Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5255/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qardaşı xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X8 xx.xx.1959-cu il tarixdə Quba rayonunda anadan olmuş, xx.xx.1997-ci ildə isə Quba rayonu, Alpan kəndində yaşadıqları evdə vəfat etmişdir. Qohumları ilə birlikdə qardaşını Quba rayonu, Alpan kəndində yerləşən məzarlıqda dəfn etmişlər. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün, yəni qardaşının vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. O, qardaşına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş, qardaşınız X4 ölümü barədə təkrar şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, vətəndaşlıq vəziyyəti aktlarının elektron informasiya sistemində və 1994-2000-ci illər Maraqlı şəxs və Alpan icra nümayəndəliyi üzrə ölüm haqqında akt qeydləri kitablarında X4 ölümü barədə akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən, ölümün qeydiyyatı aparılır”. Qeyd edir ki, qardaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, qardaşının ölməsi faktını təsdiq edəcək sübutlarını ərizəyə əlavə edir. Eyni zamanda məhkəmə iclasında qardaşının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğu səbəbi ilə işə iştirakları olmadan baxılmasını və mahiyyəti üzrə həll edilməsini xahiş etmişdir.
İş materialları.
5. Quba rayon Alpan kənd soveti tərəfindən xx.xx.1955-ci il tarixdə verilmiş İ-İE seriyalı, 000631 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X7, anası X9) xx.xx.1955-ci il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə 79 nömrə ilə qeyd edilmişdir.
6. Quba rayon Alpan kənd soveti tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş İ-İE seriyalı, 799473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası X7, anası X9) xx.xx.1959-cu il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 141 nömrə ilə qeyd edilmişdir.
7. Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının elektron informasiya sistemində və 1994-2000-ci illər Maraqlı şəxs və Alpan icra nümayəndəliyi üzrə ölüm haqqında akt qeydi kitablarında X4 ölümü barədə akt qeydi aşkar edilmədiyi bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Quba rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmiş qardaşı mərhum X4 ölümü haqqında Quba RMX-da heç bir məlumat olmadığına görə və ölümün baş vermə səbəbi və yeri məlum olmadığı üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 saylı qərarı əsas tutularaq və həmin qərarın 5.3-cü maddəsinə əsaslanaraq ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
9. Quba rayon Alpan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 75 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum qardaşı X8 xx.xx.1997-ci il tarixdə rəhmətə getdikdən sonra Quba rayonu, Alpan kəndində dəfn edilmişdir.
10. İş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkildən üzərində “X8, xx.xx.1959 – xx.xx.1997” yazılmış qəbir daşı görünür.
Şahid ifadələri.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, həm ərizəçi, həm də ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs onun doğma dayılarıdır. 1997-ci il tarixdə dayısı Babayev Faiq özünə qəsd etmişdir. Belə ki, dayısı Faiq Babayev psixi xəstəliklə bağlı özünü asmışdır. Cəmşid dayısı ona demişdir ki, Faiq bir dəfə də özünə qəsd etmiş, lakin özünü öldürə bilməmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, ərizəçi onun tələbə yoldaşıdır. Ərizəçinin qardaşını hələ tələbəlik illərindən tanıyır. Belə ki, ərizəçi ilə birlikdə tələbə olduqları dövrdə qardaşı da onların yanına gəlmiş və tanışlıqları yaranmışdır. Onlar hələ də tələbə yoldaşları ilə bir araya gələrək söhbətlər edirlər. Söhbətlərin birində ərizəçinin qardaşının intihar edərək özünü öldürdüyünü eşitmiş, iki aydan sonra ona baş sağlığı vermişdir. Ərizəçinin qardaşı psixoloji problemləri səbəbindən özünü öldürmüşdür. Ölümün tarixini təxmini olaraq 1997-1998-ci illər kimi xatırlıyır.
İşin faktiki halları.
13. xx.xx.1959-cu il təvəllüdlü X8 Ərizəçi qardaşıdır.
14. Ərizəçinin qardaşı Faiq Babayevin ölümü ilə bağlı heç bir akt qeydi aparılmamışdır.
Tətbiq edilən hüquq.
15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
18. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qardaşı xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının xx.xx.1997-ci il tarixdə Quba rayonunda ölməsi faktını müəyyən etmək üçün məhkəməyə ərizə ilə müraciət etmişdir.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər mərhumun xx.xx.1997-ci il tarixdə Quba rayonunda dəfn edildiyi qəbiristanlığa dair bələdiyyə arayışı, üzərində mərhumun adı və ölüm tarixi qeyd edilən qəbir daşının fotoşəkli kimi sübutlarla da təsdiq edilmişdir.
21. Göründüyü kimi, ərizəçinin qardaşı xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Quba rayonunda ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.