Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5027/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/6-7354 saylı barışıq sazişinin üçüncü bəndinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə 26 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bizim bu nikahımızdan 08 may 2017-ci il təvəllüdlü X4 adlı övladımız anadan olmuşdur. Biz bir müddət mehriban yaşasaq da, sonradan ailə münasibətlərimiz pozulmuş, maraqlı şəxs də uşağı götürərək evdən getmişdir. Hal-hazırda bizim aramızda olan nikah məhkəmə qaydasında pozulmuş, qətnaməyə əsasən azyaşlı uşağımız da maraqlı şəxsin yanındadır. Məhkəmədən əvvəl biz 6 saylı mediasiya təşkilatına müraciət etmiş, aramızda olan mübahisəni mediator vasitəsi ilə həll etmişik. Belə ki, bizim aramızda 28 noyabr 2022-ci il tarixli, MŞB/6-7354 saylı barışıq sazişi bağlanmış, həmin sazişə əsasən biz aşağıdakı şərtlər daxilində razılığa gəlmişik: 1. Tərəflər 26 fevral 2015-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış 459 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər; 2. Birinci tərəf birgə nikahdan doğulan övladları 08 may 2017-ci il təvəllüdlü X2 yaşayış yeri anasının yanı olmaqla Cavabdeh himayəsində qalmasına etiraz etmir və razıdır; 3. Birgə nikahdan doğulan övladları 08 may 2017-ci il təvəllüdlü X4 ilə birinci tərəfin görüşü ikinci tərəf tərəfindən həftədə 1 dəfə olmaqla saat 13:00-17:00-a kimi vaxt aralığında müəyyən edilmiş günlərdə təşkil edilməsi barədə razılığa gəldilər; 4. Aliment məbləği stabil 300 manat olmaqla uşaq yetkinlik yaşma çatanadək 01 dekabr 2022-ci il tarixdən başlayaraq ödəməyi birinci tərəf öz öhdəsinə götürür; 5. İkinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və birinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. Mən aramızda bağlanmış bu sazişin şərtlərinə əməl edir, alimenti vaxtlı-vaxtında ödəyirəm, lakin maraqlı şəxs aramızda olan razılığa əsasən 08 may 2017ci il təvəllüdlü X4 ilə mənim görüşümü həftədə 1 dəfə olmaqla saat 13:00-17:00-a kimi təmin etməyi öhdəsinə götürsə də, o, sazişin şərtlərinə əməl etməmiş, bununla əlaqədar ona şifahi qaydada bildirdikdə də o, sazişlə razı olmadığını bildirmişdir. Hətta ona bu barədə yazılı bildiriş göndərilsə də, o, aralarında bağlanmış barışıq sazişinin şərtlərini həyata keçirməkdən imtina etmişdir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş ərizəçi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil ərizəni qəbul edərək bildirdi ki, maraqlı şəxs ərizəçinin uşaqla ünsiyyətinə heç vaxt mane olmamış, hətta elə olur ki, ərizəçi uşağı həftədə 3-4 dəfə götürüb öz yanında saxlayır. Maraqlı şəxs bunların heç birinə etiraz etmir. Lakin hazırda aralarında bir qədər mübahisə olduğundan ərizəçi tərəfindən belə bir ərizə ilə məhkəməyə müraciət edilmişdir. Hər bir halda barışıq sazişinin atanın uşaqla ünsiyyəti ilə bağlı bəndinin təsdiq edilməsinə etiraz etmir.
İş materialları.
5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-740/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 459 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir.
6. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/6-7354 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: “1. Tərəflər xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış 459 nömrəli akt qeydinin pozulması barədə razılığa gəldilər;
2. Birinci tərəf birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X3 yaşayış yeri anasının yanı olmaqla Cavabdeh himayəsində qalmasına etiraz etmir və razıdır;
3. Birgə nikahdan doğulan övladları xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birinci tərəfin görüşü ikinci tərəf tərəfindən həftədə bir dəfə olmaqla saat 13:00-dan 17:00-a kimi vaxt aralığında müəyyən edilmiş günlərdə təşkil edilməsi barədə razılığa gəldilər;
4. Alimentin məbləği stabil 300 manat olmaqla uşaq yetkinlik yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq ödəməyi birinci tərəf öz üzərinə götürür;
5. İkinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və birinci tərəfə təqdim etməyi öz üzərinə götürür”.
İşin faktiki halları.
7. Ərizəçi və maraqlı şəxs Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından bir uşaq – xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur.
8. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması, atanın uşaqla ünsiyyəti, uşağın saxlanılması üçün atadan aliment tutulması və tutulacaq alimentin miqdarı barədə qarşılıqlı razılığa gəlmişlər.
9. Tərəflər arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşağın ana Cavabdeh yanında qalması qət edilmişdir. Tətbiq edilən hüquq.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
12. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin atanın uşaqla ünsiyyəti ilə bağlı hissədə könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi (ata) hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
13. Yuxarıda (§ 11) istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
14. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2022-ci il tarixdə bağlandığı nəzərə alınsa, sazişin könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi uşaqla ünsiyyətlə bağlı hissədə könüllü şəkildə icra edilməyən barışıq sazişinin məcburi icrası üçün sazişin həmin bəndinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Məhkəmə araşdırması nəticəsində sazişin bu bəndinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də həmin bənd qanuna zidd deyil.
16. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişinin müvafiq bəndini imzalamışlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin atanın uşaqla ünsiyyətilə bağlı bəndinin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal müəyyən edilmədiyindən sazişin həmin bəndi təsdiq edilməlidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin ərizəçinin uşaqla ünsiyyətilə bağlı üçüncü bəndi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
19. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin üçüncü bəndi təsdiq edilsin: “3. Birgə nikahdan doğulan övladları xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birinci tərəfin (Ərizəçi) görüşü ikinci tərəf (Cavabdeh) tərəfindən həftədə bir dəfə olmaqla, saat 13:00dan 17:00-a kimi vaxt aralığında müəyyən edilmiş günlərdə təşkil edilməsi barədə razılığa gəldilər”. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva