Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4911/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi və Ərizəçinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 26.05.1960-cı ildə Bakı şəhərində anadan olmuş X1 02.12.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 səhhəti 02.12.2019-cu il tarixdə qəflətən pisləşmiş və təcili yardim həkimi gələnə kimi vəfat etmişdir. Onu Suraxanı rayonunda yerləşən qəbiristanlıqda dəfn etmişlər. Lakin savadsızlıqdan ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən həkim arayışı olmadığından məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək əlavə etdi ki, anası X5 02.12.2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. Vəfat edən vaxt onun 59 yaşı olmuş, ürək xəstəliyindən əziyyət çəkmişdir. Həmin gün ona zəng vuraraq nəfəs almaqda çətinlik çəkdiyini demişdir. O da anasının qonşusuna zəng etmiş, ondan evə baş çəkməsini, zərurət olarsa təcili yardım çağırmasını xahiş etmişdir. Lakin qonşu qapını nə qədər döysə də qapını açan olmamışdır. Sonradan hazırkı iş üzrə ərizəçi olan atası Ərizəçi evə gedərək qapını aça bilmişdir. Evə daxil olduqda anasının artıq keçindiyini görmüşdür. Atasından bir müddət sonra da təcili yardım gəlmiş, onlar gəldikdə anası çoxdan ölmüş olduğundan bununla bağlı sənəd verib getmişlər. Lakin həmin vaxt özü korona virusuna yoluxduğundan, atasının başı isə dəfn işlərinə qarışdığından anasının ölümü ilə bağlı sənəd ala bilməmişlər. Hazırda isə bu sənəd onlara bütün rəsmi işlərdə lazım olur. Anasının ölümü ilə bağlı şəhadətnamə almadıqlarından atası hələ də evli kimi görünür. Odur ki, məhkəmədən anası X1 02.12.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin və nümayəndəsinin izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli, 805-05/75 nömrəli məktubdan görünür ki, X1 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. BŞT və TTYS 13 saylı Bölməsi tərəfindən verilmiş 02.12.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 02.12.2019-cu il tarixli çağırış əsasında saat 18:00-da ünvana çatmışlar və X1 meyidini müəyyən etmişlər. Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 06.02.2020-ci il tarixli, 8 nömrəli arayışdan görünür ki, X5 03.12.2019cu il tarixdə Hövsan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Bir ədəd fotoşəkildən görünür ki, üzərinə güllər qoyulmuş məzarın başındakı xaçşəkilli lövhədə “X5. 26.05.1960 – 01.12.2019” sözləri yazılmışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 qeyd etmişdir ki, Ərizəçi onun əmisi, mərhum X5 isə onun əmiri arvadıdır. 2019-cu ilin dekabr ayının əvvəllərində - hələ pandemiya başlamayan vaxtlarda – işdən qayıdarkən anası ona zəng edib demişdir ki, əmisi arvadı Vera özünü yaxşı hiss etmir, təcili əmisigilə getsin. Bu zəngdən 40-45 dəqiqə əmisigilə çatmış, qapıda təcili yardım maşınının dayandığını görmüşdür. İçəri girəndə ilk əmisini, daha sonra əmisi arvadı Veranın meyidini görmüşdür. İçəridə olan təcili yardım işçiləri demişdir ki, ürək tutmasından ölmüşdür. Onun ürəyində əvvəldən problem olmuş, lakin bildiyi qədərilə heç vaxt müalicə almamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Alı Nuryev qeyd etmişdir ki, Ərizəçi onun dostudur. Mərhum X5nı isə 2008-ci ildən dostu Vitaliyin yoldaşı kimi tanımışdır. Təxminən 1-2 il bundan əvvəl, payız-qız aylarında dostu Vitaliy ona zəng vuraraq həyat yoldaşının vəfat etdiyini bildirmişdir. Növbəti gün onun evinə getmiş, Vera xanımın meyidinin tabuta qoyulduğunu görmüşdür. Vitaliydən bu barədə soruşduqda yoldaşının ürəyində xəstəlik olduğunu, ürək tutmasından öldüyünü bildirmişdir. Bundan sonra onlar mərhumu Hövsan qəbiristanlığında dəfn etmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi arvadı X5 02.12.2019-cu il tarixdə Bakı şəhərində ölmüş, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, məzarın fotoşəkili, təcili tibbi yardım stansiyası həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən arvadı X1 02.12.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X1 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi arvadının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi arvadının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, 02.12.2019-cu il tarixdə ərizəçinin bacısının ölümü ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 02.12.2019cu il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.05.1960-cı ildə Bakı şəhərində doğulmuş X1 02.12.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4911/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4911/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver