Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5641/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən nəvəsi X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, övladı X6 oğlu X14 ilə birlikdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, bir daha ölkə ərazisində geri qayıtmamışdır. Aldığı məlumata əsasən, qızı Mahirə xx.xx.2017-ci il tarixdə İraqın Telafer şəhərində vəfat etmişdir. Ölüm faktını təsdiq edən sənəd məhkəmə tərəfindən qəbul edilən qərar ilə tərtib edilmişdir. Nəvəsi Yusif isə xx.xx.2017-ci il tarixdə anasının və qardaşının gözü qarşısında Peşmərgə silahlı qruplaşması tərəfindən əsir götürülən zaman öldürülmüşdür. Bu məsələ ilə əlaqəli hal şahidləri də mövcuddur. Maraqlı şəxsə müraciət etmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarına əsasən, tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməli olması ona bildirilmişdir. Mübahisənin başqa həlli mümkün olmadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında ərizəçinin nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi onun qayınatasıdır. Ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs, yəni X14 isə baldızı Mahirənin oğludur. O, 2015-ci il tarixdə ailəsi ilə birlikdə yaşamaq üçün İraq Respublikasına getmiş, 2016-cı il tarixdə isə Xudaverdiyev Cavidlə ailə həyatı qurmuşdur. Cavidin bacısı Mahirəgil onlarla yaxınlıqda yaşamışlar. 2017-ci il tarixdə döyüşlər başlamış, yaşadıqları İraq Respublikasının Telafer kəndindən başqa, adını xatırlamadığı kəndə köçürülmüşlər. Elə həmin ilin avqust ayının 28-də “peşmərgə” (deməsinə görə kürd ordusu bu cür adlanır) silahlı birləşməsinə təslim olmaq qərarına gəlmişlər. Çünki, həmin silahlı birləşmə tərəfindən bildirilmişdir ki, təslim olan şəxslər Türkiyə Respublikasına keçid edəcəklər. Bir gün əvvəl, yəni avqust ayının 27-də yoldaşı Cavid vəfat etmişdir. Avqust ayının 28-də isə Mahirənin oğlunu, yəni Yusifi sonuncu dəfə səhər saatlarında görmüş, təslim olmağa gedən zaman isə Yusifi tapmamışlar. Hesab etmişlər ki, yəqin Yusif də ölmüşdür. Silahlı birləşməyə təslim olan zaman özbək əsilli bir qadın belinə bağladığı kəmərdə gizlətdiyi bombanı partlatmış, həm dinc əhaliyə, həm də silahlı birləşmənin əsgərlərinə zərər vurulmuşdur. Kifayət qədər ölən və yaralanan olduğu üçün silahlı birləşmə Türkiyə Respublikasına keçidlə bağlı anlaşmanı ləğv etmişdir. Bundan sonra, silahlı birləşmə tərəfindən orada olan təxminən 40-42 sayda kişi güllələnmiş, Yusif də həmin güllələnən şəxslərin arasında olmuşdur. Yusifin öldürülən zaman təxminən 20 yaşı olardı. Elə həmin anda Yusifin anası Mahirənin də ürəyi partlamış və yerindəcə ölmüşdür. Tarixləri dəqiq xatırlamasının səbəbi məhz həmin anda üzərində mobil telefonun olmasıdır. Daha sonra, qadınları və uşaqları həbsxanaya aparmışlar. Təxminən 5 il müddətində həbsxanada qalmış və 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, ərizəçi onun babasıdır. Ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə onun doğma qardaşıdır. Qardaşı Yusif 2017-ci ilin avqust ayının 28-də İraq Respublikasında “peşmərgə” silahlı qruplaşması tərəfindən öldürülmüşdür. Belə ki, ailəsi ilə birlikdə İraq Respublikasında olarkən “peşmərgə” silahlı qruplaşmasının yerləşdiyi sərhəddən Türkiyə Respublikasına keçid üçün həmin silahlı qruplaşmanın üzvlərinə pul vəsaiti verilmiş və bunun müqabilində onların keçidinə icazə verilmişdir. Lakin, həmin vaxt özbək əsilli bir qadın özünü partlatmış və silahlı birləşmə razılaşmanı ləğv etmişdir. Razılaşmanın ləğvinə görə kişilər qrupdan ayrılmış və ailə üzvlərinin gözləri qarşısında qətlə yetirilmişdir. Onu həmin vaxt digər şahidin anası “Rəfiqə” adlı şəxs öz ətəyinin altında gizlətmiş və ölümdən xilas etmişdir. Həmin vaxt onun 11 yaşı olmuşdur. Qardaşı da güllələnən kişilərin arasında olmuş, bunu görən anasının da ürəyi partlamışdır. Həm anası, həm də qardaşı eyni gündə, yəni 28 avqust 2017-ci il tarixdə öldürülmüşlər. Bu tarix onun yaddaşında həkk olunduğu üçün səhv etməsi mümkün deyil. Daha sonra, o, həbsxanaya aparılmış və 2019-cu ilin dekabr ayının 7-dək orada saxlanılmışdır. Həmin tarixdən sonra isə Azərbaycan Respublikasına qayıda bilmişdir. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1997-ci il tarixli, XXİ-JQ seriyalı, 262104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 (atası X15, anası X6) xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə ünvanlanmış 3-16-5/7-10-2644/25 nömrəli cavab məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X8 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1777/2025 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 694/2024 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2966/2023 nömrəli qətnaməsinin – X1 ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi hissəsində dəyişdirilməsi, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin faktiki halları Ərizəçi mərhum nəvəsi xx.xx.1997-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nəvəsinin ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi ərizəni müdafiə etmiş və ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxsin, yəni xx.xx.1997-ci il təvəllüdlü X8 ölüm tarixinin texniki yanlışlıq nəticəsində xx.xx.2017-ci il qeyd edildiyini bildirmiş, qeyd edilən hadisənin xx.xx.2017-ci il tarixdə baş verdiyini qeyd etmiş, şahidlər isə ərizəçinin nümayəndəsinin izahatında qeyd etdiklərini təsdiq etmişdirlər. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi
Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən xx.xx.1997-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü X8 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi nəvəsinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi nəvəsinin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi ərizəni müdafiə etmiş və ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxsin, yəni xx.xx.1997-ci il təvəllüdlü X8 ölüm tarixinin texniki yanlışlıq nəticəsində xx.xx.2017-ci il qeyd edildiyini bildirmiş, həmin hadisənin xx.xx.2017-ci il tarixdə baş verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizəçinin nümayəndəsinin izahatında qeyd edilənləri təsdiq etmişdirlər. Göründüyü kimi ərizəçinin nəvəsi xx.xx.1997-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.