Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4914/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. 1.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 18 iyul 1935-ci ildə doğulmuş X3 08 yanvar 1999-cu ildə vəfat etməsi faktının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 xx.xx.1935-ci ildə doğulmuşdur. Atası xx.xx.1996-cı ildə həbs olunub, Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.94-cü maddəsinin 4 və 6-cı bəndləri, 105-ci maddəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 199-cu maddəsi, 220-ci maddəsinin 2-ci hissəsi 94-cü maddəsinin 3,4 və 6-cı bəndləri, 38-ci maddəsi (köhnə redaksiya) ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib, 08 yanvar 1999-cu ildə Qobustan Həbsxanasında vəfat edib. Atası həbs olunana qədər ata mülkləri olan, ünvan 1 ünvanda yaşayıb. Atasının adına olan miras qalmış əmlakları öz adına keçirməyi və vərəsəlik şəhadətnaməsi almağı üçün notariat ofisinə müraciət etdikdə oradan ona bildiriblər ki, atasının ölüm faktı barədə zəruri sənədləri də təqdim etməlidir. Lakin ölüm şəhadətnaməsi olmadığından həmin sənədi notariusa təqdim edə bilmir.
Tərəflərin izahatları.
3. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi(vəkil) X2 vəsatətlə məhkəməyə müraciət edərək vəsatətində, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, zəruri sübutları məhkəməyə təqdim etdiklərini, ölümün qeyd edilmə faktı barədə ərizəni müdafiə etdiklərini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmişdir.
4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan müəyyən olunur ki, Cavadov Hüseyn-ağa Nazim oğlu xx.xx.1963-cü ildə doğulmuşdur. X1 və anası X4r.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən Cavadov Hüseyn-Ağa Nazim oğluna ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, Penitensiar xidmətə daxil olmuş müraciətlə bağlı bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsinin məlumatına əsasən, 1935-ci il təvəllüdlü X5 Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən (həbs olunma tarixi xx.xx.1996-cı il) Azərbaycan Respublikası CM-nin 15-94-cü maddəsinin 4 və 6-cı bəndləri, 105-ci maddəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 199-cu maddəsi, 220-ci maddəsinin 2-ci hissəsi, 94-cü maddəsinin 3, 4, və 6-cı bəndləri, 38-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək ölüm cəzasına məhkum edilmiş və xx.xx.1999-cu il tarixdə Qobustan həbsxanasında vəfat etmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, X3 ölümü haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətə baxılmışdır. Bildirilir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən N.Cavadovun ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilmədi.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, X3 ölüm haqqında şəhadətnamənin alınması barədə xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur.
İşin faktiki halları.
9. Ərizəçi X1 1935-ci ildə anadan olmuşdur. Bakı Şəhər Məhkəməsinin xx.xx.1997ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.94-cü maddəsinin 4 və 6-cı bəndləri, 105-ci maddəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 199-cu maddəsi, 220-ci maddəsinin 2-ci hissəsi 94-cü maddəsinin 3,4 və 6-cı bəndləri, 38-ci maddəsi (köhnə redaksiya) ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib, 08 yanvar 1999-cu ildə Qobustan Həbsxanasında vəfat etmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasını vərəsəlik şəhadətnaməsi alınması üçün zəruri olmasını əsaslandırmışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X1 1935-ci ildə anadan olmuşdur. Bakı Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.94-cü maddəsinin 4 və 6-cı bəndləri, 105-ci maddəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 199-cu maddəsi, 220-ci maddəsinin 2-ci hissəsi 94-cü maddəsinin 3,4 və 6-cı bəndləri, 38-ci maddəsi (köhnə redaksiya) ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib, 08 Yanvar 1999-cu ildə Qobustan Həbsxanasında vəfat etmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasını vərəsəlik şəhadətnaməsi alınması üçün zəruri olduğunu bildirir.
Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 1935-ci il təvəllüdlü X5 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1935-ci il təvəllüdlü X5 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova