Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5796/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş qardaşı X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X11 xx.xx.2025-ci il tarixdə Ucar rayonunda, atası X18 isə xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişlər. O, qohumları birlikdə valideynlərini Türkan Sovxozu qəbiristanlığında dəfn etmişdir. Halhazırda valideynlərinin birgə nikahından dörd qız övladı, yəni bacıları X2, X3, X4, X8 və o doğulmuşdur. Həmçinin, valideynlərinin birgə nikahından xx.xx.1974-cü il tarixdə doğulmuş ilk övlad, yəni qardaşı X17 doğulduqdan təxminən beş ay sonra, yəni xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda vəfat etmişdir. Lakin, onun vəfat etməsi lazımı qaydada rəsmiləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Valideynləri həmin vaxt ərazi üzrə poliklinikaya müraciət etmədiyindən qardaşının adına hazırda ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Anası vəfat etdikdən sonra ona anasından miras əmlak qaldığından müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün, yəni vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədilə ona qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bununla bağlı 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə vərəsəlik işinin açılması üçün müraciət etsə də, ona hazırda elektron sistemdə qardaşı X12 yaşaması kimi göründüyü bildirilmişdir. Həmçinin, bacıları miras qalmış ev üzrə onlara çatası miras paydan onun xeyrinə imtina etmişlər. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Maraqlı şəxs ölən X7 ölümünün qeydə alınması haqqında müraciətinə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz”. Qardaşınının ölümü haqqında şəhadətnamənin verilməsindən Maraqlı şəxs tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qardaşının ölməsi faktını təsdiq edəcək sübutlarını ərizəyə əlavə edir. Eyni zamanda, qardaşının ölməsi faktını təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun qaynıdır. O, həmin evə 1979-cu il tarixdə gəlin etmişdir. O, həmin kənddə doğulmuşdur. Ölən uşaq qaynının qardaşı oğludur. Həmin uşaq 1974-cü il tarixdə anadan olmuş, həmin ilin dekabr ayında da rəhmətə getmişdir. Uşaq rəhmətə gedəndən sonra ailə qəbiristanlığında dəfn olunmuşdur. Hər dəfə həmin qəbiristanlığa gedən zaman uşağın məzarını da ziyarət edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən İbadov Vəkil Vəlikişi oğlu ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının oğludur. Qardaşının mərhum övladı 1974-cü il tarixdə anadan olmuşdur. Ailənin ilk nəvəsi həmin uşaq olmuşdur. Lakin, uşaq qızdırmadan dünyasını dəyişmişdir. Uşaq dünyasını dəyişdikdən sonra Göyçay rayonunda dəfn olunmuşdur. Onun anası və atası da həmin qəbiristanlıqda dəfn olunduğu üçün hər dəfə oraya gedən zaman mütləq məzarlara baş çəkir. Həmin qəbiristanlıq onların ailə qəbiristanlığıdır. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1973-cü il tarixli, AZ seriyalı, 227110 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 və X6 arasında xx.xx.1973-cü il tarixdə nikah bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra arvada Ehtibarova soyadı verilmişdir. xx.xx.1977-ci il tarixli, İV-JQ seriyalı, 337209 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X18, anası X11) xx.xx.1977ci il tarixdə Göyçay rayonunda doğulmuşdur. xx.xx.2003-cü il tarixli, AZ-İ seriyalı, 014620 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.2002-ci il tarixdə “kəskin ürək-damar çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 518625 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2025-ci il tarixdə “Dəqiqləşdirilməmiş kəskin miokard infarktı” səbəbindən Ucar rayonunda ölmüşdür. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən (AQİS) çıxarışdan müəyyən olunur ki, X17 xx.xx.1974-cü il tarixdə Göyçay rayonu, Bəydövül kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış 3-16-5/8-15- 849/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, akt qeydləri arxivində xx.xx.1974-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək yoxlama aparılarkən X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar edilmədiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən xx.xx.1974-cü il təvəllüdlü X7 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən üzərində “mərhum X17, xx.xx.1974 – xx.xx.1974” qeyd edilmiş məzar və baş daşı aşkar olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Ərizəçi mərhum qardaşı xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin qardaşının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi
Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qardaşı xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X7 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qardaşının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.