Məhkəmə qərarları › İş №2(010)-60/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-60/2024

29.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-60/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, İddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilmiş qarajın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus olan sahəsi 32 m2 olan qarajdan maneəsiz istifadəsinin məhdudlaşdırılması ilə bağlı Cavabdeh Hacıbala oğlunun hərəkətlərinin qanunsuz hesab edilməsi, ona sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması və ona məxsus mənzilin qarşısında özbaşına aparılmış tikilinin sökülməsi. İlkin iddia tələbinin dəlilləri ünvan 2 ünvanında yerləşən mənzil həyat yoldaşı X1 xüsusi mülkiyyətindədir, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özü pilot vəzifəsində işləyərək cəmiyyətə faydalı olmağa çalışır. Avtomaşını olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61 q saylı binanın həyətində yerləşən qaraj (8x4=32m2) təklif olunduğundan həmin qarajı yerli Bələdiyyə orqanında rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir. Həmin ünvanda yaşadığı dövr ərzində mülkiyyətində olan qarajdan təyinatı üzrə, yəni şəxsi avtomobilini saxlamaq məqsədilə istifadə etmişdir. Lakin baxmayaraq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları mülkiyyət hüquqları ilə bağlı ölkə vətəndaşlarının maraqlarının qorunmasına xüsüsi önəm verir, habelə mülkiyyət hüquqlarının müdafiəsi hüquqlar sırasında fundamental yer tutur və onun müdafiəsinə dövlət təminat verir, cavabdeh olan qonşusı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 61 a, mənzil 27-də yaşayan Cavabdeh onun mülkiyyət, sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur, guya qarajın əvvəllər onlara məxsus olduğunu bildirir. Cavabdehi qanun-qaydaya riayət etməyə dəvət etsə də, cavabdeh özünün özbaşınalıq hərəkətlərinə son qoymur, mütəmadi xoşagəlməz söz-söhbətlərə, münaqişəyə təhrik edir. Bununla bağlı qarajın özündən əvvəlki sahibi olan Nazim Məmmədova mövcud vəziyyəti və iradlarını bildirsə də, sonuncu ona bildirmişdir ki, cavabdehin bu qaraja heç bir hüquqları yoxdur, cavabdeh əvvəllər də ona qarşı bu cür qanunsuz əməllərə yol vermişdir, onun bu kimi hərəkətləri ilə bağlı müvafiq dövlət orqanlarına şikayətlər etmiş, bunun nəticəsində cavabdeh nizam-intizama dəvət edilmiş və sonuncu bir daha bu hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Hətta cavabdeh öz mənzilinin qarşısında qanunsuz tikinti işləri aparmış, həmin binada yaşayan sakinlərin gediş-gəlişini məhdudlaşdırmış, qaz təsərrüfatına məxsus yerli qaz borusunda təhlükəli bir vəziyyət belə yaranmışdır ki, bu da ətrafda yaşayan vətəndaşların həyat və sağlamlığını təhlükə qarşısında qoyur. Cavabdehin qanunsuz hərəkətləri əsasən özünə məxsus olan avtomoblinin qarajın girişçıxış qapısının önündə saxlamasında ifadə olunur. Cavabdehin qanunsuz artırması, özbaşına tikintisi, habelə onun avtomobilinin qarajının qarşısında saxlaması ona məxsus olan qaraja avtomobilinin daxil olmasına mane olduğundan Cavabdeh dəfələrlə öz iradını bildirmişdir. Buna baxmayaraq, Cavabdeh özünə məxsus olan avtomobili qarajın önündə saxlamağa davam edir, özbaşına tikintini sökməkdən imtina edir, bununla da sakinlərin həyat və sağlamlığını, habelə öz əmlakından maneəsiz istifadəni məhdudlaşdırır. Hesab edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikili özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı iddia tələbinə də məhz bu aspektdən yanaşılmalı, qanunsuz olub-olmaması, həmin tikilinin başqa şəxslərin hüquq və mənafelərini pozub-pozmaması, yenidənqurma işlərinin qanunsuz olub-olmaması faktları müəyyən edilməlidir. Hesab edir ki, özbaşına tikinti-quraşdırma işləri aparmaqla, habelə qarajının giriş-çıxışının qarşısında şəxsi avtomobilini saxlamaqla əmlakdan maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı Cavabdeh hərəkətləri qanunsuz hesab edilməli, ona sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsi qadağan olunmalı və özbaşına aparılmış tikinti-quraşdırma işləri sökülməlidir. Qarşılıqlı iddia tələbi X5 iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsindəki 61A saylı evin qarşısında yerləşən və mülkiyyət hüququna dair heç bir sənəd olmadığı səbəbindən qarajın İddiaçı hesabına sökülməsi. Qarşılıqlı iddia tələbinin dəlilləri İddiaçı təqdim etdiyi “sənədlər”lə bağlı aşağıdakıları söyləmək mümkündür: Məhkəməyə təqdim edilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış İddiaçı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən mənzilinə aiddir və bu sənədin tərəflərin mübahisəsinə heç bir dəxli yoxdur. Ə.Hüseynovun çıxarışı və bələdiyyənin vicdanlı vergi ödəyicisi olduğu arayışı məhkəməyə təqdim etməklə “sənədlərim qaydasındadır” görüntüsü yaratmaq cəhdi məhkəməni aldatmaqdan başqa bir şey deyildir. Məhkəməyə təqdim edilmiş mücərrəd adlı “Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nın “torpaq sahəsinin planı üzrə eksplikasiya”sı isə tamamilə saxta və iddia ərizəsi məhkəməyə təqdim edilməsi üçün tələsik və hansısa yollarla bələdiyyədən alınmış kağız parçası olduğu üçün onun heç bir hüquqi qüvvəsi yoxdur. “Sənəd”dən görünür ki: Azərbaycan Respublkası Prezidentinin müvafiq sərəncamına əsasən, 2007-ci ildən etibarən bələdiyyəyə aid torpaq sahələri açıq hərrac (müsabiqə) yolu ilə vətəndaşlara verilməli olduğu halda bələdiyyə sədri N.M.Həsənov tərəfindən qanunvericiliyin tələbləri kobudcasına pozularaq heç bir açıq hərrac (müsabiqə) keçirilmədən həmin qaraja aidiyyatı olmayan bir şəxsə etibarlılığı tamamilə şübhəli olan sənədlər verilmişdir; bələdiyyə sənədində onun verildiyi tarix göstərilməmişdir, çox güman ki, qəbul olunmuş “ənənəyə” görə, məhkəmə çəkişməsi bitdikdən sonra ona tarix qoyulmasına dair razılıq əldə edilmişdir; eksplikasiya Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən torpaq sahəsi üçün verilmişdir, mübahisəli qaraj isə N.Nərimanov küçəsində yerləşir; eksplikasiyada qarajın dəqiq ünvanı (sahənin nömrəsi) göstərilməyib, bu “sənəd”lə Səttar Bəhlulzadə küçəsində yerləşən istənilən torpaq sahəsinə iddia etmək mümkündür; “sənəd” 1 otaqlı 32,0 m2 bir torpaq sahəsi üçün verilib, onların mübahisələrinin predmeti isə qarajdır; həmin torpaq sahəsindəki tikilinin adı və təyinatı “həyətyanı sahə” kimi göstərilib, Ə.Həsənov isə həmin sənədin qaraja aid edildiyini iddia edir; “sənəd”in bələdiyyənin hansı tarixdə və hansı qərarına əsasən verildiyi qeyd edilməyib. Bülbülə bələdiyyəsinin sədri N.Həsənov tərəfindən verilimiş “torpaq sahəsinin planı üzrə eksplikasiya”ya əlavə edilmiş və dünya memarlıq sənətinin inciləri “sayıla bilən” “tikintinin baş planı” və “tikintinin və torpaq sahələrinin baş planı” kimi çox gurultulu səslənən “sənədlər” üzrə aşağıdakıları bildirmək olar: “sənədlər”in hansı təşkilat tərəfindən verildiyinə dair məlumat yoxdur (həmin məlumat “sənədlər”in ən yuxarısında göstərilməli idi); “sənədlər”in heç birinə möhür və ya ştempel vurulmayıb; “sənədlər”i tərtib edən mütəxəssis (memar) barədə heç bir məlumat yoxdur; “sənədlər”də heç bir ünvan göstərilməyib; “sənədlər”də qonşu torpaq sahələri göstərilməyib (ən azı sağ-solunda olan dövlətə məxsus elektrik lövhəsi və qazanxana göstərilməli idi). İddiaçı təqdim etdiyi “sənədlər” tamamilə saxtadır və qanunvericiliyin tələblərinin pozulması yolu ilə verilmişdir, bu səbəbdən də həmin sənədlər Azərbaycan Respublkası Milli X4 Komitəsinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə tərəfimizdən müvafiq açıqlamalarla təqdim ediləcəkdir. Bundan əlavə, ən maraqlısı isə odur ki, İddiaçı həmin binada bir gün də belə yaşamasa da və onunla cəmi bir dəfə görüşsə də, hüquqlarının onun tərəfindən pozulduğuna dair barəsində məkhəməyə iddia verməyə macal tapa bilmişdir. Bir gün də belə olsa mülkiyyətində olduğu mənzilində yaşamamış İddiaçı iddia ərizəsində ona yaşamağa maneçilik törətdiyini, hətta binanın zavallı sakinləri üçün çoxsaylı maneələr yaratdığını, illər öncədən özbaşına tikili inşa etdiyini və ümumiyyətlə, hamı üçün problemə çevrildiyini görəsən yuxusundamı görmüşdür, yoxsa bu da hörmətli vəkilin “sübutların bərkidilməsi üçün” etdiyi canfəşallığın nəticəsidir? İddiaçı onun qaz təsərrüfatına aid olan borunun guya yerini özbaşına dəyişdirdiyini yazır, halbuki belə “özbaşınalığa” görə “Azəriqaz” İB istənilən şəxsi ən azı çox böyük məbləğdə cərimə edə və inzibati, ağırlaşdırıcı hallarda isə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Deməli, İddiaçı və komandası bu əsassız böhtanları məhkəməyə “sırımaqla” onun az qala cinayətkarlar qədər təhlükəli olduğunu göstərməyə çalışırlar. İddiaçı və N.Məmmədovdan fərqli olaraq, o, əvvəllər qarajın yeri də daxil olmaqla binasının qarşısında bağça salmış, aqlay daşlardan üzlük çəkilməklə pilləkan tikmişdir ki, bina sakinləri və digər şəxslər ondan rahat istifadə edə bilsinlər, dincəlmək üçün yeri betonlamışdır. Oraya stol-stul qoymuş, bulaq tikmiş, oraya su içmək və əlüzlərini yumaq üçün 2 fərqli mənbədən kranlar qoymuş, ağaclar və güllər əkmiş, öz hesabına 40 metr uzunluğunda şlanq almış və yaşıllığa daim qulluq edir, evinin arxasında gediş-gəliş yolu bərbad olduğundan orada da pilləkan tikmiş, bəs bu şəxslər nə edib? N.Məmmədov bütün həyatı boyu qonşulardan rəsmi orqanlara şikayət etməklə “ərizəbaz” həyatı sürüb, onu özbaşına tikili inşa etməkdə ittiham etsə də, özü mənzilinin arxa tərəfindən 30-35 m2 sahədə qanunsuz olaraq balkon çıxarıb, İddiaçı isə binasında bir gün də yaşamasa da, N.Məmmədovun “şanlı” ənənəsini davam etdirməyə hazır olduğunu artıq məhkəmə qaydasında bəyan edə bilib. Həyətdə tikilmiş qarajın heç bir hüquq müəyyənedici sənədi yoxdur və ola da bilməz. Qarajın sağ və sol tərəfində dövlətə məxsus elektrik lövhəsi və qazanxana mövcuddur, hər iki obyekt yüksək təhlükə və risk mənbəyidir, binanın sakinlərinin yataq otaqları qaraja baxır və orada ərizəçilərin maşınları gurultu salanda və qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinləri narahat olurlar. Göstərilən səbəblərdən mübahisə obyekti olan qaraj sökülməli və onun torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. O, bildirdi ki, mübahisəli qaraj heç vaxt iddiaçının olmamış, həmin ərazi qonşuların ümumi istifadəsində olmuş, lakin sonradan iddiaçı tərəfindən başqalarının girişi qadağan edilməklə mənimsənilmişdir. O, özünün mənzilinə etdiyi artırılmanın qarşısında avtomobilini saxlayır, həmin sahə qarajın qarşısı olsa da, buna qadağa qoymağa iddiaçınının hüququ yoxdur. İş materialları xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61Q saylı binanın sakinləri: 1) 35-ci mənzildə yaşayan və qeydiyyatda olan X15; 2) 4-cü mənzildə yaşayan və qeydiyyatda olan X2; 3) 32-ci mənzildə yaşayan və qeydiyyatda olan X8; 4) 18-ci mənzildə yaşayan və qeydiyyatda olan X10; 5) -cü mənzildə yaşayan və qeydiyyatda olan X12; 6) -cı mənzildə yaşayan və qeydiyyatda olan X3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən də, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61Q saylı binanın 27 saylı mənzilində yaşayan və qeydiyyatda olan Cavabdeh ilə uzun illərdən bəri qonşudurlar və binanın həyətindəki qanunsuz inşa edilmiş qarajın binanın sakinlərinə maneçilik yaratdığını, həmin qarajın həyətdən çıxarılaraq qarajların yearləşdiyi sahədə inşa edilməli olduğunu, habelə Cavabdeh tərəfindən binanın həyətində hər hansı bir sahəni zəbt edilmədiyini və onun öz hesabına həyətdən yuxarı məhəllələrə gedən uçub-sökülmüş pilləkənlərin mişar daşları ilə yenidən bərpa etdiyini təsdiq edirlər. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasındakı nikah xx.xx.2010-cu ildə bağlanmışdır. Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Həbibov X7 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanı üzrə (YVÖK 19011xxxxxxx) uçota alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, ev 61q, mənzil 6 (yeni qaydalarla: AZ 1042, ünvan 4, 1-ci döngə, 123, M2, m1) xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 32,00 kv.m. sahədən ibarət olan qaraja dair idarənin arxivində hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsində 32,0 kv.m. ölçüdə daş qaraj mövcuddur. Göstərilən 32,0 kv.m. qarajın yerləşmə koordinatları əlavə olunur: X 413992.578; 413989.135; 413993.204; 413996.648; Y 4476035.434; 4476037.469; 4476044.356; 4476042.321. Sözügedən iddia olunan tikili vahid elektron kadastr baza məlumatlarına əsasən qazanxana tikilisi olmuşdur. Bununla bağlı aidiyyatı ürə araşdırma aparılması məqsədəuyğundur. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsində 32.0 kv.m ölçüdə daş qaraj mövcuddur. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 32.0 kv.m ölçüdə qarajın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən, iddia olunan tikili vahid elektron baza məlumatlarına əsasən qazanxana tikilisi olmuşdur. Bununla bağlı aidiyyatı üzrə araşdırma aparılması məqsədəuyğundur. İşin faktiki halları İddiaçının arvadı X1 mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61 q saylı binanın həyətində qaraş inşa edilmişdir. İddiaçı qeyd edir ki, həmin qarajı yerli bələdiyyə orqanında rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir və bu əsasla özbaşına tikinti-quraşdırma işləri aparmaqla, habelə qarajının giriş-çıxışının qarşısında şəxsi avtomobilini saxlamaqla əmlakdan maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsini, ona sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunmasını və cavabdeh tərəfindən özbaşına aparılmış tikinti-quraşdırılma işlərinin sökülməsini istəyir. İlkin iddia üzrə Cavabdeh isə qeyd edir ki, iddiaçının belə bir iddia qaldırmağa hüququ yoxdur, belə ki, mübahisəli qaraj heç vaxt iddiaçının olmamış, həmin ərazi qonşuların ümumi istifadəsində olmuş, lakin sonradan iddiaçı tərəfindən başqalarının girişi qadağan edilməklə mənimsənilmişdir. O, özünün mənzilinə etdiyi artırılmanın qarşısında avtomobilini saxlayır, buna qadağa qoymağa isə iddiaçınının hüququ yoxdur. Qarşılıqlı iddiaçı mülkiyyət hüququna dair heç bir sənəd olmadığı səbəbindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsindəki 61A saylı evin qarşısında yerləşən qarajın İddiaçı hesabına sökülməsini istəyir. İddiasını isə onunla əsaslandırır ki, özünün yaşadığı mənzilin qarşısında etdiyi artırma əvvəllər də mövcud olmuş, lakın artıq yararsız olduğundan, o sadəcə yenidən inşa etmişdir. Qarşılıqlı iddiaçı hesab edir ki, hər iki obyekt yüksək təhlükə və risk mənbəyidir, binanın sakinlərinin yataq otaqları qaraja baxır və orada iddiaçının maşını gurultu salanda və qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinləri narahat olurlar. Göstərilən səbəblərdən mübahisə obyekti olan qaraj sökülməli və onun torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, ilkin iddiaçının arvadı X1 mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61 q saylı binanın həyətində qaraş inşa edilmişdir. İddiaçı qeyd edir ki, həmin qarajı yerli bələdiyyə orqanında rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir və bu əsasla özbaşına tikinti-quraşdırma işləri aparmaqla, habelə qarajının giriş-çıxışının qarşısında şəxsi avtomobilini saxlamaqla əmlakdan maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsini, ona sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunmasını və cavabdeh tərəfindən özbaşına aparılmış tikinti-quraşdırılma işlərinin sökülməsini istəyir. İlkin iddia üzrə Cavabdeh isə qeyd edir ki, iddiaçının belə bir iddia qaldırmağa hüququ yoxdur, belə ki, mübahisəli qaraj heç vaxt iddiaçının olmamış, həmin ərazi qonşuların ümumi istifadəsində olmuş, lakin sonradan iddiaçı tərəfindən başqalarının girişi qadağan edilməklə mənimsənilmişdir. O, özünün mənzilinə etdiyi artırılmanın qarşısında avtomobilini saxlayır, buna qadağa qoymağa isə iddiaçınının hüququ yoxdur. Qarşılıqlı iddiaçı mülkiyyət hüququna dair heç bir sənəd olmadığı səbəbindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsindəki 61A saylı evin qarşısında yerləşən qarajın İddiaçı hesabına sökülməsini istəyir. İddiasını isə onunla əsaslandırır ki, özünün yaşadığı mənzilin qarşısında etdiyi artırma əvvəllər də mövcud olmuş, lakın artıq yararsız olduğundan, o sadəcə yenidən inşa etmişdir. Qarşılıqlı iddiaçı hesab edir ki, hər iki obyekt yüksək təhlükə və risk mənbəyidir, binanın sakinlərinin yataq otaqları qaraja baxır və orada iddiaçının maşını gurultu salanda və qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinləri narahat olurlar. Göstərilən səbəblərdən mübahisə obyekti olan qaraj sökülməli və onun torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli qarajın yerləşdiyi koordinatlar üzrə torpaq sahəsi üzərində qazanxana dövlət reyestrində qeydiyyata alınmış, hər hansı bir qarajın dövlət qeydiyyatına alınması aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisəli qarajı yerli bələdiyyə orqanında rəsmiləşdirərək mülkiyyətinə keçirdiyini iddia etsə də, tərəfindən qeyd etdiklərini təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi İddiaçı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanı üzrə (YVÖK 19011xxxxxxx) uçota alınmasına dair şəhadətnamə və “Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nı təqdim etmişdir ki, bu sənəd qaraj üzərində hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Yuxarıda adı çəkilən normalardan göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarı, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Qarajın yerləşdiyi torpaq sahasəinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi və bələdiyyə ilə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur (bu sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır). Göründüyü kimi, ilkin iddiaçının mübahisəli qaraj üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Məhkəmə qeyd edir ki, yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, hazırkı işdə isə iddiaçı X5 mübahisəli qaraj üzərində hər hansı bir hüququnun olmadığı aşkardır. Belə olan halda məhkəmə iddia tələbinin bütün dəlillərinə qiymət verərək ilkin iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Qarşılıqlı iddiaya münasibətdə də məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 61Q, mənzil 27-də qeydiyyatda olmaqla yaşayır. Mübahisəli qarajın onun yaşadığı binanın qarşısında tikilməsi işin mübahisəsiz halıdır. Məhkəmə xatırladır ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi hər iki obyektin (qaraj və qazanxana) yüksək təhlükə və risk mənbəyi olmasını, binanın sakinlərinin yataq otaqlarının qaraja baxmasını və orada iddiaçının maşını gurultu salanda və qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinlərinin narahat olduqlarını göstərmişdir. İddia tələbinin əsaslarından hər iki obyektin (qaraj və qazanxana) yüksək təhlükə və risk mənbəyi olmasına gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı qarajın yerləşdiyi torpaq sahəsinin əvvəllər özü tərəfindən abadlaşdırıldığını, ümumi istifadə üçün tədbirlər görüldüyünü (əvvəllər qarajın yeri də daxil olmaqla binasının qarşısında bağça salmış, aqlay daşlardan üzlük çəkilməklə pilləkan tikmişdir ki, bina sakinləri və digər şəxslər ondan rahat istifadə edə bilsinlər, dincəlmək üçün yeri betonlamışdır. Oraya stol-stul qoymuş, bulaq tikmiş, oraya su içmək və əl-üzlərini yumaq üçün 2 fərqli mənbədən kranlar qoymuş, ağaclar və güllər əkmiş) vurğulamışdır. İddiaçı yüksək təhlükə və risk mənbəyi olduğunu hesab etdiyi halda, həmin ərazidə niyə bu cür tədbirlər görməsini əsaslandıra bilməmişdir. Digər əsasa - binanın sakinlərinin yataq otaqlarının qaraja baxmasına gəldikdə məhkəmə hesab edir ki, iddiaçı yalnız öz mənzilinin otaqlarının qaraja baxması əsası ilə məhkəmədə iddia qaldıra bilərdi. Qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinlərinin narahat olmalarına gəldikdə isə məhkəmə hesab edir ki, bu hal sözügedən qarajın sökülməsi üçün əsas ola bilməz, qarşılıqlı iddiaçı bununla bağlı qarşılıqlı iddia üzrə cavabdehin üzərinə sözügedən halların aradan qaldırılması (qarajın qapısının təmir edilməsi, dəyişdirilməsi və s.) öhdəliyinin qoyulmasını tələb edə bilərdi. İlkin iddiaçının maşınının gurultu salmağına gəldikdə isə məhkəmə hesab edir ki, bunun şəxsin qarajdan istifadə etməsinə heç bir aidiyyəti yoxdur, belə ki, qarajdan istifadə etmədən də avtomobili həyətdə idarə edərkən avtomobilin səsinin gəlməsi normal və qəbulediləndir. İlkin iddiaçının qarajdan istifadə edərkən səs-küy salmasına münasibətdə məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçı yaşadığı mənzilin qaraja baxan hissəsinin özü tərəfindən inşa edilmiş əlavə tikili olduğunu qəbul edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı qarşılıqlı cavabdeh tərəfindən qanuni mənafeyinin pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, ilkin iddia irəli sürüldükdən sonra qaldırılmış hazırki qarşılıqlı iddia yalnız ilkin iddiaya «cavab» xarakteri daşımışdır.

Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilmiş qarajın sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni həm ilkin həm də qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən hazırkı iddiların qaldırılması ilə əlaqədar iddiaçı və qarşılıqlı iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilmiş qarajın sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar