Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4947/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X7 14.11.1985-ci il tarixində vəfat etməsi ilə bağlı Ermənistan SSR Masis rayonu Zəhmət kənd sovetində rəsmiləşdirilmiş ölüm akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, babası X9 ilə X4 30.03.1971-cı il tarixində rəsmi nikaha daxil olmuş və nikahları qeyd edilən tarixdə Ermənistan SSR Masis rayonunun Arbat kənd sovetində rəsmiləşdirilmişdir. Babası 14.11.1985-ci ii tarixdə vəfat etmiş və Masis rayonunun Zəhmət kəndində dəfn edilmişdir. Ermenistan SSR Masis rayonunun Zəhmət kənd soveti tərəfindən babasının ölümünü təsdiqləyən 250761 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Sonradan babasının ölümünü təsdiqləyən şəhadətnamə itmiş, ancaq həmin şəhadətnamənin kserosurəti qalmışdır. Nənəsi isə 1988ci ildə etnik azərbaycanlıların yaşadığı baba torpaqlarından deportasiya olunmuş və nəticədə Bakı şəhərinə pənah gətirmişlər. Nənəsi də 03.01.2015-ci il tarixində ürəyinin dayanması səbəbindən vəfat etmişdir və Dədə Qorqud qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Hal-hazırda X7 14.11.1985-ci il tarixində vəfat etməsi ilə bağlı aktı qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də 30.06.2021-ci il tarixli, 662-05/75 saylı cavab məktubu bunadan imtina edilərək bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsilə mümkündür. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, babası hələ Ermənistanda olarkən rəhmətə getmiş, lakin onun ölümünü təsdiq edən sənəd itmişdir. Bu sənədin surətini isə evin sənədlərinin içindən tapmışdır. Hazırda evin sənədləşdirməsini həyata keçirə bilmək üçün həmin sənədin əsli ona lazımdır. Atası rəhmətə getdiyindən bununla bağlı ərizəni özü verməli olmuşdur. Bundan başqa, babasının və nənəsinin nikah akt qeydinin bərpası ilə bağlı da məhkəməyə ərizə ilə müraciət etmişdir. Odur ki, məhkəməyə ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək babası X1 14.11.1985ci il tarixdə vəfat etməsi ilə bağlı Ermənistan SSR Masis rayon Zəhmət kənd sovetində rəsmiləşdirilmiş ölüm akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 662-05/75 saylı məktubdan görünür ki, X8 ölüm haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından və adında ziddiyyət olduğundan ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmamışdır. Ermənistan SSR, Massis rayonu, Arbatski kənd sovetliyi tərəfindən 24.08.1983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, Ərizəçi (atası X21, anası X14) 14.08.1983-cü il tarixdə Ermənistan SSR, Massis rayonu, Zəhmət kəndində doğulmuşdur. Qaraqışlaq kənd soveti tərəfindən 20.10.1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X24 (atası X5, anası X12) 28.09.1959-cu il tarixdə Ermənistan SSR, Zəhmət kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən X14 bildirmişdir ki, Ərizəçi onun oğludur. X3 onun qayınatası olmuşdur. Belə ki, o Ermənistan SSR, Masis rayonunda doğulmuş, 1982-ci ildə ərizəçinin atası X21 ilə ailə qurmuşdur. Bundan sonra qayınatası X1 evinə gəlin köçmüşdür. Qayınatası 14 noyabr 1985-ci ildə - 50 illik yubileyindən sonra vəfat etmişdir. Onu 15 noyabrda Masis rayonu, Zəhmət kənd qəbiristanlığında dəfn etmişlər. Həmin vaxtdan hər il 15 noyabr gününü onun ölüm il dönümü kimi yad edirlər. Ermənistandan çıxan zaman onun ölüm aktının əslini götürmüş, lakin həmin vaxt qarışıqlıqdan haraya qoyduğunu unutmuş, sonradan tapmaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X10 bildirmişdir ki, Ərizəçi qardaşının oğludur. X3 atasıdır. Atası 14.11.1985-ci ildə vəfat etmişdir. Atası rəhmətə gedən vaxt o, doqquzuncu sinifdə oxumuşdur. Onun ürəyində xəstəlik olmuş, qəfil ürək tutması nəticəsində vəfat etmişdir. Həmin vaxt 50 yaşında olmuşdur. Onu 15 noyabrda Zəhmət kənd qəbiristanlığında dəfn etmişlər. Onlar 1988-ci ildə ailəlikcə Ermənistan SSR-i tərk etmiş, Azərbaycana gəlmişlər. Həmin vaxt o ailəli olduğundan ailəsi ilə birlikdə Bakıya köçərək yerləşmişdir. Buraya köçdükdən sonra da onlar hər il 15 noyabrda atasının ölüm il dönümünü qeyd edirlər. O, 14 noyabrda ölsə də 15 noyabrda dənf edildiyindən həmin gün onu yad edirlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi babası X6 14.11.1985-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində ölmüş, elə həmin kənddə də dəfn edilmişdir. Həmin vaxt onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə alınsa da (surəti iş materiallarında mövcuddur) həmin sənədin əsli mərhumun ailəsi Ermənistandan Azərbaycana köçən vaxt itmişdir. Ərizəçinin babası olan X2 ölüm haqqında şəhadətnaməsinin əslini əldə etməyin başqa yolu olmadığından ərizəçi mərhum babasının ölüm akt qeydinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat verən şahidlər də bu qeyd edilənləri təsdiq etmişdir. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci mаddəsinə əsаsən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü maddəsində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdən görünür ki, mərhum X6 14.11.1985-ci il tarixdə öldüyü vaxt onun ölümü haqqında qeydiyyat aparılsa da o, ailəsi Ermənistandan Azərbaycana köçərkən bu sənəd itdiyindən və Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından onun ölüm haqqında akt qeydinin başqa qaydada bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən hazırda Ərizəçi babası Allahverdiyev Mamed (Məmməd) Hacı Əli oğlunun 14.11.1985-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş edilən faktın doğruluğu iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilir. Belə olan halda ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, Allahverdiyev Mamed (Mamed) Hacı Əli oğlunun 14.11.1985-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində ölüməsinin qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Allahverdiyev Məmməd (Mamed) Hacı Əli oğlunun 14.11.1985-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində ölməsinə dair Ermənistan SSR, Masis rayonu, Zəhmət kənd sovetində qeydiyyata alınmış ölüm akt qeydi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4947/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4947/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver