Məhkəmə qərarları › İş №2(010)-5735/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5735/2025

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5735/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,anası X9 onunla birlikdə Suraxanı rayon X17 42 ünvanında yaşamışlar. Uzun sürən xəstəliklə əlaqədar müalicə olmağına baxmayaraq, səhətində problem olduğu üçün 8 mart 2010-cu ildə təcili yardıma iki və daha artıq zəng etmişlər. Təcili yardım gəlmiş və anası xəstəlikdən rəhmətə getdiyi üçün həkim arayış vermişdir. Ailəsi ilə birgə savadsız olduğu üçün, dəfnlə məşğul olduqları üçün və kimsə başa salmadığı üçün ölüm haqqında şəhadətnamə almaq üçün sənədlər toplaya bilməmişlər. Lazım olan qaydada el adəti üzrə anasını dəfn etmişlər. Qeydiyyat şöbəsinə, təcili yardıma dəfələrlə müracət etmişdir. Qeydiyyat şöbəsindən ona imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarına əsasən tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunacağı bildirilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçinin xalası oğludur. Ərizəçinin anası Zöhrə xanım evdə xəstəlikdən vəfat etmişdir. Dəfn mərasimində özü iştirak etməmiş, lakin qardaşı və digər qohumları iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur və bir yerdə işləmişdirlər. Ərizəçinin anası təxminən 15-16 il bundan əvvəl xəstəlikdən vəfat etmişdir. Bakıda olmadığı üçün dəfndə iştirak edə bilməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar İİ-JQ seriyalı, 349509 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1925-ci il təvəllüdlü X8 ilə xx.xx.1947-ci il təvəllüdlü X9 xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. AZ-İİ seriyalı, 766142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X8, anası X9) xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdirilmiş qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyindən X6 ölümünün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. AR Lerik Rayon İcra Hakimiyyəti Başçısının Şingədulan kənd ərazi icra nümayəndəliyinin ərizəçiyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X9 2010-cu ildə Lerik rayon Şingədulan kənd inzibati ərazi dairəsinin Zenonu kəndində dəfn olunmuşdur. AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Respublika Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18- 1-88/2-5577/2025 nömrəli məktubundan görünür ki, AR Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X9 adına 2010-cu ilin mart ayının 8-də “Respublika Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olması barədə məlumat verilə bilmir. Bir ədəd fotoşəkildən görünür ki, qəbirin üzərində “X2 1947 – 08 İİİ 2010” yazısı qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası X4 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı xx.xx.1947-ci ildə doğulmuş X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1947-ci il tarixdə doğulmuş X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə doğulmuş X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar