Məhkəmə qərarları › İş №2(010)-5861/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5861/2021

16.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5861/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən cavabdehdən ona məxsus olan bir ədəd “Samsung” markalı televizorun və briliant qaşlı ağ qızıl boyunbağı, sırğa və üzük dəstinin naturada qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Cavabdehin oğlu X5 ilə nikahları pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Ona məxsus olan bir ədəd “Samsung” markalı televizor (600 manat) və bir ədəd briliant qaşlı ağ boyunbağı, sep, üzük (2500 manat) dəsti cavabdehdə olmuşdur. Cavabdeh ona məxsus olan televizoru sındırmış, qızıl-zinət əşyalarını isə satdığı üçün onda olmadığını bildirmişdir. Bundan başqa, 11 may 2021-ci il tarixli akt tərtib olunmuş, cavabdeh bildirmişdir ki, 2-3 ay ərzində Samsung markalı televizoru təmir etdirəcək, qızıl-zinət əşyalarını isə alıb ona qaytaracaqdır. 5 aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh hələ də nə televizoru təmir etdirib verməmiş, nə də qızıl-zinət əşyalarını alıb qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, toy vaxtı ona hədiyyə olunan qızıllardan briliant qaşlı ağ qızıl boyunbağı, sırğa və üzük dəsti ona qaytarılmamışdır. Bu qızılların qiymətinin 2500 manat olduğunu ona keçmiş əri X5 bildirmişdir. Cavabdeh da akta qol çəkərək bunu qəbul etmiş, akt imzalanan vaxt qızılları qaytaracağını bildirmişdir. Eyni zamanda, gəlin köçərkən cehiz kimi gətirdiyi 600 manat qiyməti olan televizor da cavabdehin evində qalmış, cavabdeh televizorun qırıldığını və düzəltidirib verəcəyini bildirmişdir. Lakin cavabdeh nə qızılları, nə də televizoru qaytarmamışdır. Belə olan halda o da məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, sözügedən qızıl-zinət əşyalarının və televizorun mövcudluğunu cavabdehin özü də qəbul edir. Belə ki, Cavabdeh bu barədə akta imza edərək həm qızılların mövcudluğunu, həm də qiymətinin 2500 manat məbləğində olduğunu qəbul etmişdir. Eyni zamanda, bu aktdan görünür ki, cavabdeh televizorun da evində olduğunu, lakin sındığını bildirmiş, televizoru düzəltdirib geri qaytaracağını bildirmişdir. Bu səbəbdən televizorun qiymətinin aktda göstərilməsi zəruri bilinməmişdir. Beləliklə, iş materialları ilə tam sübut edilir ki, iddiaçıya məxsus olmuş bu əşyalar hazırda cavabdehin qanunsuz sahibliyindədir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, tələb edilən qızıllar hələ iddiaçı və oğlunun nikahda olduqları dövrdə birlikdə kirayə yaşadıqları evin yığılmış kirayə borcunu ödəmək üçün lombarda qoyulmuşdur. Bu qızılların qiyməti isə 2500 manat yox, 1600 manat olmuşdur. Televizora gəldikdə isə iddiaçı tərəfindən cehiz gətirilmiş bu televizor tərəflər ailəli olduqları dövrdə sınmış, iddiaçı da bundan məlumatlı olmuşdur. Həmçinin, bu televizorun qiyməti təxminən 400 manat olmuşdur. İş materiallarında olan akta qol çəkməsinin səbəbi isə o olmuşdur ki, iddiaçının vəkili və qohumları bu akt tərtib edilən zaman onu inandırmışlar ki, bu akt sadəcə formal əhəmiyyət daşıyır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Onlar iddiaçının oğlu ilə yenidən barışa biləcəyini, məsələni böyütməməyi ona deyib ona təzyiq göstərmişlər. O da nəticədə akta qol çəkmişdir. Hər bir halda qızılların və televizorun iddiaçıya məxsus olmasını nəzərə alaraq, onların pulunu hər ay 20 manat olmaqla hissə-hissə qaytarmağa etiraz etmir. Odur ki, qeyd etdiklərini nəzərə almaqla, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X1, X3 və Cavabdeh tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli Aktda qeyd edilmişdir ki: “Biz, aşağıda imza edənlər X1, X3 və Cavabdeh bildiririk ki, İddiaçı məxsus olan cehiz əşyalarını, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi, ev 4042/60, ev 3, mənzil 130-dan köçürülməsində iştirak etdik. Əşyalardan yalnız “Samsung” markalı televizor sınıq vəziyyətdə olduğu üçün Cavabdeh tərəfindən təmir etdiriləcək. İddiaçı məxsus qızıl boyunbağı, sırğa və üzük X5 tərəfindən götürüldüyü üçün (2500 manat dəyərində olduğu bildirilir) Cavabdeh tərəfindən alındığı bildirilir və 2-3 ay müddətinə həmin qızıl alınıb veriləcək, ya da dəyəri İddiaçı ödəniləcək. Aktın məzmunu ilə tanış olduq, məzmunu ilə tam razıyıq. Televizor təmir olunmasa Cavabdeh yenisini alacaq”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh oğlu X5 arasında nikah bağlanmışdır. Bu münasibətlə İddiaçı cavabdeh və ailəsi tərəfindən bir sıra qızıl-zinət əşyaları hədiyyə edilmiş, iddiaçı özü ilə birlikdə cehiz əşyalarını da alaraq cavabdehin evinə yerləşmişdir. Lakin tərəflər arasında olan nikah pozulmuş, bundan sonra iddiaçı cavabdehin oğlu və ailəsi ilə birlikdə yaşadığı mənzili tərk etmişdir. Hazırda isə ona hədiyyə edilən qızıl-zinət əşyalarının və cehiz kimi gətirdiyi bir ədəd televizorun cavabdehin qanunsuz sahibliyində olduğunu iddia edərək məhkəmədən həmin əşyaların naturada qaytarılmasını, yaxud onların dəyərinin ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünə məxsus olduğunun sübut edilməsidir. Eyni qayda tələb edilən televizora da aiddir. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən bu əşyaların həqiqətən ona məxsus olduğunu və cavabdehə məxsus evdə qaldığını təsdiq edən sübut kimi məhkəməyə 11.05.2021-ci il tarixdə tərtib edilmiş aktı təqdim etmişdir. Bu aktdan görünür ki, aktı imzalayan tərəflər (bu tərəflərdən biri Cavabdehdur) İddiaçı məxsus cehiz əşyalarının cavabdehə məxsus mənzildən çıxarılması prosesində iştirak etmiş və müəyyən etmişlər ki, İddiaçı tərəfindən cehiz gətirilmiş “Samsung” markalı bir ədəd televizor sınıq vəziyyətdədir. Cavabdeh isə bu televizoru təmir etdirib iddiaçıya təhvil verməyi, bu mümkün olmadıqda isə yenisi ilə əvəzləməyi öhdəsinə götürmüşdür. Qızıl-zinət əşyalarına gəldikdə isə aktı tərtib edən tərəflər müəyyən etmişlər ki, İddiaçı məxsus bir ədəd qızıl boyunbağı, sırğa və üzük (cəmi dəyəri 2500 manat) mənzildə yoxdur. Aktda qeyd edilmişdir ki, Cavabdeh 2-3 ay müddətində ya qızılların, ya da qızılların cəmi dəyərinin iddiaçıya veriləcəyini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh aktın tərtibində iştirak etdiyini və aktı imzaladığını qəbul etsə də aktı təzyiq altında imzaladığını bildirmişdir. Belə ki, o, iddiaçının ailə üzvləri və vəkilinin ona bu aktın formal olaraq tərtib edildiyini, heç bir əhəmiyyət daşımadığını bildirdiklərini, aktı imzalaması üçün ona təzyiq göstərildiyini iddia etmişdir. Bundan əlavə, Cavabdeh İddiaçı qızıl-zinət əşyaları alındığını, lakin bu qızılların cəmi dəyərinin 1600 manat olduğunu bildirmişdir. Əlavə etmişdir ki, qızıllar hələ iddiaçı oğlu ilə ailəli olduğu müddətdə evin kirayə borcunun ödənilməsi üçün lombarda qoyulmuşdur. Televizor isə nikah dövründə sınmış, tam yararsız hala düşmüşdür. Məhkəmə ilk növbədə, qızıl-zinət əşyalarının hələ tərəflərin nikahı dövründə yığılmış kirayə borclarının ödənilməsi üçün lombarda qoyulduğunu iddia edən cavabdehin nəzərinə çatdırır ki, yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını, yaxud birgə nikah dövründə ailənin ortaq ehtiyacları (yığılmış kirayə borcunu ödəmək) üçün satılaraq xərclənməsini sübut etmək vəzifəsi istənilən halda cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh bu halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız bu barədə şifahi izahatla kifayətlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yalnız cavabdehin heç bir mötəbər sübutla təsdiq edilməmiş izahatı əsasında onun qeyd etdiklərini işin həqiqi halı hesab etmək mümkün deyil. Təqdim edilmiş sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, həm yuxarıda istinad edilmiş akta, həm də cavabdehin izahatına əsasən, qeyd edilən qızıl zinət əşyaları həqiqətən iddiaçıya hədiyyə edilmiş, televizor isə iddiaçı tərəfindən cehiz kimi gətirilmişdir. Bu cür nəticəyə gələrkən məhkəmə onu nəzərə alır ki, Cavabdeh iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu və ona hədiyyə edildiyini inkar etmir. O, sadəcə olaraq, qızılların qiyməti ilə razı deyil. Eyni qaydada, o, televizorun da həqiqətən cehiz gətirildiyini və birgə yaşayış dövründə sındığını qəbul edir, lakin televizorun qiyməti ilə razı deyil. Cavabdeh bu aktı təzyiq altında imzalamasına gəldikdə isə məhkəmə cavabdehin bu hissədə verdiyi izahatı inandırıcı hesab etmir. Belə ki, bu akt cavabdehin yaşadığı evdə tərtib olunmuşdur. Bu isə o deməkdir ki, əgər bu akt cavabdehin iddia etdiyi kimi təzyiq altında imzalanıbsa, iddiaçının ailə üzvləri cavabdehin evinə gəlib ona təzyiq göstərmişlər. Cavabdeh nəzərə almalıdır ki, əgər bunu iddia edirsə, sübut etməlidir. Məsələn, bu “təzyiq”lə bağlı polisə müraciət etməsi, yaxud “təzyiq”ə şahid olan qonşuların şahid kimi ifadəsi və s. kimi sübutlar məhkəməyə təqdim edilə bilərdi. Lakin cavabdeh yalnız ona təzyiq göstərildiyini iddia etməklə kifayətlənmişdir. Digər tərəfdən, cavabdeh bu “təzyiq”i onunla əsaslandırmışdır ki, iddiaçının ailə üzvləri onu inandırmışlar ki, bu akt formaldır və heç bir əhəmiyyəti yoxdur. Cavabdeh hesab edir ki, bununla da ona təzyiq göstərilmişdir. Məhkəmə isə bununla razılaşmır və hesab edir ki, bu qeyd edilənlər heç bir halda aktın imzalanması üçün təzyiq hesab edilə bilməz, çünki burada hər hansı hədə-qorxu, şantaj əlaməti yoxdur. Cavabdehin qeyd etdikləri ancaq aktın mətni barədə yanılma, aldadılma hesab edilə bilər ki, artıq yuxarıda qeyd edildiyi kimi bunu sübut etmək hər bir halda cavabdehin üzərinə düşür. Belə olan halda məhkəmə təqdim edilmiş aktı iş üzrə mötəbər sübut kimi qəbul edir və hesab edir ki, aktda göstərilmiş, eyni zamanda iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları, yaxud onların dəyəri olan 2500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Eyni əsaslarla, məhkəmə aktda qeyd edilən və cavabdehin cehiz gətirildiyini qəbul etdiyi televizorun da cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlir. Lakin məhkəmə televizorun qiyməti ilə bağlı iddia ərizəsində qeyd edilən 600 manat məbləğlə razılaşmır. Belə ki, iddiaçı tərəfindən televizorun həqiqətən 600 manata olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Sözügedən aktda da televizorun qiyməti barədə heç bir qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə televizorun qiymətinin 400 manat olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, televizorun qiyməti cavabdehin etiraf etdiyi məbləğə uyğun olaraq, 400 manat müəyyən edilməlidir. Bununla belə iddia tələbində televizorun qiyməti ilə bağlı heç bir məbləğ müəyyən edilmədiyindən iddia tam təmin edilmiş hesab edilməlidir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Oxşar normalar Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh bir ədəd brilliant qaşlı ağ qızıl boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl dəsti, qızılların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 2500 (iki beş yüz) manat məbləğində pul və bir ədəd “Samsung” markalı televizor, televizorun naturada qaytarılması mümkün olmadıqda isə onun dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh bir ədəd brilliant qaşlı ağ qızıl boyunbağı, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl dəsti, qızılların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 2500 (iki min beş yüz) manat məbləğində pul və bir ədəd “Samsung” markalı televizor, televizorun naturada qaytarılması mümkün olmadıqda isə onun dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar