Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5355/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Barışıq Sazişinin təsdiq edilməklə, Maraqlı şəxs ilə aralarında olan, 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 18 iyul 2022-ci il tarixdə bağlanmış 1488 nömrəli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ailə Məcəlləsi: Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsində nikahın məhkəmə qaydasında pozulmasının iki qaydası nəzərdə tutulmuşdur. Hazırkı işdə ərizəçi bildirir ki, onların birgə nikahdan övladları yoxdur. Deməli, tərəflərdən hər hansı biri qeydiyyat orqanında nikahın pozulmasına razılıq vermirsə, Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozulmalıdır. Ərizədən görünür ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydinin pozulması barədə Barışıq sazişi bağlanmışdır. Ərizəçi barışıq sazişi ilə aralarında əldə edilmiş razılığa əsasən mövcud rəsmi nikahın qeydinin pozulmasını xahiş edir. Qeyd edilməlidir ki, ərizəçi nikahın pozulması barədə hazırki ərizəni iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında təqdim edilən ərizə formasında təqdim etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, nikahın pozulması haqqında tələblərə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Belə ki, Ailə Məcəlləsinin 19.2-ci maddəsində nəzərdə tutulduğu kimi, tərəflərdən biri nikahın pozulmasından yayınırsa, onda bağlanmış nikahın pozulmasına məhkəmə qaydasında baxılmalıdır. Bu halda məhkəmə qaydası ona görə nəzərdə tutulmuşdur ki, tərəflər arasında razılığ yoxdur və mübahisə məhkəmədə iddia icraatı qaydasında həll edilməlidir. Mediasiyada bağlanmış barışıq sazişinə gəldikdə isə, bu hala işə iddia icraatında işə baxılarkən hüquqi qiymət verilir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki ərizənin icraata qəbulu mümkün hesab edilə bilməz. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iddia tələbi verilərkən nikahın qeydiyyat orqanında pozulmasının mümkünsüzlüyünü təsdiq edən sənəd də iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra nikahın qeydiyyat orqanında pozulmasının mümkünsüzlüyünü təsdiq edən sənəd əlavə edilməklə, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5355/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5355/2024
31.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver