Məhkəmə qərarları › İş №2(010)-5772/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5772/2024

05.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5772/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən aralarında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış hər ayın 15-dən 29-na kimi 300 manat aliment ödənilməsi barədə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinə əsasən maraqlı şəxs bir uşağa görə 150 manat, ümumilikdə isə iki uşağa görə 300 manat aliment ödəməyə razılıq vermiş, həmin alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, barışıq sazişi üzrə avqust ayından sonra altı dəfə müxtəlif vaxtlarda 50 manat, bir dəfə 40 manat, bir dəfə 30 manat ödəniş etmiş, digər aylar üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək sazişin tələblərini pozmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00046 saylı barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1.1. Tərəflər Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış 1558 №-li nikahın pozulmasına razıdırlar. 1.2. Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. 1.3. Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 150 manat, ümumilikdə iki uşağa görə 300 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq, hər ayın 15-dən 29-dək uşağın anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öhdəsinə götürür”.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 2873 nömrə ilə qeyd edilmişdir.

7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 3210 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

8. Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişlə tərəflər aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların hansı valideynin yanında qalması, uşaqların saxlanılması üçün digər valideyndən aliment tutulması kimi məsələlərlə bağlı qarşılıqlı razılığa gəlmişlər.

9. Sazişin 1.3-cü bəndinə əsasən, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürmüşdür. Tətbiq edilən hüquq.

10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

12. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

13. Yuxarıda (§ 10) istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

14. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2024-cü il tarixdə bağlandığı nəzərə alınsa, könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi barışıq sazişinin məcburi icrası üçün sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

15. Lakin ərizənin xahiş hissəsindən görünür ki, Ərizəçi sazişin yalnız 1.3-cü bəndinin məcburi icra edilməsini xahiş etmişdir. Hansı ki, həmin bəndə əsasən, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürmüşdür.

16. Məhkəmə araşdırması nəticəsində sazişin bu bəndinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin bu bəndi qanuna zidd deyil.

17. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi şərtini imzalamışlar. Buna baxmayaraq, həmin şərt maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin həmin şərtinin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin sözügedən bəndinin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən həmin bənd təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

18. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1.3-cü bəndi təsdiq edilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

20. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: 1.3. Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 150 manat, ümumilikdə iki uşağa görə (xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4) 300 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq, hər ayın 15-dən 29-dək uşağın anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öhdəsinə götürür. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar