Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5779/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X5 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2001-ci ildə isə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. O və qohumları oğlunu yaxınlıqdakı Qaraçuxur qəsəbə məzarlığında dəfn etmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, həyat yoldaşının vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona oğlunun ölüm haqqında şəhadətnaməsi lazımdır. O, oğluna ölüm şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdi. Lakin, müraciətimə cavab olaraq qeyd edilmişdir ki, “xx.xx.1981-ci ildə anadan olmuş X1 ölümü barəsində Suraxanı rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında ilkin akt qeydi kitabları 2001-2004-cü ilədək yoxlanılmışdır. Bərpa akt qeydi kitabları 2001-2004-cü ilədək yoxlanılmışdır.” Qeyd edir ki, oğlunun ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, övladı X5 24 il öncə rəhmətə getmişdir. Həmin vaxt stres keçirtdiyinə görə ölüm haqqında şəhadətnaməni almamışdır. Oğlunun ağ ciyər çatışmazlığı var idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 bildirmişdir ki, o, ərizəçinin gəlinidir. Onun mərhum qayını Novruzlu Turan 2001-ci ildə 21 yaşında rəhmətə getmişdi. Mərhumun ölüm səbəbi ağciyərinə su yığılması olmuşdur. Mərhum vəfat etmədən öncə 1 il xəstəxanada qalmışdı. Mərhumun dəfnində iştirak etmişdi. X12 qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, mərhum Novruzlu Turan onun bacısının oğludur. Mərhum təqribən 20 yaşında olarkən 4 dekabr 2001-ci ildə rəhmətə getmişdir. Ölüm səbəbi pnevmaniya olmuşdur. X12 qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. İş materialları. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1323- 05/70 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci ildə anadan olmuş X1 ölümü barəsində Suraxanı Rayon Qeydiyyat Şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydi kitabları 2001-2004-cü ilədək yoxlanılmışdır. Bərpa akt qeydi kitabları 2001-2004-cü ilədək yoxlanılmışdır. Həmçinin, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat İnformasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “X10” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-11/2-N-31-249/2025 saylı cavab məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ünvanında yaşamış və iddiaya görə xx.xx.2001-ci il tarixində yaşadığı evdə vəfat etmiş X5 barədə mərkəzdə heç bir sənəd və ya qeyd mövcud deyildir. AR Bakı Şəhəri, Suraxanı Rayonu, Qaraçuxur Bələdiyyəsi tərəfindən tərtib olunmuş 582 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X5 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkil ilə müəyyən olunur ki, qəbirstanlıqda dəfn olunmuş mərhumun qəbirüstü abidəsində X5 adı qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli, 3-38-33/2-4549/25 saylı cavab məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğu edilən xx.xx.1981-ci il təvəllüdlü X1 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Bakı şəhəri 1 saylı X6 tərəfindən verilmiş 430/2001 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, X5 xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 1 saylı X2 stasionar müalicə almış, ona hər iki ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X3 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi oğlu X1 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona X5 barəsində ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Həmçinin, məhkəmə tərəfindən göndərilən sorğulara əsasən, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş cavab məktublarından da görünür ki, X5 ilə bağlı müvafiq məlumat müəyyən edilməmiş və qeydə alınmamışdır. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X1 anasıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnaməni almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X1 vəfat etməsini təsdiqləmişdirlər. X1 xx.xx.2001-ci il tarixində vəfat etdiyi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olunduğu görünür. Ərizəçinin oğlu X1 xx.xx.2001-ci il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X1 xx.xx.2001-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X1 xx.xx.2001-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva