Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5400/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, ərizəçinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1941-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 1941-ci ildə Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur Anası uzun müddət mədəsindən və qaraciyərindən müalicə olunmuş, təəssüf ki, müalicələr fayda verməmiş və anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Anasını dəfn etdikdən sonra onun ölümünü təsdiq edən ölüm şəhadətnaməsini almaq üçün Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən bildirilmişdir ki, anasının ölümünü təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanları xaricindədir. Eyni zamanda, qeyd edilən problemin həlli məqsədi ilə aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hal-hazırda anası X2 xx.xx.2025ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ona miras əmlakın qəbulu, vərəsəlik işinin açılması üçün lazımdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi onun əri, ölən şəxs isə onun qayınanasıdır. Qayınanası 1941-ci ildə doğulmuş, xx.xx.2025-ci il tarixdə isə Zığda öz yaşadıqları evdə vəfat etmişdir. Qayınanası vəfat etdikdən sonra Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Qayınanasının ölüm səbəbi isə onun uzun müddət xəstəlikdən əziyyət çəkməsi olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qayınatası, ölən şəxs isə qayınatasının anasıdır. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında ona zəng gəlmiş və qayınatasının anasının ölüm xəbəri verilmişdir. O da qayınatasının yaşadığı ünvana getmiş və ünvana çatdıqda həqiqətən də onun anasının öldüyünü görmüşdür. O, ünvana çatan zaman saat təxminən 07:00 – 07:30 radələri olmuşdur. Ölən şəxs öldüyü günədək nəvəsi Telman, gəlini Əminə və oğlu ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.1966-cı il tarixli, İ-ZJ seriyalı, 895338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X9, anası X5) xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur. xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 03094842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 XX.XX.1941-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X3 Mərkəzi” X16 Suraxanı Təcili və X3 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il, saat 06:12-də çağırış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək həkimə qədər ölüm (qadın cinsli meyit) faktını aşkar etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 30 nömrəli Ambulatoriya tərəfindən ərizəçinin nümayəndəsi X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş XX.XX.1941-ci il təvəllüdlü X5 30 nömrəli Ambulatoriyanın xidmət göstərdiyi ərazidə yaşamadığı və son illər ərzində ambulatoriyaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin (Forma 106) 30 nömrəli Ambulatoriya tərəfindən verilməsinin mümkün olmadığı bildirilmiş və aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 307 nömrəli arayışdan müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və “Dədə Qorqud” qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçinin nümayəndəsi X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100.6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı 1941-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1941-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. XX.XX.1941-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100.60 (yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəridə Rzayeva