Məhkəmə qərarları › İş №2(010)-483/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-483/2024

11.03.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-483/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlunun cavabdehlər Cavabdeh1 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ (bundan sonra mətndə Cavabdeh1 MMC) və Cavabdeh2nə (bundan sonra mətndə Cavabdeh2 MMC) qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlu ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı Cavabdeh1 MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğluna təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən «Podratçı» müqavilə ilə müəyyən edilmiş işləri özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirəcəkdir. Müqavilənin 2.4.2-ci maddəsinə əsasən podratçı müqavilə ilə müəyyən edilmiş işləri xx.xx.2023-cü il tarixinədək yerinə yetirmək və işləri qəbul etmək üçün tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməlidir.

2. Tərəflər arasında bağlanmış sərbəst qiymətlərin razılaşdırılması protokoluna əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li müqavilə üzrə mənzilin tam təmiri üçün 32.000 manat qiymət müəyyənləşdirilmişdir.

3. Müqaviləyə əlavə olunmuş cədvəldən görünür ki, görüləcək işin dəyərinin 36 ay müddətinə ödənilməsi nəzərdə tutulmuş və ilkin olaraq 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X3 tərəfindən qəbul edilmişdir.

4. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 14102 №-li müqavilə üzrə 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X3 tərəfindən qəbul edilmişdir.

5. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlu Cavabdeh1 MMC-yə (Cavabdeh2 MMC-yə) ödənilmiş 8000 manat pulun geri qaytarılması, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında bağlanmış 22 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, müqavilə üzrə, müqavilədə qeyd olunan mənzilin təmir olunmasından ötrü, Cavabdeh1 MMC tərəfindən təmir işləri üçün aşağıda qeyd olunan xərclər çəkilmişdir:

1. Dizayn işi-1400 (min dörd yüz) AZN.

2. Söküntü işləri müddətində (11 gün) 3 nəfər canlı qüvvənin işləməsi üçün çəkilmiş xərc- 825 (səkkiz yüz iyirmi beş) AZN.

3. Elektrik işləri (canlı qüvvə)- 200 (iki yüz) AZN

4. Sement (30 ədəd), çatdırılma və boşaldılma - 295 (iki yüz doxsan beş) AZN.

5. işçi qüvvəsinin geyim ləvazimatları və tikinti alətləri- 60 (altmış) AZN. Cəm məbləğ: 2780 (iki min yeddi yüz səksən) AZN.

İşin faktiki halları

7. Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlu ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X3 arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, həyat yoldaşı şəhid olduqdan sonra 4 övladı ilə birlikdə atasının evində qalır. Ata evi 2 mərtəbəlidir və 1-ci mərtəbə qardaşına toy etmədən əvvəl tam təmir edilib, 2-ci mərtəbənin isə yalnız qapı və pəncərələri qoyulub, təmirsizdir. Evi təmir etdirmək qərarına gəldikləri üçün qardaşı araşdırıb şirkət tapmış və Cavabdeh1 MMC-yə həvalə etmişdir. Zahir Əsgərov gəlib özü müqaviləyə imza edib, hətta qazı-şəhid ailəsi olduqları üçün evi ürəkləri istədiyi kimi təmir edəcəyini bildirdi və ona ilkin olaraq 8000 manat pul vermişlər. Onun işçiləri gəlib 3 gün ərzində evin 1-ci mərtəbəsinin döşəmə-tavan, divar hissələrini sökdülər və getdilər. Bundan sonra onlara zəng edəndə hər dəfə 3-5 günə material gələcəyini deyib onları yubadırdılar. Bu şəxsin əməllərinə görə zərərçəkən bir neçə şəxslər də var, onlarla görüşüb danışıblar. Həmin şəxslərə olan borcları onlarınkından da çoxdur, hətta Gəncə şəhərində 100000 manat borcu var. Zahir də hamıya zəng edərək pis vəziyyətdə olduğunu deyir. Cavabdehin əməlləri nəticəsində evlərində daşdan başqa heçnə qalmayıb. Onlar “rozetkaları, kulçaterləri” belə çıxarıb aparıblar, taxtalar həyətdə olsa belə, yenidən istifadəyə yararlı deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehin rəhbəri olan Əsgərov Zahirə özü pul vermişdir. Cavabdeh evi söküb pis vəziyyətə salıb və sonradan işlərini davam etdirməmişdir. Zahir bir gün 2 fəhlə, növbəti gün 4 fəhlə göndərmişdir. Cəmi 3 gün iş getmiş və 4 fəhlə birlikdə bu işləri görmüşdür. Onların gördüyü iş üçün 2000 manat çox məbləğdir.

12. Cavabdeh1 direktoru X1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiklərini, müqavilə üzrə çəkilmiş 2780 manatın çıxılmaqla iddianın qalan hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

17. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

Məhkəmənin mövqeyi

19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

20. Belə ki, tərəflər arasında podrat müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

21. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlu ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X3 arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı Cavabdeh1 MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğluna təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X2 8000 manat avans verilmişdir. Göründüyü kimi iddiaçı podrat müqaviləsinin bağlanmasından irəli gələn və muzdun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı avans müqabilində öhdəliyini icra etməkdən yayınır və beləliklə podrat müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “muzd ödəmək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “işi icra etmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

22. Cavabdeh tərəfin vəkili tərəflər arasında müqavilə bağlanıldığını və 8000 manat verildiyini etiraf etsə də, çəkilmiş xərclərə görə həmin məbləğdən 2780 manatın çıxılmasını, qalan məbləğin isə qaytarılmasına razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin qeyd etdiklərinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehlə mənzilin tam şəkildə təmir edilib təhvil verilməsini şərtləşdirsə də, cavabdeh müqaviləni birtərəfli şəkildə pozaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və mənzili təmir olunmuş şəkildə iddiaçıya təhvil verilməmişdir. Hazırki halda cavabdeh tərəf özünə məxsus işçi qüvvəsi ilə 3 gün ərzində evin söküntü işlərini apardığını və buna görə də xidmət haqqı olaraq 2780 manat pulun avans məbləğindən çıxılmasını xahiş etsə də, müqavilənin 1.3cü maddəsinə əsasən «Podratçı» müqavilə ilə müəyyən edilmiş işləri özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirməyi öhdəsinə götürdüyündən cavabdehin etirazı əsaslı hesab edilmir. Çünki tərəflər müqavilə ilə çəkiləcək bütün xərcləri 32.000 manat məbləğində razılaşdırmış və buna əsasən iddiaçı 8000 manat avans ödənişi etmişdir. Göründüyü kimi mənzilin təmir edilməsi üçün onun sökülməsinə çəkilən xərclər müqaviləyə əsasən podratçının öhdəliyində olduğundan həmin məbləğ iddiaçıdan tutula bilməz.

23. Bundan əlavə, qanunvericiliyə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi hazırki iş üzrə podrat münasibətlərinə məhz podratçının müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi pozması səbəbindən xitam verildiyindən və cavabdehin qeyd olunan hərəkətləri nəticəsində iddiaçı tərəfin artıq cavabdehə etibarı qalmadığından sifarişçi olaraq iddiaçı tərəfin həmin işlərə heç bir marağı qalmamışdır. Çünki iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında cavabdehdən alacaqları pul ilə yeni ustalarla müqavilə bağlayacaqlarını bildirmişdir. Bu səbəbdən qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı haqlı olaraq müqavilə üzrə ilkin ödəniş olaraq ödədiyi 8000 manat məbləğində avans məbləğini cavabdehdən tələb etməkdə haqlıdır.

Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən iddiaçı Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlunun xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

27. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən 8000 manat məbləğində pul müştərək qaydada alınaraq iddiaçı Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlunun xeyrinə ödənilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Cavabdeh2ndən 8000 (səkkiz min) manat məbləğində pul müştərək qaydada iddiaçı Kərı̇ mov Allahverdı̇ İ̇lyas oğlunun xeyrinə tutulsun. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Cavabdeh2ndən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar