Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4820/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, – Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X1 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum 39 gün sonra xx.xx.1971-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda vəfat etmişdir. O, qardaşının ölümü barədə tibbi şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Xətai rayonu 4 nömrəli Uşaq poliklinikasına müraciət etmişdir. Lakin həmin poliklinika yazılı formada müraciətinə rəsmi cavab olaraq bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. O, eyni zamanda ölüm haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə rəsmi qaydada müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, “X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq ölüm faktının müəyyən edilməsilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Göründüyü kimi mövcud prosedur qaydalara əməl edilməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamənin məhkəmədən kənar qaydada əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən hazırda mərhum X1nun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qardaşı 1-2 həftəlik olub. Qızdırma səbəbindən rəhmətə gedib. Ərizənin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, valideynləri Məmmədov Sabir və Məmmədova Nazilə rəhmətə getmişdir. Qeyd edir ki, mərhum qardaşı Bakıda doğulmuş, Zəngilanda dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, ərizəçinin bibisidir. Ərizəçinin ailəsi Bakıda yaşayıb. Tamara və ailəsi isə rayonda qalırdı. Mərhum ailənin birinci uşağı idi, ondan sonra 3 uşaq olub. Mərhumun adı Elşən olub. Ərizəçinin ailəsi mərhumu Bakıdan gətirərək Zəngilanda qəbrstanlıqda bastırmışdırlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ərizəçinin əmisidir. O, mərhum rəhmətə gedən vaxt hələ 5-ci sinifdə oxuyurdu. Mərhumun 40 günü çıxmamış xəbər gəlmişdi ki, uşaq rəhmətə gedib. Mərhum Bakıda anadan olmuş, dəfn üçün isə rayona gətirilmişdi. Şahidin atası uşağı aparıb dəfn etmiş, yerini də onlara deməmişdir. Mərhumun adı Elşən idi, birinci uşaq idi, ondan sonra 3 uşaq doğulmuşdu. İş materialları. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 449318 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 549 nömrə ilə qeyd edilmişdir. Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-15-1630 nömrəli cavab məktubundan görünür ki, şəxsin ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1-ci maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqdan ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X17 4 nömrəli Uşaq Poliklinikası tərəfindən tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 78 nömrəli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış xx.xx.1971-ci il təvəllüdlü X3 1 aylığına qədər baş vermiş ölüm hadisəsi ilə bağlı müraciət ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ, Xətai rayonu 4 nömrəli Uşaq Poliklinikası 1989-cu ilin may ayından fəaliyyət göstərdiyindən ərizəçiyə “ölüm haqqında arayış”ın təqdim edilməsi mümkün deyildir. Zəngilan rayon Mincivan qəsəbə soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş, İ-ИЕ seriyalı, 533731 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X5 xx.xx.1970-ci il tarixdə evlənmiş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Arvada evləndikdən sonra Məmmədova soyadı verilmişdir. Bakı şəhəri Şaumyan (Xətai) Rayon rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, İV-ЖГ seriyalı, 306584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ata X4, ana X6) xx.xx.1975-ci il tarixdə Bakı şəhəri Şaumyan (Xətai) rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 275 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, AZ-İ seriyalı, 289539 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 (ata X4, ana X7) xx.xx.1971-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 2868 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-38-33/2-4415/25 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Məmmədov Elşən (Mamedov Elşan) Sabir oğlunun dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-33651 nömrəli cavab məktubundan görünür ki, sorğu edilən xx.xx.1971-ci il təvəllüdlü X16 (X18) oğlunun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X2 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi qardaşı xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən sənəd olmadığından, ölümünün qeydə alınmasının mümkün olmadığı qeyd edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Həmçinin, məhkəmə tərəfindən göndərilən sorğulara əsasən, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş cavab məktublarından da görünür ki, X9 ilə bağlı müvafiq məlumatların əldə edilməsi mümkün olmamışdır. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X3 qardaşıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnaməni almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X3 vəfat etməsini təsdiqləmişdirlər. X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində vəfat etdiyi və Zəngilan rayonunda dəfn olunduğu görünür. Ərizəçinin X1nun xx.xx.1971-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva