Məhkəmə qərarları › İş №2(010)-4858/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4858/2024

01.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4858/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində bağlanmış MŞB/8/2024-02006 nömrəli barışıq sazişinin 3-cü bəndinin (aliment öhdəliyi hissəsində) şərtlərinin təstiq edilməsi və barışıq sazişinin bu hissədə məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişinin imzalanmasına baxmayaraq, maraqlı şəxs sazişin 3-cü bəndinin şərtlərini yerinə yetirməmişdir. Ona həmin öhdəliyin könüllü icra edilməsi barədə dəfələrlə təklif etsə də, lakin o, ümumiyyətlə aliment ödəməyəcəyini bildirmişdir.

Tərəflərin izahatları

3. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maraqlı şəxs sazişin alimentlə bağlı 3cü hissəsini icra etmir.

İş materialları

5. AZ-İ seriyalı, 489616 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

6. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra xüsusi mülkiyyətində olan (ÇİXARİŞ Seriya, MA № 0390051, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012-ci il) ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən Birinci tərəf: Ərizəçi və övladlarının pasport qeydiyyatında olduğu 3 otaqlı, ümumi sahəsi 67.35 kv.m olan mənzilə Birinci tərəf: Ərizəçi və yetkinlik yaşma çatmayan övladlarına istifadə və sərbəst şəkildə daimi yaşamaq hüquqlarını tanımaqla onlara şərait yaradacağı ilə bağlı öz üzərinə öhdəlik götürür. Eyni zamanda mülkiyyətçi olaraq İkinci tərəf: Maraqlı şəxs bu mənzili tam boşaldacağı, Birinci tərəfin yazılı razılığı olmadan özgəninkiləşdirməyəcəyi, Birinci tərəfin sərəncamına verəcəyi və orada yaşamayacağına dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Əliyev X7 tərəf: Ərizəçi bu sazişin 1- ci bəndində göstərilən tələbləri qəbul etdiyindən, tərəflər arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağladıqları MŞB/8/-2024- 00088 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişinin” 3-cü bəndinin (onun İkinci tərəfin aliment öhdəlikləri ilə bağlı) qüvvədən düşməsi, həmin bənd üzrə onun İkinci tərəfin Birinci tərəf qarşısında heç bir aliment öhdəliyinin (borcunun) olmaması və hazırda 2024-cü ilin may ayından etibarən bu aliment tələbinin aşağıdakı 3-cü bənddə yeni şərtlərlə təsdiq etdirmək barədə razılığa gəldiklərini təsdiq edir. İkinci tərəf: Əliyev X7 tərəf: Ərizəçi qız ilə tərəflər arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağladıqları MŞB/8/-2024-01000 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişinin” 3-cü bəndinə (Birinci tərəf qarşısında aliment öhdəlikləri ilə bağlı hissədə) dəyişiklik və əlavə edilməsinə razılıq bildirərək; Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf: Ərizəçi hər uşağa görə 50 (əlli) AZN olmaqla ümumilikdə hər ay 200 (iki yüz) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaiti hər ay olmaqla Birinci tərəfin ona təqdim edəcəyi bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalanmaqla Birinci tərəf: Ərizəçi qız ilə bu ailə kateqoriyasına aid olan mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf: Əliyev X3 1-ci və 3-cü bəndində öz üzərinə götürdüyü öhdəlikləri pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.

İşin faktiki halları

7. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olmuş və bu nikahdan dörd övladları anadan olmuşdur. Onlar arasında xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır. Barışıq sazişi dörd hissədən ibarətdir. Hazırda ərizəçi maraqlı şəxsin həmin barışıq sazişinin alimentə dair 3-cü bəndini icra etmədiyini bildirir və bu səbəbdən həmin hissədə barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs tərəfindən ərizəyə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

10. «Uşaq hüquqları haqqında» Konvensiya

Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

Məhkəmənin mövqeyi

11. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

12. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Hazırda ərizəçi həmin sazişin alimentə aid olan 3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilmədiyini bildirir və həmin hissədə sazişin təsdiq edilməsini xahiş edir.

13. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin alimentə dair qeyd olunan 3-cü bəndinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin qeyd olunan hissəsi qanuna zidd deyildir və həmin hissədə sazişin təsdiq edilməsi onun digər bəndləri üçün hər hansı maneə yaratmır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin qeyd olunan 3-cü bəndinin təsdiq edilməsi qanuni və əsaslıdır.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment öhdəliyi hissəsinə aid olan 3-cü bəndi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişinin aliment öhdəliyi hissəsinə aid olan və aşağıda qeyd olunan 3-cü bəndi təsdiq edilsin: "İkinci tərəf Əliyev X7 tərəf Ərizəçi birgə nikahlarından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2024cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən hər uşaq üçün 50 manat olmaqla cəmi 200 manat aliment ödəməyi öz öhdəsinə götürür. İkinci tərəf alimenti Birinci tərəfin ona təqdim edəcəyi bank kartı hesabına ödənilməsini öhdəsinə götürür". İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar