Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5550/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, anası – xx.xx.1936-cı ildə Bakı şəhərində anadan olmuş X1 20 avqust 2025ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X2 20 avqust 2025-ci ildə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. O və qohumları anasını yaxınlıqdakı Bakıxanov qəsəbə qəbirstanlığında dəfn etmişdirlər. Ərazi üzrə poliklinikadan anasının adına ölüm tibb şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni dəfn müavinətinin alınması, vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o, 4 Saylı Bakı “ASAN Xidmət” X8 müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.” Qeyd edir ki, anasının ölümü haqqında şəhadətnamənin verilməsindən 4 Saylı Bakı “ASAN Xidmət” X13 tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda anasının ölməsi faktını təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, ölüm haqqında şəhadətnaməyə görə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxs Bakı şəhəri 4 saylı Asan xidmət Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçi 30 illik dostudur, həm də iş yoldaşıdır. Ərizəçinin anasının dəfnində iştirak etmişdir. X1 Bülbülədə gölün ətrafında dəfn olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, ərizəçinin anasının yaşı 80-dən yuxarı idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, mərhum Baharxanım Hüseynbala qızı nişanlısının nənəsi idi. Mərhum 20 avqustda xəstəlikdən vəfat etmişdir. Mərhumun 65-70 yaş arası yaşının olduğunu qeyd etmişdir. Bildirmişdir ki, dəfndə iştirak etmişdir. Mərhum göl ətrafında dəfn olunmuşdu. İş materialları. AA5687386 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1936-cı ildə doğulmuşdur. Bakı şəhəri Şaumyan (Xətai) Rayon rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ata X15, ana X2) xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 324 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-4156/2025 saylı məktubdan görünür ki, şəxsin ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümünün qeydə alınması mümkün olmamışdır. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X19 11 nömrəli Şəhər Poliklinikası tərəfindən sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında 5 ildən çoxdur yaşamadığı üçün və ölüm səbəbini müəyyənləşdirmək mümkün olmadığı üçün 1936-cı il təvəllüdlü mərhum X3 Səhiyyə Nazirliyinin 2016-cı ilin 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında arayış verilməsindən imtina edilmişdir. X12, X9 və X10 tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum X2 həqiqətən, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə çağırış üzrə Əmircan qəsəbəsi, Zeynal Əliyev küçəsi, ev 438 ünvanına gəlmiş, X1 ölümünün ilkin səbəbi olaraq həkimə qədər ölməsi (qadın cinsli meyit) qeyd edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X5 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.https://e-qanun.az/framework/37812 “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi anası X1 20 avqust 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə 4 Saylı Bakı “Asan Xidmət” X8 müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən sənəd olmadığından, ölümünün qeydə alınmasının mümkün olmadığı qeyd edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X1 oğludur. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnaməni almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X1 vəfat etməsini təsdiqləmişdirlər. X1 20 avqust 2025-ci il tarixdə vəfat etdiyi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar qəbiristanlığında dəfn olunduğu görünür. Ərizəçinin anası X1 20 avqust 2025-ci il tarixdə ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-cı il təvəllüdlü X1 20 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 20 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva