazar qiyməti 1000 manat; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə 750 əyarlı qızıldan hazırlanan bir cüt brilyant qaşlı qızıl sırğanın bazar qiyməti 1280 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həm ekspert rəyində, həm də mütəxəssis rəyində müəyyən edilmiş bazar qiymətləri qiymətləndirici mütəxəssislər tərəfindən hesablanmaqla ağlabatan məbləğlərdir və bu rəylərlə razılaşmamaq üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulması qət edilən hər bir qızılın dəyərinin bu rəylər əsasında müəyyən edilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmiş, ilkin mediasiya sessiyasında iştirakla bağlı xərcləri qarşıladığından qalan rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (3394 manat) mütənasib olaraq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, iddiaçı ödəməkdən azad olduğuna görə ödənilməmiş 3.94 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir cüt brilyant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük və bir ədəd paxlava formalı qızıl üzük, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 3394 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 3.94 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh bir cüt brilyant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük və bir ədəd paxlava formalı qızıl üzük, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 3394 (üç min üç yüz doxsan dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı, ödənilməmiş 3.94 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva