Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-511/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Qulamhüeyn oğlunun, Cavabdeh3 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyan” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyan” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 6400 manat dəyərində qızıl-zinət əşyalarını, qiyməti 4000 manat olan komplekt dəsti- sarı qızıldan olan 1 ədəd kolye, 1 ədəd qolbaq, 1 ədəd qaşlı üzük, bir cüt qaşlı qızıl sırğanı, qiyməti 600 manat olan 1 ədəd sarı qızıldan nişan üzüyünü, 300 manat qiymətində sarı qızıldan olan zənciri (sepi) 350 manat qiymətində qızıl zənciri, 300 manat dəyərində 1 cüt qızıl sırğanı, 200 manat dəyərində qızıl üzüyü, 500 manat dəyərində qızıl-zəncir kulonu, 1 cüt qızıl sırğanı, 150 manat dəyərində qızıl qolbağını ona qaytarmaları haqqında və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsini, əgər onların naturada qaytarılması mümkün olmadıqda isə 6400 manat pulun və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2010-cu il tarixdə el adəti ilə toy edərək faktiki nikaha daxil olmaqla ailə qurmuş, 18 iyun 2018-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. O, ailə qurduğdan sonra cavabdehlərin yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çənlibel” restoranın yaxınlığında yerləşən 5 otaqlı evə köçmüş və bir ilədək həmin evdə yaşamışdır. Daha sonra qaynanası onunla yola getmədiyinə görə, mütəmadi olaraq mübahisələr olub sonuncu tərəfindən təhqir olduğuna görə anasının evinə qayıtmış və bir müddət orada, sonra isə Maştağa qəsəbəsində yerləşən Xanlar yaşayış sahəsində Çiləgər adlanan məhəllədə valideynlərinin köməyi ilə tikilmiş 3 otaqlı fərdi yaşayış evinə köçərək bütün cehiz əşyalarını da ora aparmışdır. Nikah dövründə 2 uşaqları olmuşdur. İlk müddət Cavabdeh1 ilə mehriban yaşasalar da, sonradan xasiyyətləri biri-birinə uyğun gəlmədiyi müəyyən olunmuşdur. Lakin o, iki uşaqları nəzərə alaraq rəsmi olaraq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. 04 yanvar 2019-cu il tarixdə saat 19 radələrində cavabdehlər azyaşlı övladlarını da özlərinin yanında saxlayıb onu taksi ilə atasının evinə yola salaraq hətta evin açarlarını da özündə saxlamışlar. Bundan sonra o, cavabadeh Cavabdeh3 Mehdi oğlu ilə arasında olan nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onların arasında bağlanan nikahın pozulması, iki övladının onun himayəsində qalması və həmin uşaqların saxlanması üçün hər uşağa görə hər ay 160 manat aliment tutulması qət edilmişdir. O, 04 yanvar 2019-cu il tarixdə atasının xəstələnməsi bəhanəsi ilə cavabdehlər tərəfindən taksi ilə atasının evinə göndərilmiş, bundan sonra isə cavabdehlər evin giriş qapılarının açarlarını da özlərində saxlayaraq ona verməmişlər. Həmin vaxt evdən çıxarkən əynində yalnız bir dəst paltar olmuşdur. Həmin vaxtdan başlayaraq dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər ona toy ərəfəsində və toy günü bağışlanmış iddia tələbində qeyd etdiyi qızıl zinət əşyalarını qaytarmamışlar. Həmin əşyalardan qiyməti 4000 manat olan sarı qızıldan komplekt dəsti (1 ədəd kolye, 1 ədəd qolbağ, 1 ədəd qaşlı üzük, bir cüt qaşlı qızıl sırğa), qiyməti 600 manat olan 1 ədəd sarı qızıldan nişan üzüyü və qiyməti 300 manat olan sarı qızıldan zənciri cavabdehlər tərəfindən ona toy günü bağışlanmış, qalan qızıl zinət əşyaları isə - qiyməti 300 manat olan 1 cüt qızıl sırğa, qiyməti 200 manat olan qızıl üzüyü, qiyməti 500 manat olan qızılzəncir kulon, 1 cüt qızıl sırğa, qiyməti 150 manat olan qızıl qolbağ valideynləri trəfindən ona hədiyyə edilmişdir. Tələb etdiyi qızıl zinət əşyaları onu iştirakı ilə əldə edildiyindən onların hansı qiymətə alındığını xatırlayır və olduğu kimi idda tələbində əks etdirmişdir. Cavabdehlərin bu kimi hərəkətləri nəticəsində onun əsəbləri korlanmış, keçirtdiyi stress və narahatlıqlar nəticəsində səhhəti pisləşmiş, mənəvi sarsıntı və iztirab keçirmişdir. Buna görə də cavabdehlərdən 6400 manat cəmi dəyəri olan bütün qızıl zinət əşyalarını, eləcə də mənəvi zərərə görə 20000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.02.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil Qulamhüeyn oğlu iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (o, eyni zamanda Cavabdeh1 nümayəndəsidir) qismində izahat Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, Maştağa qəsəbəsində yerləşən Xanlar yaşayış sahəsinin Çiləgər məhəlləsində üç otaqlı fərdi yaşayış evini şəxsi vəsaiti hesabına tikmiş və iddiaçı onun oğlu Mehdi ilə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamışlar. İddiaçının iddia etdiyi qızıl-zinət əşyaları heç vaxt onların evində olmamış, çünki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını daha təhlukəsiz hesab etdiyi öz valideynləri yaşadıqları ünvan 1 ünvanında saxlamışdır. Hətta bu haqda iddiaçıdan maraqlananda o, yaşadığı evin həyət evi olduğuna görə oğurluq hadisəsinin mümkün olduğunu, belə olan halda valideynlərini yaşadıqları mənziln bina evi olduğu üçün daha təhlükəsiz olması ilə əsaslandırıdı. Məhz bu səbəbdən də iddiaçı xeyli müddət keçdikdən sonra qızılların qaytarılması ilə bağlı mübahisə qaldırmış, əslində isə bu yalnız cavabdehlərdən qisas almaq məqsədilə edilmişdir. Bu əsaslara görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.02.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək Cavabdeh3 izahatında qeyd olunmuş xüsusatları bildirərək əlavə olaraq qeyd etmişdir ki, onlar tərəfindən iddiaçıya ümumiyyətlə iddia tələbində qeyd olunan sayda qızıl-zinət əşyaları hədiyyə edilməmişdir. Belə ki, onlar tərıəfindən yalnız nişan üzüyü və komplekt dəsti hədiyyə edilmiş və həmin əşyalar həmişə iddiaçının sahibliyində olmuş və sonuncu həmin əşyaları özünün valideynlərinin evində saxlamışdır. Belə olduğu halda iddianın əsassız olaraq rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, 2011-ci ildə nikahları rəsmi qeydiyyata alınmışdır. Nikah münasibətlərinə daxil olduqdan sonra bir müddət cavabdehlərlə birlikdə Bakı şəhəri, Günəşli qəsəbəsində, sonra isə Cavabdeh1 ilə Bakı şəhəri Maştağa qəsəbəsindəki “Xanlar” yaşayış massivində 3 otaqlı fərdi yaşayış evində yaşayıb birgə təsərrüfat aparmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 bildirdi ki, İddiaçı onun qardaşı qızıdır və sonuncunun ayrılması məsələsi bir müddər qizlin saxlandığına görə bir qədər geç bu haqda bilmişdir. Bildiyi o olmuşdur ki, iddiaçı yalan əsaslarla evdən çıxarılmış vıə bir daha ora qayıtmamışdır. O, sonradan cehizləri gətirməyə getmiş, lakin qaytarılan əşyalar arasında qardaşı qızına verilmiş qızıl mövcüd olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. İlk növbədə qeyd olunmalıdır ki, vindikasiya iddia tələbinin yuxarıda qeyd olunmuş maddənin dispozisiya şərtləri baxımından (Mülki Məcəllənin 157.2-ci maddəsi) cavabdehlərin qızıl komplekt dəsti (sarı qızıldan 1 ədəd kolye, 1 ədəd qolbaq, 1 ədəd qaşlı üzük və qaşlı qızıl sırğa) və iddia tələbində nişan üzüyü kimi qeyd olunan əşyanı hədiyyə şəkilində bağışlandığını etiraf etmələrini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyaların mövcüdluğu ilə bağlı faktın sübut etmə vəzifəsindən azaddır. Məhkəmə araşdırılması zamanı digər müəyyən olunmuş hal ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 ilə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübut etmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanldığı yerdən aparılması ilə bağlı sübut etmə vəzifəsini cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Beləliklə də, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, bir ədəd qızıl nişan üzük, bir dəst komplektin tələb edilməsinə dair hissədə iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə bu halı da nəzərə alır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki- Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Bu baxımdan iddiaçı və cavabdeh qızıl zinət əşyalarının hansı qiymətə dəyərləndiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyinə görə məhkəmə əşyaların fotoşəkilləri qızıl-zinət əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə mülki işə “xxxx” MMC-dən mütəxəssis (Rövşən Talıbzadə) cəlb olunmuşdur. “xxxx” MMC tərəfindən məhkəməyə ƏEM/A 88-409/21 saylı mütəxəssis rəyi daxil olmuşdur. “xxxx”nin mütəxəssisi X2 məhkəmə iclasında qeyd olunan rəyi müdafiə edərək izah etmişdir ki, onlara təqdim olunmuş fotoşəkillər nəzərdən keçirildikdən sonra mütəxəssis rəyləri belə olmuşdur ki, qızıl-zinət əşyalaranın dəyəri – Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0- 7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) manat təşkil edir. İddia tələbində qeyd olunan digər qzıl-zinət əşyaları fotoşəkillərdə əks olunmadığına görə həmin əmlaklar barədə fikir bildirmək mümkün olmamışdır. Bu baxımdan məhkəmə qeyd edilən və mövcüdluğu mübahisələndirilməyən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəmə mütəxəsis rəyinin nəticələrini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, yuxarıda təsvir olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhz iddiaçı tələb etdiyi əşyaların dəyəri barədə sübut təqdim etməlidir. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim edilmədiyi halda mütəxəssis rəyində qeyd olunan ən aşağı dəyərə uyğun olaraq müəyyən edilməlidir. Bu baxımdan cavabdehlərin məhkəmə iclasında gətirdikləri dəlillərlə razılaşmayaraq məhkəmə qeyd edir ki, əvvəla cavabdehlər ididiaçıya məxsus olan qızıl əşyaların daimi olaraq onunla birlikdə yaşamayan valideynlərin evində saxlamasını təsdiq edən sübutlar təqdim etməmişlər. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Belə ki, iddiaçının evi tərk etmə vaxtı və şəraiti, onun getməyi əvvəlcədən planlaşdırdığını ciddi şəkildə şübhə altına alır. Bu isə ona dəlalət edir ki, iddiaçı evdən birdəfəlik getməmiş və bu səbəbdən də onun tərəfindən özünə məxsus qızıl-zinət əşyalarının aparması qənaətinə gəlmək olmaz. Beləliklə də, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0-7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) tələb edilməsinə dair hissədə iddia əsalı olduğuna görə təmin edilməlidir. Bununla belə yuxarıda qeyd olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı 1 ədəd qolbaq, bir cüt qaşlı qızıl sırğanı, qiyməti 600 manat olan 1 ədəd sarı qızıldan nişan üzüyünü, 300 manat qiymətində sarı qızıldan olan zənciri (sepi) 350 manat qiymətində qızıl zənciri, 300 manat dəyərində 1 cüt qızıl sırğanı, 200 manat dəyərində qızıl üzüyü, 500 manat dəyərində qızılzəncir kulonu, 1 cüt qızıl sırğanı, 150 manat dəyərində qızıl qolbağını cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Ona görə də, məhkəmə iddianın həmin hissədə təmin edilməməsini mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticə hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməklə, nişan və toy zamanı cavabdeh tərəfindən İddiaçı hədiyyə olaraq verilmiş Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0-7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) manat və ya onların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Bundan əlavə iş materiallarında olan “xxxx” MMC-nin arayışından görünür ki, verilmiş mütəxəssis rəyi üzrə xidmət haqqı 80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia qismən təmin edildiyinə görə mütəxəssis rəyinə görə xidmət haqqı üçün 40 manat cavabdehlərə, 40 manatı isə iddiaçıya aid edilməli və qeyd olunan məbləğlər onlardan tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN : **********, hesab №” AN: AZ30GUNA********************, Bank: GunayBank ASC. VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD 505594, SWİFT: GUNAAZ22) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh3 Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0- 7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) manat və ya həmin əşyalar olmadığı halda onların dəyəri alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis rəyinə görə xidmət haqqı üçün 40 manat cavabdehlərə, 40 manatı isə iddiaçıdan tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN : **********, hesab №” AN: AZ30GUNA********************, Bank: GunayBank ASC. VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-511/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-511/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver